Əsas Səhifə > Güney Press > İrəvan Bakını yeni “avantüra”ya çəkmək istəyir:

İrəvan Bakını yeni “avantüra”ya çəkmək istəyir:


Dünən, 17:24
İrəvan Bakını yeni “avantüra”ya çəkmək istəyir:
Cənubi Qafqazda geopolitik proseslər həlledici mərhələyə keçid edib. Bu mərhələdə yeni regional savaşın baş verib-verməyəcəyi də böyük ölçüdə aydınlaşmış olacaq. Yəni, Ermənistan sülh və ya savaş arasında prinsipial seçim etmək məcburiyyətində qalacaq. Hər halda, rəsmi İrəvanın siyasi manipulyasiyalarla “nə sülh, nə hərb” mərhələsini uzatması bundan sonra mümkün deyil. Və bu baxımdan, Cənubi Qafqazı böyük dəyişiklik dövrünün gözləməkdə olduğu qətiyyən şübhə doğurmur.

Onu da qeyd etmək lazımdır ki, hazırda zaman Ermənistanın əleyhinə işləyir. Hətta ABŞ, Avropa Birliyi və Fransanın vədlərinə güvənən rəsmi İrəvanın Ermənistanın gələcək taleyini inkişaf perspektivləri üzərində indeksləşdirmək şansını tədricən əldən buraxmaqda olduğunu da düşünmək olar. Hər halda, zaman keçdikcə, geopolitik situasiyanın Ermənistanın xeyrinə dəyişə biləcəyinə yönəlik “erməni xəyalları” artıq boşa çıxmaq üzrədir. Və bu baxımdan, hesab etmək olar ki, Ermənistan hazırda böyük sürətlə seytnota düşməyə doğru irəliləyir.

Məsələ ondadır ki, rəsmi İrəvan Qərbə inteqrsiya avantürasına qapılaraq, Ermənistanı “könüllü” şəkildə ABŞ, Avropa Birliyi və Fransanın Cənubi Qafqazdakı “geopolitik müstəmləkə”sinə çevirməyə nail oldu. Ancaq bunun qarşılığında böyük ümidlərlə gözləsə də, Ermənistana təhlükəsizlik təminatı ala bilmədi. Belə vəziyyətdəsə, Ermənistanın “geopolitik müstəmləkə” statusu rəsmi İrəvana demək olar ki, heç bir müdafiə immuniteti qazandırmır. Əksinə, rəsmi İrəvan sülh şanslarını itirir və Ermənistanı hərbi-siyasi hədəfə çevirir.

Halbuki, Ermənistan üçün ən real təhlükəsizlik təminatı rolunu məhz Azərbaycanla imzalamalı olduğu yekun sülh sazişi oynaya bilər. Rəsmi İrəvan isə Cənubi Qafqazda yeni regional savaşın törədilməsində maraqlı olan Qərbdən gələn təlimatları yerinə yetirməklə, Ermənistanı sülh prosesindən yayınmaqda olan tərəf çevirib. Hətta rəsmi İrəvan bu istiqamətdə geriyədönülməsi olduqca çətin mərhələyə qədər irəliləyib.

Üstəlik, dünyada və regionda cərəyan edən proseslər rəsmi İrəvanın qeyri-real hesablamalarına zidd şəkildə cərəyan etdiyindən Ermənistan sülh və ya savaş arasında təcili seçim etmək məcburiyyətinə maksimum səviyyədə yaxınlaşıb. Ona görə də, hazırda Ermənistanın gələcək taleyi məhz Paşinyan hakimiyyətinin indi edəcəyi seçimdən birbaşa asılı olacaq. Və o da inkaredilməz reallıqdır ki, Ermənistanın prinsipial seçim üçün zamanı o qədər də çox qalmayıb.

Maraqlıdır ki, rəsmi İrəvan da mövcud uğursuz situasiyadan məyusdur və Ermənistan üçün yaxınlaşan təhlükədən ciddi şəkildə narahatdır. Paşinyan hakimiyyəti ən yaxın vaxtlarda Azərbaycanla yekun sülh sazişinin imzalanmasının qaçılmaz ola biləcəyini artıq anlayır. Ancaq buna baxmayaraq, rəsmi İrəvan həmin sənədin imzalanmasından öncə Ermənistanı gözləyən bəzi hüquqi-siyasi təhlükələri də aradan qaldırmağa çalışır. Və bu baxımdan, olduqca absurd təkliflər irəli sürür.

Məsələ ondadır ki, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla münasibətləri "sıfırdan başlamağı" təklif edib. Erməni baş nazir Vaşinqtonda “Atlantic Council”də çıxış edərkən, bildirib ki, Ermənistan münaqişəli məsələlərin müzakirəsini başa çatdırmaq və Azərbaycanla ikitərəfli münasibətlərdə yeni bir dövr açmaq istəyir. Və rəsmi İrəvanın bunu necə edəcəyinin özü də kifayət qədər müəmmalı xarakter daşıyır.

Erməni baş nazir vurğulayıb ki, Ermənistan yekun sülh müqaviləsi layihəsinin razılaşdırılmamış qalan iki maddəsi ilə bağlı rəsmi Bakıya təkliflər təqdim edib. Bunlardan biri sərhəddə üçüncü qüvvələrin yerləşdirilməsinə qadağa qoyulması ilə bağlıdır. Rəsmi Bakı bu məsələdə tam qadağada israr edir. Rəsmi İrəvan isə bu qadağanı yalnız delimitasiya olunmuş hissələrlə məhdudlaşdırmağı təklif edir.

İkinci məsələ isə beynəlxalq məhkəmələrdə iki ölkənin bir-birinə qarşı qaldırdığı bütün iddiaların geri götürülməsi ilə bağlıdır. Baş nazir Nikol Paşinyan qeyd edib ki, Ermənistan buna hazırdır, lakin şərt olaraq, bu mövzuların ikitərəfli danışıqlarda da gündəmə gətirilməməsini istəyir. Yəni, rəsmi İrəvan Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi, iqtisadi və s. cinayətlərin ört-basdır edilməsinə cəhd göstərir.

Baş nazir Nikol Paşinyan onu da vurğulayıb ki, tərəflər artıq əsas müddəalar, o cümlədən, bir-birinin ərazi bütövlüyünü sovet dövrü xəritələri əsasında tanımaq barədə razılığa gəliblər. Onun fikrincə, sülh müqaviləsinin imzalanacağı gün yaxınlaşır və bunun üçün yalnız siyasi iradə göstərmək qalır. Halbuki, rəsmi İrəvanın belə bir siyasi iradəyə malik olduğunu sübut etməyə nail olub-olmayacağı hələlik müəmmalıdır. Və erməni baş nazir ilk növbədə bu önəmli problemi həll etmək barədə düşünməlidir.

Digər tərəfdən, erməni baş nazirin Ermənistan-Azərbaycan münasibətlərini "sıfırdan başlamağı" təklif etməsi tamamilə məntiqsiz yanaşmadır. Birincisi, Azərbaycan və Ermənistan arasında müstəqillik dövründə hər hansı münasibət olmayıb. Ona görə də, olmayan münasibətləri sıfırdan başlamaq sadəcə, mümkün deyil. İkincisi, müstəqilik dövründə Ermənistan Azərbaycana qarşı çoxsaylı hərbi, iqtisadi və s. cinayətlər törədib. Və indi erməni baş nazir “sıfırdan başlama” sərsəmləməsi ilə Azərbaycanın Ermənistan tərəfindən törədilmiş həmin cinayətləri unutmalı olduğunu düşünürsə, çox böyük səhv edir.

Xüsusilə də, Ermənistan tərəfindən Azərbaycanın 30 ilə yaxın işğal altında saxlanılmış ərazilərində bütün şəhərlərin və kəndlərin tamamilə dağıdılmasını heç kim unutmaz. Ermənistan ordusunun törətdiyi Xocalı soyqırımı və digər kütləvi qətliamlara görə mütləq cavab vermək lazım gələcək. Eyni zamanda, rəsmi İrəvan Azərbaycana vurduğu iqtisadi ziyanı, eləcə də, ölkəmizin təbii sərvətlərinin talanmasına görə kompensasiya ödəməyə də hazır olmalıdır. Və erməni baş nazir münasibətlərə “sıfırdan başlayaq” təklifi ilə Ermənistanı bütün bu cinayətlərin məsuliyyətindən qətiyyən yayındıra bilməz.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat”

Geri qayıt