Əsas Səhifə > Şou-biznes > “Nazirlik mənimlə maraqlanmır, bilmirlər ki, ölmüşəm-qalmışam, belə haqsızlıq olar?”
“Nazirlik mənimlə maraqlanmır, bilmirlər ki, ölmüşəm-qalmışam, belə haqsızlıq olar?”18-02-2025, 19:02 |
![]() “Evdə yataq şəraitindəyəm, vəziyyətim o qədər də ürəkaçan deyil. Özəl xəstəxanada qalmaq havayı deyil ki, pulnandır. Ona görə gəldim evə. Həkimim də yanımdadır, gecə-gündüz onun nəzarətindəyəm. Sağolsun teatrımızın direktoru Əliqismət müəllim mənə zəng vurur, halımı soruşur. Nəyə ehtiyacım olub-olmadığını soruşur. Məni ruhlandırır, deyir ki, ayağa qalx, gəl yeni tamaşalarda yeni obrazları oyna. Mən ona çox minnətdaram. Xəstəxana xərclərimin ödənilməsində teatrımızın direktoru da təşəbbüs göstərib. Əliqismət müəllimi insan kimi ikinci dəfə kəşf etdim. Nə yaxşı ki, mənim teatrımın belə direktoru var” Bunu Moderator.az-a açıqlamasında xalq artisti Fatma Mahmudova deyib. O daha sonra Mədəniyyət Nazirliyinin diqqətsizliyindən şikayətlənib: “Xəzər tv-nin direktoru Murad Dadaşov, Kübra Əliyeva, Əkbər Əlizadə, Ələkbər Əliyev, Nahidə Orucova, aktyor Ənvər Məmmədov, aparıcı Lalə Azərtaş tez-tez zəng edib, hal-əhval tuturlar. Nahidə xanımla Ənvər evə də gəlmişdilər. Əməkdar artist Mətanət İsgəndərli də evimdə mənə baş çəkib. Mən onlara təşəkkür edirəm. Elməddin Cəfərov mənim nəinki serialda, həmçinin filmdə də oğlumdur. O da sağ olsun, diqqət göstərir. Bir sənətkara bundan artıq nə lazımdır ki? Gələnlər də sağ olsun, gəlməyənlər də. Məni üzən hal Mədəniyyət Nazirliyinin laqeyd münasibətidir. Bir dəfə nə zəng etdilər, nə də gəlib baş çəkdilər. Yəqin ki, cənab nazirin mənim vəziyyətimdən xəbəri yoxdur. Xəbəri olsaydı belə laqeyd yanaşmazdı. Çünki hər zaman mənim sənətimə və özümə həm dövlətim tərəfindən, həm də Mədəniyyət Nazirimiz tərəfindən qiymət verilib. Mənim kimi xəstə yatağında olan sənətkarlarla yaxından maraqlanmaq lazımdır. Bu vacibdir. Axı biz yaşlı nəsil sənətkarları bu xalqa və mədəniyyətə xidmət etmişik. Bu qədər haqsızlıq, ədalətsizlik olar? 3-5 il çalışana elə diqqət, qayğı göstərirlər ki, adam çaşıb qalır” deyə aktrisa bildirib. Qeyd edək ki, F.Mahmudova ötən il də insult keçirmişdi. Aktrisa uzun müalicədən sonra səhhətinin düzəldiyini demişdi. O, yanvarın 29-da yenidən insult keçirib və xəstəxanaya yerləşdirilib. Geri qayıt |