Əsas Səhifə > Güney Press > Almaniyanın fobiyası REALLIĞA ÇEVRİLİR
Almaniyanın fobiyası REALLIĞA ÇEVRİLİRDünən, 18:10 |
Rusiyadan NATO sərhədinə göndərilən hava şarları Estoniyada çaxnaşma yaradıb. Estoniya KİV-ləri bu hava şarlarının kəşfiyyat apardığını iddia edirlər. Üstəlik, sözügedən şarların üzərində Rusiyanın Ukraynadakı işğalının simvoluna çevrilən - “Z” hərfinin olması daha çox narahatlıq yaradıb. Britaniya mətbuatının yazdığına görə, Kreml mütəmadi olaraq bu bölgəyə casus şarları göndərir. Qeyd edək ki, sözügedən hava gəmilərinin müşahidə olunduğu Estoniyanın Narva şəhərinin əhalisinin 96 faizini etnik ruslar təşkil edir. Rəsmi Berlinin xəbərdarlığı reallığa çevrilir? Xatırladaq ki, hələ dekabrın əvvəlində Almaniya Federal Kəşfiyyat Xidmətinin (BND) rəhbəri Bruno Kahl bəyan etmişdi ki, Rusiya Ukraynadan sonra Baltik ölkələrinə-Latviya, Litva və Estoniyaya hücum edəcək. Kolun fikrincə, Rusiyanın Baltik ölkələrinə müdaxiləsi üçün bəhanə yerli rusdilli azlıqları qorumaq istiqamətində olacaq. Bundan bir qədər əvvəl, noyabrın 27-də isə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev də Şimali Atlantika Alyansının hərbi bazalarına zərbə endirməsi ssenarisini istisna etməyib. Rusiya tərəfi Almaniyanın bir müddət əvvəl rəsmən elan etdiyi hücum ssenarisinə hazırlaşır? Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Abutalıb Səmədov bildirir ki, Rusiyanın Ukraynadan sonra Avropaya, əlalxüsus da Baltikyanı ölkələrə hücum edəcəyi barədə yayılan iddiaların heç bir əsası yoxdur: “Rusiya kifayət qədər yara alıb. Bu gün onun əsas məqsədi Ukraynada nəzərdə tutduğu 4 vilayətin ərazisini tamamilə işğal etməkdir. Bundan artığına onun gücü və vaxtının çatacağını güman etmirəm”. Həmsöhbətimizə görə, bu xüsusda ABŞ Prezidenti Trampın xarakteri də nəzərə alınmalıdır: “O, Bayden kimi qətiyyətsiz deyil. Moskva sülh danışıqlarından imtina etsə, Tramp adminstrasiyası daha kəskin addımlar atacaq və öz arsenalındakı ən müasir silahları Ukraynaya verəcək. Belə vəziyyətdə Qərbin Kiyevə yardımları xeyli artacaq. Bu isə Rusiyanın 2022-ci ilin payızına qaytara bilər. Həmin dövrdə 2 ay yarım vaxt ərzində Ukrayna Rusiyanın nəzarətində olan ərazinin 78 min kvadrat kilometrini azad edib. Həmin zaman Rusiya ciddi qorxuya düşərək, ABŞ-ı atom silahından istifadə etməklə hədələdi. Bundan sonra Vaşinqtonun tələbilə Ukrayna hücumları dayandırıldı. Bu onu göstərir ki, ABŞ ciddi yardım edəcəyi təqdirdə, Rusiyanın vəziyyəti kifayət qədər ağırlaşa bilər. O səbəbdən Moskva istəsə də, onun Baltik ölkələri və digər NATO üzvlərinə hücum ehtimalını mümkünsüz hesab edirəm. Çünki bu halda NATO nizamnaməsinin 5-ci maddəsi işə düşəcək”. Geri qayıt |