Əsas Səhifə > Güney Press > Dezinformasiya ilə necə mübarizə aparaq?
Dezinformasiya ilə necə mübarizə aparaq?Bu gün, 00:48 |
“Orta məktəblərdə media savadlılığı üzrə xüsusi dərslər təşkil edilməli, şagirdlərə tənqidi düşüncə, məlumatın doğruluğunu yoxlamaq və dezinformasiyanı tanımaq bacarıqları öyrədilməlidir. Ali təhsil müəssisələrində jurnalistika və kommunikasiya sahələri ilə yanaşı digər ixtisaslar üzrə də media savadlılığı dərsləri tədris edilməlidir”. Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında yeni media üzrə tədqiqatçı Səbinə İzzətli deyib. İngiltərənin kommunikasiya və media sahəsini tənzimləyən Ofcom (Office of Communications) adlı bir qurumunun olduğunu söyləyən ekspert deyib: “Ofcom media savadlılığını müxtəlif kontekstlərdə medianı və kommunikasiya vasitələrini istifadə etmək, anlamaq və yaratmaq bacarığı kimi tərif edir. Günümüzdə biz media savadlılığının önünə bir də rəqəmsal ifadəsini əlavə etmişik. Odur ki, rəqəmsal media savadlılığı dedikdə nəyi anlamalı olduğumuzu bilmək də vacibdir. Bu mənada informasiya savadlılığı, nəzəriyyəsi və idarəetməsi üzrə tədqiqatları ilə tanınan Devid Bauden (David Bawden) rəqəmsal media savadlılığında 4 əsas bacarığı vurğulayır. Bunlar internetdə axtarış edə bilmək, hipermətn naviqasiyası, informasiyanı düzgün mənbələrdən toplamağı bacarmaq və məzmunun qiymətləndirilməsidir”. Mütəxəssis bildirib ki, ilk növbədə orta məktəblərdə media savadlılığı üzrə xüsusi dərslər təşkil edilməli, şagirdlərə tənqidi düşüncə, məlumatın doğruluğunu yoxlamaq və dezinformasiyanı tanımaq bacarıqları öyrədilməlidir: "Ali təhsil müəssisələrində jurnalistika və kommunikasiya sahələri ilə yanaşı digər ixtisaslar üzrə də media savadlılığı dərsləri tədris edilməlidir. Televiziya, radio və sosial media vasitəsilə dezinformasiya ilə mübarizə, etibarlı mənbələrdən istifadə və məsuliyyətli paylaşım haqqında məlumatlandırıcı kampaniyalar aparılmalıdır. Xüsusilə gənclər arasında populyar olan platformalar üzərindən qısa, vizual maarifləndirmə məzmunları paylaşılmalıdır”. Jurnalist vurğulayıb ki, dövlət qurumları da media savadlılığı strategiyası formalaşdırmalı və bu istiqamətdə davamlı dəstək göstərməlidir. Vətəndaş cəmiyyəti təşkilatları müxtəlif yaş qrupları üçün təlimlər və tədbirlər təşkil edərək, ictimai maarifləndirməyə töhfə verə bilər. Ekspert qeyd edib ki, əldə olunan hər informasiya ilə bağlı suallar yaranmalıdır: “Bu məlumatın mənbəyi nədir? İki mənbədən təsdiqləyə bilirəmmi? Məlumat əgər xarici dildədirsə, düzgün tərcümə edilibmi? Tərcümə vasitələrindən istifadə edərək təkrar yoxlaya və ya peşəkar yardım ala bilirsənmi? Bu məlumatı paylaşan sosial şəbəkə hesabıdırsa, rəsmidirmi? Məlumat hansı kontekstdə verilib? Bundan başqa dünyada çox istifadə olunan bəzi platformalar var. Misal olaraq, şəkil və videoların həqiqiliyini yoxlamaq üçün “Google Reverse Image Search”, “TinEye”, “InVID” və “FotoForensics” kimi alətlərdən istifadə edilir. Faktların doğruluğunu təsdiqləmək üçün “Snopes”, “FactCheck.org”, “PolitiFact” və “StopFake.org” kimi fakt yoxlama platformaları faydalıdır. Mənbələrin etibarlılığını qiymətləndirmək üçün “Media Bias/Fact Check” və “NewsGuard” kimi xidmətlərdən yararlanmaq olar. Bundan savayı, Süni İntellekt (Sİ) məhsulları da olduqca yayğın istifadə olunur. Məsələn, Facebook və X platformaları, saxta xəbərlərin yayılmasını məhdudlaşdırmaq üçün Sİ-dən istifadə edir. Bu alqoritmlər istifadəçilərin paylaşımlarını analiz edərək şübhəli məzmunları avtomatik olaraq işarələyir. Deepfake videoları aşkarlamaq üçün alətlərdən biri olan “Microsoft Video Authenticator” video çərçivələrindəki manipulyasiya izlərini tapmaqla saxta məzmunu müəyyən edir. “Google” və “Snopes” kimi fakt yoxlama platformaları isə Sİ vasitəsilə məzmunu avtomatik yoxlayaraq jurnalistlərə və istifadəçilərə doğru məlumat təqdim edir”. Geri qayıt |