Əsas Səhifə > Güney Press > Rusiyanın bəzi hakimiyyət dairələri qəza ilə bağlı informasiya dolaşıqlığı yaratmağa cəhd göstərir

Rusiyanın bəzi hakimiyyət dairələri qəza ilə bağlı informasiya dolaşıqlığı yaratmağa cəhd göstərir


Bu gün, 12:05
Rusiyanın bəzi hakimiyyət dairələri qəza ilə bağlı informasiya dolaşıqlığı yaratmağa cəhd göstərir
Rusiyanın hakimiyyət dairələri ilə ənənəvi işbirliyində olan media resurslarının, həmçinin, yaşadığımız 2025-ci ildə XIX əsrin kommunaçıları, yaxud 1930-cu illərin proletkulçuları kimi düşünən və danışan neobolşevik təbliğatçıların Azərbaycanın mülki təyyarəsinin vurulması ilə bağlı ölkəmizin ünvanına səsləndirdiyi həqarətlər, uydurduğu nağıl və əfsanələr həqiqəti etiraf edə bilməməyin, cəsarətsizliyinin, xudpəsəndliyin, gerçəkliklə uzlaşmayan və ikrah doğuran təkəbbürün və siyasi əxlaqsızlığın nümunəsidir.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.

Millət vəkili bildirib ki, heç nə Azərbaycan təyyarəsinin vurulması faktını dəyişdirmir:

“Zənnimcə, bu qəbildən olan bayağı təbliğatı sifariş verənlər yaxın keçmişə və bu günün reallıqlarına, hər kəsin gözlə görə biləcəyi mənzərəsinə ötəri də olsa, nəzər salaraq nəticə çıxarmalı, həqiqəti inkar, yaxud yalanla ört-basdır etməyin, şər-böhtan atmağın heç bir effektiv nəticəyə gətirib çıxarmayacağını birdəfəlik anlamalıdırlar.

Bu, ilk növbədə onların özü üçün faydalı ola bilər. Əks təqdirdə, kimsənin inanmadığı, güvənmədiyi və acı təbəssüm doğuran təbliğatla yaranan boşluqları, “vaxtı keçmiş”, yaxud “istifadə müddəti başa çatmış” epitetlərlə doldurmaq mümkün olmayacaq. “Kommunaçı” medianın vətəbliğatçı zehniyyətin təhdid və həqarətlərinin “doza”sından asılı olmayaraq, Azərbaycan təyyarəsinin vurulması faktı faktlığında qalır”.

Elçin Mirzəbəyli vurğulayıb ki, belə məqamlarda ləyaqətli davranış sərgiləmək təkcə şəxslərə deyil, dövlətlərə də aid olan anlayışdır.

“Ən azı yaxın keçmişdə Azərbaycanın nümayiş etdirdiyi davranışdan örnək götürə bilərlər. Azərbaycan cəmiyyəti böyük təmkin, anlayış və siyasi əxlaq nümayiş etdirərək istintaqın ədalətli aparılmasını, günahkarların cəzalandırılmasını, müvafiq istiqamətlər üzrə təzminatların ödənilməsini gözləyir. Bunun alternativi yoxdur və bizim ölkəmizdə şantaj və həqarət təbliğatı qəbul olunmur və olunmayacaq. Yaxşı olar ki, Rusiya hakimiyyəti işbirliyində olduğu resursların nəfəsliyini açsın və havanı dəyişsin”, - deyə deputat qeyd edib.

Milli Məclisin deputatı Hikmət Babaoğlu isə Trend-ə açıqlamasında bidirib ki, Azərbaycanın AZAL şirkətinə məxsus təyyarənin məhz Rusiya hava məkanında şübhəli şəkildə zədələnməsi və Qazaxıstan ərazisində məcburi eniş etməsi bir faciədir:

“Azərbaycan dövləti və xalqı belə bir hadisənin baş verməsinin obyektiv səbəblərini axtarır. Nəticə etibarilə sağ qalan şahidlərin ifadəsindən, qəzaya uğrayan təyyarədəki izlərdən də bəlli olur ki, hava gəmisi yerdən hücuma məruz qalıb. Hadisənin törədilməsində cinayət tərkibinin olub-olmaması bu gün ən vacib sualdır. Azərbaycan prezidenti isə bu məsələnin sonadək obyektiv araşdırılmasını tələb etməklə öz dövlətinin, millətinin, vətəndaşlarının maraqlarından çıxış edərək qətiyyətli fikirləır səsləndirib”.

Millət vəkilinin sözlərinə görə, bu qəza baş verər-verməz Rusiyanın bəzi hakimiyyət dairələri və nümayəndəlikləri tərəfindən hadisə ətrafında informasiya dolaşıqlılığı yaratmağa cəhd göstərildi:

“Əslində, bu cür davranışların özü qəzaya uğramış təyyarəyə qarşı müəyyən cinayət tərkibli hərəkətin törədilməsi ilə bağlı şübhələr yaratdı. Bundan sonra Azərbaycanın qətiyyətli mövqeyi və tələbindən sonra hadisənin araşdırılma mərhələsi başladı. Amma çox təəssüf ki, ilkin rəsmi nəticələr elan olunmadan yenidən Rusiyadakı müxtəlif güc mərkəzləri tərəfindən Azərbaycana qarşı idarə olunan lokal informasiya hücumları başladıldı. Bu, bir daha onu göstərir ki, bu cür aqressiv mövqenin arxasında nəyisə gizlətmək cəhdləri var. Görünür, ilkin nəticələr də cinayət ehtimalını təsdiq etdiyinə görə nəticələr rəsmiləşmədən indidən Azərbaycana qarşı müxtəlif mərkəzlər tərəfindən hücumlar təşkil edilir”.

Deputat qeyd edib ki, bəzi Rusiya rəsmiləri belə əldə olunan ilkin nəticələrin dövriyyədə olan informasiyalarla uzlaşmadığını iddia edirlər.

“Yəni az qalsın rəsmi səviyyədə obyektivliyə kölgə salırlar. Amma, şübhəsiz ki, Rusiya kimi böyük dövlətin davranışları belə olmamalıdır. Bu davranışlar 22 fevral 2022-ci ildə Rusiya və Azərbaycan arasında imzalanan müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməyə də ziddir. Rusiyadakı sağlam qüvvələr Azərbaycana qarşı informasiya hücumlarının qarşısını almalıdırlar, bu prosesin obyektiv şəkildə sona çatması üçün əllərindən gələni etməlidirlər. Əks təqdirdə, bu, Rusiya-Azərbaycan münasibətlərinə bərpa olunması çətin və çox uzun müddət tələb edən zərərlər verə bilər. Bu da nə Rusiya, nə də Azərbaycanın xeyrinədir”, - deyə H.Babaoğlu əlavə edib.

Geri qayıt