Əsas Səhifə > Güney Press > Azərbaycan da `D-8` üçün ASAN YEM DEYİL...
Azərbaycan da `D-8` üçün ASAN YEM DEYİL...24-12-2024, 19:00 |
“Azərbaycan Respublikası prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında çox böyük uğurlara imza atılır. Bu günlərdə biz yeni bir böyük nailiyyətə imza atdıq. İslam ölkələri iqtisadi təşkilatına - "D-8" adlanan quruma Azərbaycanın yekdilliklə üzv qəbul edilməsi dediklərimizə bariz nümunədir. Otuz ildən çox idi ki, bu təşkilat yenilənmirdi və yeni üzvlər qəbul etmirdi. Yekdilliklə bütün ölkələr tərəfindən Azərbaycanın bu təşkilata üzv olması bizim gücümüzün, eyni zamanda həm regional, həm qlobal anlamdakı nüfuzumuzun artması ölkəmizi bu təşkilata üzv olmaqla yeni bir mərhələyə daşıdı. Qardaş ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın və iki ölkə başçılarının bu məsələdə fikirlərini söyləməsi, ölkəmizin bu təşkilata verəcəyi fayda barədə bəyanatda düşüncələri ölkə başçımız tərəfindən qiymətləndirildi. Cənab İlham Əliyev dost ölkələrin rəhbərlərinə öz təşəkkürünü də bildirdi”. Bu barədə Bizimyol.info xəbər portalına danışan Milli Məclisin deputatı Vüqar İskəndərov qeyd edib ki, "D-8" çox böyük və milyardlarla ticarət dövriyyəsi olan bir təşkilatdır, müsəlman dünyasının 60 faizdən yuxarısının əhalisini özündə birləşdirir. Deputat qeyd edib ki, Azərbaycanın bu təşkilata üzv olması ölkəmiz üçün yeni iqtisadi imkanlara zəmin yaradır, siyasi gücünü artırır. Bu da dost ölkələrlə birlikdə Azərbaycanın qlobal arenada sözünün çəkisini daha da artırır. “Azərbaycanın gələcəyi üçün siyasi, iqtisadi spektrdən baxsaq, təşkilatın ölkəmiz üçün çox böyük faydası olacaq. Azərbaycanın da bu təşkilata çox böyük fayda gətirəcəyi şübhəsizdir. Azərbaycanın çox vacib coğrafi ərazidə yerləşməsi, yeraltı və yerüstü sərvətləri ilə regionda çox vacib mövqedə olması, "D-8"-ə daxil olan ölkələrlə ikitərəfli münasibətlərin formalaşması təbii olaraq Azərbaycanı regionun önəmli bölgələrdən biri olduğunu sübut edir. Azərbaycanın gələcəyə hesablanmış perspektiv planları, Azərbaycanın siyasi gücü, Azərbaycan prezidentinin dünya arenasında nüfuzlu liderlər arasında olması, ölkəmizin sürətlə inkişaf etməsi Azərbaycanın da bu təşkilata böyük fayda verəcəyindən xəbər verir. "D-8" artıq "D-9" modelində Azərbaycanın da inkişaf etməkdə olan İslam Ölkələri Təşkilatına üzvü kimi daha da güclənəcək və qarşılıqlı faydalı fəaliyyətlə həm üzv ölkələrinin, həm də təşkilatın özünün gücünü daha da artıracaq”-deyə Vüqar İskəndərov qeyd edib. Geri qayıt |