Əsas Səhifə > Güney Press > Qardaşına görə arvadının başını kəsdi

Qardaşına görə arvadının başını kəsdi


Bu gün, 10:55
Qardaşına görə arvadının başını kəsdi
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Laçın Əhmədağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

TNS hadisənin təfərrüatlarını təqdim edir.

İttihama görə, hadisə Abşeron rayonunun Xırdalan şəhərində baş verib. Oğuz rayonunun Yemişənli kəndindən olan Laçın Əhmədağayev həyat yoldaşı ilə birlikdə Xırdalan şəhərinə köçüb. Uzun illər Rusiyanın Norilsk şəhərində yaşayan L. Əhmədağayev sonradan Azərbaycana qayıdaraq ailə qurub və Xırdalanda yaşayıb. Hadisə günü L.Əhmədağayev öz qardaşı ilə mübahisə edib. Qardaşının həyat yoldaşı Laçının həyat yoldaşına bu barədə məlumat verib və bildirib ki, Laçın onların evinə gələrək söz-söhbət salır. Həyat yoldaşı da Laçına bunu deyib və qardaşının işinə qarışmamasını istəyib. Bundan hiddətlənən kişi arvadının başını kəsib.

Qeyd edək ki, sözügedən hadisə cütlüyün üç yaşlı övladının gözü qarşısında baş verb.

"Xəyanətin səbəbini soruşdum, demədi"

Prosesdə ifadə verən təqsirləndirilən şəxs isə ifadəsində başqa söz deyib. O bildirib ki, 2017-ci ildə ailə həyatı qurduqdan sonra Xırdalana köçüb: “Son vaxtlar yoldaşımla münasibətlərim pozulmuşdu, onun xəyanət etməsindən şübhələnirdim. Həmin gün Sevinc qapıdan kiməsə kağız ötürdü, soruşdum, demədi. Sevinc məni söydü. Çölə çıxıb baxdım, küçədə heç kimi görmədim. Evə qayıdıb telefonunu aldım, yoxlatdırmaq üçün aparanda gördüm ki, Sevinc məni pəncərədən güdür. Geri qayıtdım, qardaşı Teymura zəng vurdum ki, gəlib bacısını aparsın, ayrılırıq. Teymur gəlmədi, dedi ki, işi var.

Bir az sakitləşdik. Sevincdən soruşdum ki, niyə mənə xəyanət edirsən? Yenidən mübahisə başladı. Mətbəxdən bıçağı götürüb onu bıçaqladım. Yadımda deyil neçə bıçaq vurmuşam. Öldürdüm, bıçağı da götürüb azyaşlı qızımla Abşeron Rayon Polis Şöbəsinə gedib təslim oldum. Sevincin qardaşı zəng vuranda mən artıq təslim olmuşdum”.

"Qardaşı öz arvadından şübhələnirdi"

Prosesdə ifadə verən zərərçəkmiş şəxsin qardaşı bildirib ki, ailədə xəyanət olmayıb: “Onların ailəsində söhbət 6 ay əvvəl başlamışdı. Söz-söhbətə səbəb isə Laçının qardaşının ailəsi olub. Laçının qardaşı Nəbi ilə arvadı arasında mübahisələr olurdu. Sevinc isə qaynı arvadının tərəfini tuturdu. Nəbi arvadının üstünə silah da çəkmişdi. Polis gəlib silahı almışdı. Amma arvadı şikayətçi olmadığı üçün Nəbini tutmadılar. Sevinc mənim həyat yoldaşıma demişdi ki, Nəbi arvadının xəyanətindən şübhələnir. Sevinc isə Nəbinin öz həyat yoldaşına şər atdığını bildirib.

"3 yaşlı uşağın gözü önündə bacıma 32 bıçaq zərbəsi vurub"

Hadisə günü Laçın mənə zəng vurub dedi ki, bacını boşayıram. Dedim rayondayam, gəlim danışarıq. O isə təkid etdi ki, dur gəl. Mən də yoldaşımla birlikdə Xırdalana gəldik. Evə çatanda gördük ki, qapı açıqdır. İçəri keçdim ki, bacım yerdə qan içində uzanıb.

Məhkəmədən xahiş edirəm, Laçına ömürlük cəza verilsin. O, hadisəni 3 yaşlı uşağın gözü önündə xüsusi amansızlıqla törədib, bacıma 32 bıçaq zərbəsi endirib”.

Prosesdə şahid ifadələrindən sonra məhkəmə istintaqı yekunlaşıb və təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 18 il azadlıqdan məhrum edilib.

Geri qayıt