Əsas Səhifə > Güney Press > Üçtərəfli görüşdə fiasko:

Üçtərəfli görüşdə fiasko:


21-12-2024, 20:19
Üçtərəfli görüşdə fiasko:
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp hakimiyyətin ilk zamanlarında Ukraynadakı müharibəni bitirməyi qarşısına məqsəd qoyub. Onun artıq bu istiqamətdə hər iki tərəflə əlaqəyə keçdiyi bildirilir.

Lakin Rusiya Prezidenti Vladimir Putinin sonuncu mətbuat konfransındakı açıqlamaları vəziyyətin daha da gərinləşəcəyinin proqnozu kimi qiymətləndirilir. Ukrayna hökumətində də narahatlığın artdığına dair məlumatlar yayılıb. Buna baxmayaraq bəzi ekspertlərin fikrincə, Rusiya-Ukrayna müharibəsi 2025-ci ildə bitəcək. Lakin Kiyev üçün şərtlərin heç də yaxşı olmayacağı deyilir.

Globalinfo.az-a danışan siyasi şərhçi Əli Zülfüqaroğlu deyib ki, hazırda Ukraynanın durumu acınacaqlıdır, dövlət çökmə təhlükəsi ilə üz-üzədir:

“Tramp səlahiyyətlərinin icrasına başladıqdan sonra Vaşinqtonun Ukrayna siyasətinə korrektələr edəcəyi gözlənilir. Bu, eyni zamanda Avropa İttifaqının məsələ ilə bağlı fəaliyyətinə həlledici formada təsir göstərəcək. Yəni Ukrayna müəyyən ərazilərini həmişəlik itirmək şərti ilə ya təslimçi sülhə gedəcək, ya da bölünəcək. Vəziyyət Ukrayna Prezidenti Volodimir Zelenski və onun himayədarları olan hazırkı ABŞ Prezidenti Co Baydenlə Fransa Prezidenti Emmanuel Makronu narahat edir. Ona görə də, mövcud Vaşinqton hökuməti prosesləri həlli mümkün olmayan mərhələyə daşımağa çalışır. Bunun üçün Rusiyanın mülki obyektləri də daxil olmaqla bir sıra ərazilərin vurulması hədəflənir. Məqsəd Trampı çıxılmaz vəziyyətdə qoymaq və istəsə belə müharibəni dayandıra bilməməsi, əksinə Ukraynaya dəstək verməyə məcbur buraxmaqdır”.

Ekspertin sözlərinə görə, bu prosesin Makronun vasitəçiliyi ilə baş tutan Zelenski-Tramp görüşündən sonraya təsadüf etməsi diqqət çəkir:

“Görünən odur ki, Zelenski və Makron Trampla görüşdən nəticə əldə edə bilməyiblər. Yaxud verilən vədlərin sadəcə ümiddən ibarət olduğunu anlayıblar. Buna görə də Bayden administrasiyasının planları – prosesləri geridönüşü mümkün olmayan mərhələyə daşımaq cəhdləri işə düşüb.

Rusiya gələn ilin ilk yarısına qədər təmkinli davranacaq və bu planın reallaşmamasına səy göstərəcək. Ukrayna isə əksinə, durumu ağırlaşdırmaq üçün hər şey edəcək. Çox təəssüf ki, bütün bunlar Ukrayna dövlətinin və xalqının mövcudluğu hesabına həyata keçirilən Qərb planıdır, amma perspektivsiz görünür. Çünki Trampın arxasındakı gücün öncəliyi Çinlə iqtisadi mübarizədir və bunun üçün Rusiyanın maraqları nəzərə alınmalı, sövdələşməyə gedilməli və Çinlə əlaqələrin dərinləşdirilməsinin qarşısı alınmalıdır. Həmin yanaşma isə Ukrayna üçün dəhşətli son hazırlayır”.
Geri qayıt