Əsas Səhifə > Güney Press, Partiya > “Qanunla qadağandır, müraciət etsinlər”
“Qanunla qadağandır, müraciət etsinlər”Dünən, 09:19 |
Günümüzün aktual məsələlərindən biri də 35 yaşı ötmüş şəxslərin iş tapmaqda çətinlik çəkməsi ilə bağlıdır. Belə ki, bir çox müəssisə rəhbərləri 35 yaşı keçmiş insanları işə götürmək istəmirlər və ya ümumiyyətlə götürmürlər. Bu isə narahatlığa və haqlı narazılığa səbəb olur. Bəs işə götürülməyən insanlar hara, kimə müraciət etməlidirlər? Globalinfo.az-a danışan hüquqşünas Fərhad Mehdiyev deyib ki, bu məsələ qanunvericilikdə nəzərdə tutulmayıb. Onun sözlərinə görə, qanunvericilikdə müəyyən qədər cinsiyyətə görə ayrı-seçkiliyin aparılmasının qadağan olunması var: “Lakin birbaşa əmək qanunvericiliyində yaşa görə diskriminasiyayla bağlı hər hansı müddəaya rast gəlmək mümkün deyil. Bununla bərabər, konstitusiyada bərabərlik hüququ tanınır, təmin olunur. Təbii ki, bərabərlik hüququ da eyni zamanda yaşa görə diskriminasiyanın yol verilməməsini nəzərdə tutur. Fikrimcə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Əmək Müfəttişlik Xidmətinin bununla bağlı müəyyən təlimatları hazırlanmalıdır. Bundan sonra işçi işə götürüləndə hansı meyarlar üstün götürülür, hər kəs bilməlidir. Yəni adekvat meyarlar olmalıdır. İşə götürənlər də həmin bu meyarlara cavab verməklə işçini seçməlidirlər. Belə bir meyarlar hazırlansa, vətəndaşların şikayət etmək imkanı da olar. Nə qədər ki, bu qaydalar hazırlanmayıb, yaş məsələsi ilə bağlı hər hansı bir şikayət irəli sürmək mümkün olmayacaq”. Hüquqşünas müəyyən yaş səviyyəsindən sonra işə götürmədə çox ciddi ayrı-seçkiliyin baş verdiyini vurğulayıb: “Hansı hallarda 35 yaşı keçmiş şəxsləri işə götürürlər – əgər onları bir vəzifədən avtomatik digər vəzifəyə gətirirlərsə. Amma təəssüf ki, hazırda işsiz olan və 35 yaşı keçən birinin adətən heç CV-sini nəzərə almırlar. O adam nəyi bacarır, nəyi bacarmır, onun vərdişləri nədir, nə deyil oxumurlar. Bu cür diskriminasiyaya yol veriləndə obyektiv meyarlardan istifadə olunmur. Daha bir yanlış məsələ isə ondan ibarətdir ki, işə götürən fikirləşir ki, bu adamın üzərində ailə yükü var və ona daha yuxarı maaş vermək lazımdır. Məsələn, mən bu insanı 800 manat maaşla burada işlədə bilməyəcəm deyə düşünürlər. Onun yerinə isə gənc kadr götürüb, daha aşağı maaşla işlədirlər. Bu qəbildən yanaşmalar işə götürənin subyektiv yanaşmasıdır. Ailə vəziyyətindən asılı olmayaraq bəlkə həmin insan 800 və ya 1000 manata işləməyə razı olacaq?!” F.Mehdiyev insan resursları (HR) məsələsinə də toxunub: “Bəzi HR-lar, hansısa 2-3 aylıq kurs keçib bu vəzifəyə gəlirlər. Amma bu, onların həqiqətən peşəkar olduğunu göstərmir. Yəni 2-3 aylıq kurs nəticəsində “mən peşəkaram, insanları seçə bilirəm “və sair deməsi mümkün deyil. İnsan resursları işinin bir çox müəssisədə doğru qurulmadığının şahidi oluruq. Bu, sadəcə işçi seçimində özünü büruzə vermir, həm də işçiyə təlim verilməsi sırasında ortaya çıxır. Bütün bunlar əmək bazarına çox ciddi mənfi təsir göstərir. Həmçinin də hazırda gənc olan və özlərinə yaxşı, daha rahat iş tapa bilən insanların gələcəkdə iş tapmalarını əngələ salır. Çünki onlar bu gün 25 yaşında olsalar da, 10 il sonra 35 yaşına gələcəklər. İş yerini dəyişəndə isə çox ciddi şəkildə iş tapa bilməmə problemi ilə üzləşəcəklər”. Geri qayıt |