Əsas Səhifə > Güney Press > İran-Azərbaycan münasibətləri niyə gərginləşib?
İran-Azərbaycan münasibətləri niyə gərginləşib?7-01-2025, 14:02 |
Ötən ilin sonunda Azərbaycan-İran münasibətləri yenidən gərginləşib. Bu dəfə Ərdəbildə İranın Ali rəhbərinin Ərdəbil vilayəti üzrə nümayəndəsi, Ərdəbilin imam cüməsi Seyid Həsən Amelinin iştirak etdiyi və İranın Radio və Televiziya Təşkilatının "Xəbər Şəbəkəsi" kanalında yayımlanan tədbirdə Azərbaycana və dövlət başçısına qarşı təhqiramiz ifadələr səsləndirilib. Azərbaycan XİN-in buna cavabı gecikməyib və İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb/ Ona rəsmi Bakının sərt etirazı bildirilib. Azərbaycan-İran münasibətlərinin normal məcraya keçəcəyi gözlənsə də, baş verən bu hadisə Tehran rejiminin Azərbaycan hakimiyyətinə qarşı münasibətinə dəyişiklik etmədiyinin göstəricisi idi. Bəs İranın Azərbaycana qarşı hazırkı hikkəsinin arxasında nə dayanır? Hadisələrə baş verənlər prizmasından baxsaq, burada rəsmi Bakının bölgədə apardığı siyasətin İran rejimini qıcıqlandırması arasındakı əlaqəni görə bilərik. İranın Suriyadakı acizliyi fonunda, rəsmi Bakı yeni Suriya rejimi ilə əlaqələr qurur. Təbii ki, burada Türkiyə ilə Azərbaycanın koordinasiya olunmuş siyasəti aparıcı rol oynayır. Rəsmi Bakı Suriyanın yeni hakimiyyəti ilə əməkdaşlığa açıq olduğunu ifadə edib. Hətta bu xoşməramlı niyyətini Suriyaya göndərilən 200 tırdan ibarət humanitar yardımla təsdiqləyib. Tehran rejimi isə faktiki olaraq Suriyada oyundan kənar vəziyyətdə qalıb. Ən azından Suriyada hakimiyyətə gələn islamçılarla İran islamçılarını məzhəb fərqi ayırır. Millət vəkili Ceyhun Məmmədov bildirir ki, Azərbaycan region dövlətləri münasibətlərin inkişafında maraqlı olub: "Azərbaycan prezidenti 2020-ci ildə Cəbrayıla səfər edərkən əlini İran tərəfə uzadaraq bildirdi ki, bu dostluq körpüsüdür. Azərbaycan iki ölkə arasında əlaqələrin möhkəmlənməsində maraqlıdır. Təəssüf ki, İrandan buna qarşılıq olacaq addımları görmədik. Əksinə, İran tərəfi Azərbaycan əleyhinə fəaliyyətinin miqyasının genişləndirirdi". Ceyhun Məmmədov qeyd edib ki, baş verən son hadisədə isə tək Azərbaycan deyil, həm də Türkiyə lideri də hədəfə alınmışdı: "İran bu addımlarla qırmızı xətti keçdi. Əgər İran Azərbaycanın Suriyaya yardımından narahatdırsa, orada yaşayanların müsəlman olduğunu unutmamalıdır. Azərbaycan İranın Suriya siyasətinə qarışmayıb. İran nəzərə almalıdır ki, bu narahatlıq İranın da üzv olduğu İslam Əməkdaşlıq Təşkilatının əsasnaməsinə ziddir". "Bu gün İranın Azərbaycan və Türkiyəyə qarşı apardığı siyasət qəbuledilməzdir. Bu addımlar ikitərəfli münasibətlərə xələl gətirir. İran regiondakı ölkələrlə normal münasibətlər qurmağı bacarmalıdır. Ona görə də, Azərbaycan fəlakətlə üzbəüz olan Suriyaya humanitar yardım etməklə örnək davranış sərgiləyir" - millət vəkili deyib. Politoloq Elşən Manafov isə bildirib ki, İranın yeni prezidenti Məsud Pezeşkianın keçən il Azərbaycan prezidenti İlham Əliyevə ünvanladığı məktubun məzmunu, habelə onunla baş tutmuş telefon danışıqları göstərir ki, rəsmi Tehran bundan sonra da Azərbaycanla ikitərəfli münasibətlərin mehriban qonşuluq, qarşılıqlı anlaşma və mənfəət prinsipləri üzərində davam etdirilməsində maraqlıdır. "Bununla yanaşı İran Azərbaycan prezidentinin regionda təhlükəsizlik problemlərinin həllini ehtiva edən "3+3" formatında əməkdaşlıq təkliflərini də bəyənir və müdafiə edir. Regionda, o cümlədən Yaxın Şərq böhranının tənzimlənməsinə dair məsələlərə münasibətdə, habelə regiondan keçən dəhlizlərin marşurutları, onların təhlükəsizliyinin təmin edilməsi ilə baglı məsələlərə rəsmi Tehran və Bakı arasında ortaq baxışlarla yanaşı, fərqli münasibətlər də mövcuddur. İranın yeni prezidentinin regional təhlukəsizlik və əməkdaşlıqla bağlı məslələrə münasibətində İranın ali rəhbərliyində mühafizəkar dairələrlə müqayisədə fərqli mövqelər var və bu faktor İranın ali rəhbərliyinə yaxın olan mühafizəkar dairələrin bəyanat və çıxışlarında özünü qabarıq şəkildə büruzə verir". Politoloq bildirib ki, Pezeşkianın İranın idarəetmə sistemində islahatların keçirilməsinin zəruriliyi ilə bağlı fikirləri mühafizəkar dairələrdə birmənalı qarşılanmır və İranın Ali rəhbərinin Ərdəbildəki nümayəndəsi Seyid Həsən Ameli məhz belələrindəndir: "Suriyada Əsəd rejiminin devrilməsinə münasibətdə İran və Azərbaycan arasındakı fərqlı baxış və mövqelər İranda mühafizəkar dairələlərin Azərbaycan və onun liderinə hücumlarının səbəbləri sırasına aid edilə bilər. Məlumdur ki, Suriyada Əsədin devrilməsi İranın bu ölkə və regiondakı maraqlarının lehinə olmayıb, hətta mühafizəkarlar Ələvilərin Suriyada bir müddət sonra hakimiyyətə qaytarılmaları üçün ciddi səylər göstərəcəklərini də gizlətmirlər. Rəsmi Bakı isə Suriyanın gələcəyi üçün məsuliyyətin Suriya xalqına aid olduğunu bildirməklə Türkiyə ilə yanaşı yeni Suriyanın qurulması işlərində əməkdaşlıq etməyə hazır olduğunu bildirib, hətta Suriyaya 200 tondan çox humanitar yardım göstərilib. Digər tərəfdən Türkiyənin nəqliyyat və imfrastuktur naziri Əbdulkərim Uraloğlu bu günlərdə verdiyi açıqlamaların birində Zəngəzur dəhlizinin istifadəyə verilməsi ilə bağlı Azərbaycan və Türkiyə arasında razılıqların əldə edildiyinə işarə edib. Bununla bağlı 2020-ci ilin Moskva razılaşmasında dəhlizə nəzarətin Rusiya tərəfindən həyata keçiriləcəyi ilə bağlı razılıq var, İran digər region dövlətlərindən fərqli olaraq bu məsələyə həssaslıqla yanaşır və Ermənistanla onun sərhədlərinə müdaxilənin yol verilməz olduğunu bəyan edir, əslində Tehran dəhlizin istifadəyə veriləcəyi təqdirdə onun ərazisindən keçən tranzit yolların tərəflər üçün əvvəlki əhəmiyyətini itirəcəyindən narahatdır" - o, deyib. Politoloq bildirir ki, bununla belə, İran Azərbaycan ərazisindən keçən Şimal-Cənub nəqliyyat dəhlizinin geosiyasi əhəmiyyətini də anlayır: "Artıq Rəşt-Astara yolunun çəkilməsi üçün danışıqlar baş tutub və Rusiya bu layihəyə 1,5 milyard dollardan çox pul ayıracağını bəyan edib. Yolun bəlli hissəsi uçun kreditləri isə Azərbaycan tərəfi ayırmağa hazır olduğunu bildirib. Nəhayət, İranın mühafizəkar dairələrində Azərbaycanın İsraillə münasibətlərinə xüsusi qərəzlə yanaşanlar da var və bunu rəsmi Bakının guya Fələstin məsələsində İslam həmrəyliyinə fərqli baxışları ilə izah edirlər. Halbuki bir sıra ərəb dövlətləri İsraillə münasibətlərin normallaşdırılması istiqamətində özlərinin dövlət maraqlarından çıxış edərək bəlli addımlar atıblar. Azərbaycan isə Fələstin probleminin bir qayda olaraq iki xalq, iki dövlət prinsipləri üzərində qurulmasının tərəfdarı olub. Rəsmi Bakı bütün tərəflərlə münasibətlərdə dövlətlərin daxili işlərinə müdaxilənin yolverilməzliyi prinsiplərinə riayət edib və Tehranla da münasibətlərin bu prinsiplər üzərində genişləndirilməsinin tərəfdarıdır", Elşən Manafov vurğulayıb. SPUTNİK.az Geri qayıt |