Əsas Səhifə > Güney Press > Ermənistanı Maskın “Starlink”i də xilas etməyəcək
Ermənistanı Maskın “Starlink”i də xilas etməyəcək21-12-2024, 17:48 |
Azərbaycan Ermənistanla daha heç bir müharibədə maraqlı deyil. Bu barədə Prezident İlham Əliyev dekabrın 18-də rusiyalı tanınmış telejurnalist Dmitri Kiselyova müsahibəsində növbəti dəfə aydın şəkildə bildirdi. Çünki biz öz ərazi bütövlüyümüzü və suverenliyimizi artıq bərpa eləmişik. Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisinə girmək isə ağlımızdan da keçmir. Belə niyyətdə olsaydıq, bunu 44 günlük Vətən savaşı zamanı asanca edərdik. Amma kimə deyirsən... Xain xoflu olur axı. Bakının bunca xoşməramlı jestlərinə və mesajlarına, beynəlxalq hüquq əsasında sülh müqaviləsini tezləşdirmək çağırışlarına rəğmən və 4 ildir havadan asılı qalan barışıq əlimizi sıxmaq əvəzinə, erməni tərəfi inad göstərir, sülh demaqogiyasından imtina eləmir və hücum ordusu qurmaq üçün (bunu gizlətmirlər də) vaxtı uzadır. O zaman İlham Əliyevin xəbərdarlıq elədiyi kimi, bizdən inciməsinlər. Amma belə görünür ki, Ermənistanı sülhə gətirmək üçün 2025-də daha bir “dəmir qapaz”a ehtiyac yaranacaq. Bu, hansı formada olacaq, onu zaman göstərəcək. Proseslər deyəsən buna aparır. Zira dəfələrlə yazmışıq, yenə vurğulamaq zərurəti var ki, istənilən sülhün, - yarımçıq və ya bütöv, fərq eləməz, - alternativi müharibədir. Sülh sənədinin imzalanmaması o deməkdir ki, iki qonşu ölkə müharibə vəziyyətində qalmaqda davam edir... Ümid edək ki, gələn il üçün özünə rekord həddə (1.7 milyard dollar) hərbi büdcə müəyyən eləmiş Ermənistan faciəvi sonluqdan vaxtında yayına biləcək. Bilməsə, babalı öz boyunlarına. Hər halda, Azərbaycanın 2025-i il üçün hərbi xərcləri ondan 3 dəfə çox (5 milyard dollar) olacaq. Bu, revanşistlərə nəsə deməlidir. Bizimlə mənasız silahlanma yarışına girməyin altını müstəsna olaraq, Ermənistan və onun əhalisi çəkəcək. Az-çox ağlı və məntiqi yerində olan ermənilər bunu yaxşı fərqindədir. Onun da fərqindədirlər ki, Azərbaycan NATO üzvü Türkiyənin modelinə uyğun ordu quruculuğunu faktiki yekunlaşdırıb. Yəni budəfəki “dəmir yumruq” əvvəlkindən də ağrılı ola bilər. Qısacası, “X günü”ndə Ermənistanı əlimizdən heç kimin ala bilməyəcəyini gərək İrəvan rəsmiləri qulaqlarında “sırğa” eləsinlər. Və arada bir xəritəyə baxsınlar. Revanşist Ermənistanı heç İlon Maskın “Starlink” peyk sistemi də xilas etməyəcək... Əfsus ki, 2024-də də Ermənistan rəhbərliyindən konstruktiv mövqe görmədik. Sanki baş nazir Nikol Paşinyan Köçəryan-Sərkisyan dövrünün taktikasına qayıdıb, devirdiyi sələflərin səhvlərini təkrarlamaqla məşğuldur. Üzdə özünü dünyaya “sülh göyərçini” kimi sırımağa çalışsa da. Yoxsa yenə burdan-bura qıpqırmızı üzümüzə durub “Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası ilı bağlı heç bir müddəa yoxdur” söyləməzdi. Və ya onun belə bir fikri ki, “Azərbaycana torpaq iddiamız olsaydı, Qarabağdan köç edən ermənilərə qaçqın statusu verilməzdi, qaçqın statusu ərazi iddiasının olmadığının sübutudur, Qarabağ erməniləri Ermənistanın heç bir seçkilərində iştirak etməyib”. Xocalı hərbi caniləri Robert Köçəryan və Serj Sərkisyan da deyirdilər ki, konflikt Azərbaycana ərazi iddiasından doğmayıb, bu - “Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə” məsələsidir. Bəs Ermənistan vətəndaşlarının (çağırışçıların) işğal dövründə hərbi xidmətlərini sanki öz ölkəsinin ərazisi kimi Qarabağda keçməsi? Bunun adı nə imiş görəsən? 2-ci Qarabağ müharibəsində iştirak və fərarilik etmiş Ermənistan vətəndaşı olan yüzlərlə zabit-hərbçiyə Ermənistan məhkəmələrində yerli Cinayət Məcəlləsi əsasında kəsilən cəzalar necə olsun? Yaxud hər il separatçı-xunta rejiminin büdcəsinin Ermənistan büdcəsi hesabına formalaşdırılması faktı? Nəhayət, Qarabağ sakini, Köçəryanın Azərbaycan vətəndaşı ola-ola 1998-ci ildə Ermənistandakı prezident seçkisinə qatılması və 10 il (2008) ölkənin başında durması?! Bit daha yada salaq: o vaxt prezidentliyə namizəd kimi qeydə alınması üçün Köçəryan Ermənistan vətəndaşlığı daşımalı, azı 10 il orada yaşamalı idi. Təbii ki, o, bu şərtlərə uyğun gəlmirdi. Məhz onda Ermənistan Konstitusiya Məhkəməsi keçmiş Dağlıq Qarabağı Ermənistan ərazisi sayan Müstəqilik Aktını və indiki konstitusiyanı (preambula) əsas götürərək, Köçəryanın Qarabağda yaşadığı illəri Ermənistanda yaşayıbmış kimi şərh edərək, onu seçkiyə buraxmışdı. Peşəkar yalançıya çevrilmiş Paşinaynın buna nə sözü? Dil zinasından imtina zamanı, tövbə zamanı çatmadımı? Bütün hallarda “hərb, yoxsa sülh” oyununa yeni ildə son qoymaq lazım gələcək. Necə? Bu, artıq İrəvanın seçimidir... musavat.com Geri qayıt |