Əsas Səhifə > Güney Press > “Faciədən siyasi məqsəd üçün şou düzəltmək yolverilməzdir”

“Faciədən siyasi məqsəd üçün şou düzəltmək yolverilməzdir”


Dünən, 11:56
“Faciədən siyasi məqsəd üçün şou düzəltmək yolverilməzdir”
“Artıq Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin qəzaya uğramadığı, hücuma məruz qaldığı faktı təsdiqlənib”.

Bu sözləri politoloq Qulamhüseyn Əlibəyli “Cebheinfo.az”-a açıqlamasında deyib. O bildirib ki, ruslar təyyarəmizi qəsdən məhv etmək istədilər:

“Bunu Azərbaycan hakimiyyətinin nümayəndələri də təsdiq edirlər. Burada Rusiya çox ciddi məsuliyyət daşıyır.

Rusiyanın hərbi hava qüvvələri mülki təyyarəni vurublar, lakin bunu etiraf etmək istəmirlər. Hərçənd ki, səhvini etiraf etmək adi diplomatik etikadır. Rəsmi Moskva da öz səhvini etiraf etməlidir.

Həmçinin, praktikaya uyğun olaraq Rusiya Azərbaycandan rəsmi şəkildə üzr istəməlidir”.

Ekspert qeyd edib ki, Rusiya hakimiyyəti nəyin bahasına olur-olsun, məsuliyyəti Ukraynanın üzərinə yıxmağa və ya qəza kimi qələmə verməyə çalışır:

“Ancaq təyyarənin vurulması faktdır. Digər tərəfdən, təyyarənin Rusiyada olan hava limanlarına enməsinə də imkan verilməyib.

Əvəzində isə onu daha uzaqda olan Aktauya göndəriblər. Görünür, cinayətin izini itirməyə çalışıblar. Hesab edirəm ki, Azərbaycan dövləti rəsmi şəkildə Rusiyadan üzr tələb etməlidir. Düzdür, Azərbaycan dövləti vətəndaşları üçün kompensansiya ödəyir. Lakin Rusiya tərəfindən də kompensasiya verilməsi mümkündür”.

Qulamhüseyn Əlibəyli onu da vurğulayıb ki, bəzi qüvvələr təyyarənin vurulmasından siyasi ambisiyaları üçün istifadə etməyə çalışırlar:

“Azərbaycanda və ya xaricdə yaşayan bəzi adamlar istənilən vəziyyətdən siyasi mövqeləri üçün istifadə etməyə cəhd göstərirlər.

Lakin bunun xalqımız üçün böyük bir faciə olduğunu unutmaq olmaz.

Bu faciədən siyasi məqsədlər üçün şou düzəltmək, hakimiyyətin üzərinə getmək yolverilməzdir”.

Geri qayıt