
Xəbər verdiyimiz kimi, Çeçenistan rəhbəri Ramzan Kadırov 2024-cü ilin dekabrında qəzaya uğrayan AZAL-a məxsus "Embraer E190" sərnişin təyyarəsinin ekipaj üzvlərini “Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə” medalları ilə təltif edib.
"DİA-AZ" xəbər verir ki, Trend-in Azərbaycan hökumətindəki mənbələrdən əldə etdiyi məlumata görə, Çeçenistan rəhbərliyinin ifadə etdiyi bu mövqe Azərbaycan tərəfindən məqbul hesab edilir.
Bildirilib ki, qəza baş verəndən sonra Çeçenistan rəhbərliyi tərəfindən bəzi şəxslərin təltif edilməsi Azərbaycan cəmiyyətində haqlı olaraq kəskin hiddət yaratmışdı. Ancaq aparılan araşdırmalar göstərdi və Azərbaycan tərəfində də dəqiq məlumat var ki, Çeçenistan rəhbərliyinin bu məsələlərdə günahı və rolu olmayıb. Bu hadisəni törədən Rusiya hərbçiləri olub.
“Azərbaycanda gec də olsa, bu məsələyə Çeçenistan tərəfindən münasibətin bildirilməsi məqbul hesab edilir”, - deyə mənbələrdən bildirilib.
Qeyd edək ki, 25 dekabr 2024-cü ildə Bakı-Qroznı reysini həyata keçirən AZAL-a məxsus təyyarə Qroznı səmasında Rusiyanın havadan müdafiə sisteminin ("Pantsir") hücumuna məruz qalıb və ciddi zədələnib. Qroznı və yaxın hava limanlarında enişinə izn verilmədiyindən təyyarə Qazaxıstana istiqamət alıb və Aktau yaxınlığında ciddi zədələnməsi səbəbindən qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i (o cümlədən 3 heyət üzvü) ölüb, 29 nəfər sağ qalıb.