Əsas Səhifə > Güney Press > Hər birimizi sarsıdan təyyarə qəzası ciddi surətdə araşdırılır

Hər birimizi sarsıdan təyyarə qəzası ciddi surətdə araşdırılır


29-12-2024, 17:48
Hər birimizi sarsıdan təyyarə qəzası ciddi surətdə araşdırılır
Dekabr ayının 25-də ölkə başçısı İlham Əliyev təyyarə ilə Sankt-
Peterburqa keçiriləcək MDB Zirvə görüşünə uçan zaman Bakı-Qroznı
istiqaməti üzrə marşrutu yerinə yetirən AZAL-a məxsus “Embraer 190” tipli
sərnişin təyyarəsinin qəzaya uğraması barədə məlumat almışdır. Bu qəza
barədə məlumat alan kimi dərhal Bakıya qayıtmaq barədə qərar qəbul
edən ölkə başçısı Bakıda hava limanında operativ müşavirə keçirib.
Prezidentin göstərişinə əsasən Dövlət Komissiyası yaradılıb və müvafiq
qurumların nümayəndələrindən ibarət heyət Aktau şəhərinə ezam edilib.
Təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar
dekabrın 26-da Prezident İlham Əliyevin Sərəncamına əsasən
Azərbaycanda matəm elan edilib. Həmin gün ölkədəki bütün məscidlərdə
və digər dini ibadət yerlərində qəza qurbanlarının xatirəsi yad edilib, dini
məqasimlər keçirilib.
Təyyarə qəzası hamını sarsıdıb. qəza nəticəsində təyyarədə olan 67
nəfərdən 38-i həlak olub. Təyyarənin pilotları və digər ekipaj üzvlərinin
səyləri, sücaəti sayəsində 29 sərnişin sağ qalıb.
Dekabrın 29-da təyyarə qəzasında həlak olan üzvləri II Fəxri
xiyabanda torpağa tapşırılıb. Qəzada həlak olan sərnişinlər də ölkənin
müxtəlif bölgələrində dəfn ediliblər.
Dəfn mərasimindən əvvəl Azərbaycan Prezidenti İlham Əliyev və
birinci xanım Mehriban Əliyeva qəza nəticəsində həlak olan ekipaj
üzvlərinin Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilən vida
mərasimində iştirak edib, onların ailə üzvlərinə və yaxınlarına başsağlığı
veriblər.
Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilən vida mərasimindən
sonra Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verərək
bildirib: “Əlbəttə, son versiya qara qutular açılandan sonra bəlli olacaq.
Ancaq ilkin versiyalar da kifayət qədər əsaslıdır və faktlara söykənir. Faktlar
isə ondan ibarətdir ki, Azərbaycanın mülki təyyarəsi Rusiya ərazisində,
Qroznı şəhərinin yaxınlığında xaricdən zədə almış və idarəetməni demək
olar ki, itirmişdir. Onu da bilirik ki, təyyarəmiz radioelektron mübarizə
vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınmışdır. Bu, təyyarəyə
yetirilən birinci xətərdir”.
Prezident, eyni zamanda, deyib ki, yerdən açılan atəş nəticəsində
təyyarənin quyruq hissəsi də böyük dərəcədə zədələnib. Qeyd edildi ki,
qəzaya uğrayan təyyarənin füzelyajının dəlik-deşik olması mühərrikə quş
düşməsi versiyasını tamamilə gündəlikdən çıxardı. Dövlətimizin başçısı
təəssüflə qeyd edib ki, Rusiyanın bəzi dairələri bu versiya üzərində
dayanmağa üstünlük vermişdilər. “Bizi təəssüfləndirən və təəccübləndirən
məqamlardan biri də o idi ki, Rusiyanın rəsmi qurumları hansısa qaz
balonunun partlaması ilə bağlı versiyalar irəli sürmüşdü. Yəni, bu, açıq-
aydın göstərirdi ki, Rusiya tərəfi məsələni ört-basdır etmək istəyir və
əlbəttə, bu, heç kimə başucalığı gətirmir”.
Təbiidir ki, təyyarənin qəsdən vurulmadığını diqqətə çatdıran Prezident
qeyd edib ki, öz günahını etiraf etmək, dost ölkə sayılan Azərbaycandan
vaxtında üzr istəmək və bunu ictimaiyyətə bildirmək - bütün bunlar görüləsi
tədbirlər idi və addımlar idi. Əfsuslar olsun ki, birinci üç gün ərzində biz
Rusiyadan cəfəng versiyalardan başqa heç nə eşitməmişik.
Dövlətimizin başçısı bildirib: “Yenə də deyirəm, “qara qutu”lar
açılandan sonra və daha detallı məlumat əldə etdiyimiz halda məsələnin
tam təfərrüatları üzə çıxacaq və bu gün hələ ki, sual kimi qalan bir çox
məsələlərə aydınlıq gətiriləcək”.

Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası
"DİA-AZ"

Geri qayıt