Əsas Səhifə > Güney Press > Rus ekspertlər təyyarənin vurulduğunu deyirlər
Rus ekspertlər təyyarənin vurulduğunu deyirlərDünən, 12:42 |
Dünən Bakıdan Qroznıya uçan, ancaq Qazaxıstanın Aktau şəhərinin yaxınlığında yerə çırpılan təyyarənin qəzaya uğraması səbəbləri barədə bütün dünyada olduğu kimi, Rusiya mediasında da müxtəlif şərhlər var. Rusiya mediası ümumilikdə “Embraer E190” təyyarəsinin qəzasını “müəmma dolu hadisə” adlandırır. “Moskovski komsomolets” qəzeti təyyarənin gövdəsindəki kiçik deşikləri əks etdirən videodan bəhs edərək bildirir ki, bu zədələrin ölçüsü yunan qozu ilə müqayisə edilə biləcək ölçüdədir. “Mütəxəssislər qeyd edirlər ki, belə xəsarət mərmilərin təsirinin izləri ola bilər. Federal Hava Nəqliyyatı Agentliyinin ilkin məlumatlarına görə, insident təyyarənin quşlarla toqquşmasından sonra baş verib”, qəzet yazır. Bununla belə, “MK” söhbəti Ukraynanın üzərinə fırlayır və qeyd edir ki, bu ölkənin pilotsuz təyyarələrinin Çeçenistandakı hədəflərə hücumları fonunda Bakı-Qroznı reysinin marşrutunu dəyişməsi faktını nəzərdən qaçırmaq olmaz: “İnsidentlə bağlı versiyalardan biri təyyarənin silah və ya pilotsuz uçan aparat tərəfindən zədələnmiş ola biləcəyidir”. Hərbi ekspert, istefada olan polkovnik-leytenant Andrey Maroçko AZAL-ın təyyarəsinin qəzası barədə danışaraq aif.ru-ya müsahibəsində deyib ki, bu zədələr pilotsuz uçuş aparatlarının kaset və ya qəlpə başlıqları ilə təchiz edilən yeni sursat növləri ola bilər. O, izah edib ki, belə dronlar hədəfdən müəyyən məsafədə peyk rabitəsindən istifadə edərək partlayış törətməyə, onu vurmağa qadirdir. Hərbi ekspert Vasili Dandıkin qeyd edib ki, hərbi mərmilər adətən təyyarələrin mühərrik hissəsindən dəyir, lakin zədələr “Embraer E190” təyyarəsinin quyruğunda aşkar edilib. O, qeyd edib ki, əgər təyyarə, məsələn, güclü hava hücumundan müdafiə sistemi ilə vurulsaydı, zərbə mühərrikə dəyərdi. Ona görə də quyruqda görünən zədələr əlavə araşdırma tələb edir. Ekspert vurğulayıb ki, daxili partlayış ehtimalı da var, lakin hətta təyyarə qəzalarında son dərəcə nadir hallarda baş verən sağ qalan şahidlər arasında baş verənlərə dair heç bir aydın ifadə yoxdur. Dandıkin hadisənin bütün hallarını aydınlaşdırmaq üçün Qazaxıstan, Azərbaycan və Rusiyadan olan mütəxəssislərin daxil olduğu istintaq qrupunun birlikdə işləyəcəyini və bütün suallara birgə cavab tapa biləcəyinə əmin olduğunu bildirib. O, 2014-cü ildə Donbassda cəza əməliyyatının başlanğıcında Rusiyanın təqdim etdiyi sübutların nəzərə alınmadığı bir vaxtda vurulan “Boinq” qəzası hadisəsini xatırladaraq, istintaqı konkret kimin aparacağının da vacib olduğunu əlavə edib. (Qeyd edək ki, beynəlxalq birlik həmin qəzanın Rusiyaya işləyən ukraynalı separatçılar tərəfindən törədildiyinə dair yekun rəyə gəlib – red.) Mütəxəssis eyni zamanda qeyd edib ki, təyyarə ilə dron arasındakı sürət fərqi nəzərə alınsa, təyyarənin hədəfə alınmış pilotsuz uçuş aparatının zərbəsi ilə vurulması ehtimalı azdır. O, izah edib ki, təyyarə yerə enərkən belə onun sürəti xeyli yüksək olub. Bununla belə, Dandıkin qeyd edib ki, Ukrayna pilotsuz təyyarələri Qərb, o cümlədən Almaniyadan alınan avadanlıqların tədarükü sayəsində həqiqətən təkmilləşib. Ekspertin fikrincə, pilotsuz təyyarələrin diapazonunun artması və reaktiv modellərin meydana çıxması yeni çağırışlar yaradır və bu cür hadisələrin təhlili zamanı nəzərə alınmalıdır. Xəritələrə əsasən, Qroznı ilə Zaporojye arasındakı məsafə təxminən 960 kilometrdir. Vasili Dandıkin qeyd edir ki, müasir Ukrayna pilotsuz təyyarələri Qərb texnologiyaları sayəsində belə məsafələri qət etməyə qadirdir. Hərbi ekspertin sözlərinə görə, bu gün pilotsuz təyyarələr süni intellektdən istifadə etməyə başlayır ki, bu da onlara maneələrdən və hava hücumundan müdafiə obyektlərindən yayınaraq marşrutu idarə etməyə kömək edir. Bu cihazlar hündürlüyü lazımi yerlərdə aşağı sala və hədəfini dəqiq şəkildə təqib edə bilər. Mütəxəssis iki qrama qədər partlayıcı daşıya bilən və hədəfi dəqiq vura bilən miniatür həşərat böyüklüyündə pilotsuz təyyarələrin yaradılması ilə bağlı şayiələrə də toxunub. Onun sözlərinə görə, bəşəriyyət, təəssüf ki, məhvedici silahların yaradılmasında böyük uğura nail olub, minik avtomobilləri kimi dinc texnologiyaların inkişafı isə daha çətindir. Dandıkin həmçinin qeyd edib ki, Rusiya ərazisində ukraynayönlü qruplar fəaliyyət göstərə bilər, bu, tez-tez terror aktlarına cəhd və bankomatların yandırılması ilə təsdiqlənir. Digər rus ekspertlər fəlakətin Ukrayna qüvvələrinin Qroznıya yeni hücumu fonunda baş verdiyini vurğulayırlar. Əgər Çeçenistanda dron zərbələri olmasaydı, 38 nəfərin faciəli ölümündən qaçmaq olardı. Göründüyü kimi, rusiyalı ekspertlər “Embraer 190” təyyarəsinin texniki nasazlıq səbəbindən qəza uğraması versiyasını kənara qoyur, təyyarənin vurulması versiyasını real hesab edir, ancaq buna görə məsuliyyəti Ukrayna tərəfinin üzərinə yükləməyə çalışırlar. Rusiya hökumətinin rəsmi kursu da belə olacaqsa, o zaman bu faciəvi qəzaya görə məsuliyyəti heç bir ölkə daşımayacaq. Araz Altaylı, Musavat.com Geri qayıt |