Əsas Səhifə > Güney Press > Gürcüstan 3+3 platformasında...
Gürcüstan 3+3 platformasında...Dünən, 11:33 |
![]() Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dövlət Dumasında çıxışında “3+3” regional formatından danışıb. XİN rəhbəri qeyd edib ki, "3+3" formatının qapıları Gürcüstan üçün açıq qalır. Lavrovun sözlərinə görə, bu ölkənin nümayəndələrinin hər zaman müzakirələrə qoşulmaq imkanı mövcuddur: "Gürcüstanın hazırkı rəhbərliyi ölkənin milli maraqlarını nəzərə alır. “3+3” formatı isə (Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, İran, Türkiyə) bütün iştirakçıların maraqlarına cavab verir". Nazir bildirib ki, format çərçivəsində keçirilmiş son görüşdə bu mexanizmə daha strukturlaşdırılmış xarakter verilməsi barədə qərar qəbul edilib ki, bu da onun effektivliyini artıracaq: “3+3” əməkdaşlıq təşəbbüsü Azərbaycan və Türkiyə prezidentləri tərəfindən birlikdə irəli sürülüb və bu, Rusiya Prezidenti Vladimir Putin tərəfindən dəstəklənib". Onun sözlərinə görə, “3+3” formatında 2021-ci ildən bəri üç dəfə görüş keçirilib: “Bunlardan ikisi nazirlər səviyyəsində keçirilib. Sonuncusu ötən ilin oktyabrında Türkiyədə baş tutub. Ən əvvəldən hamı razılaşıb ki, bizim format məhz “3+3”dür. Biz Gürcüstanın mövqeyində şübhəni və nüansları anlayırıq. Lakin gürcü nümayəndələr üçün “kreslo” hər zaman bu formatda iclasın keçirildiyi zalda olacaq. Bu, sonuncu nazirlər səviyyəsində görüşdə də təsdiq olunub və orada qərar qəbul olunub ki, bu məşvərətçi platformadan strukturlaşdırılmış təşkilat yaradılsın. O ki qaldı “3+3” formatının bütün iştirakçıların maraqlarına xidmət etməsinə, buna heç kəsin şübhəsi yoxdur. Onu deyim ki, bu, ABŞ-nin keçmiş administrasiyasında şübhə deyil, paxıllıq doğurmuşdu". Gürcüstan parlamentinin vitse-spikeri Gia Volski isə deyib ki, Gürcüstan 3+3 platformasında nə siyasi, nə də iqtisadi iştirakda maraqlıdır. Volski bildirib ki, bu gün Azərbaycan və Ermənistan arasında vəziyyət kifayət qədər gərgindir: "Rusiya, Türkiyə və İran arasında da normal münasibətlər yoxdur. Bu məsələ Gürcüstanın həm siyasi, həm də iqtisadi baxımdan bu platformada iştirakda maraqlı olacağı səviyyəyə qaldırılmayıb. Görünür, bizim bu formata qoşulmağımızı nə siyasi, nə də iqtisadi baxımdan əsaslandırmaq olmur. Odur ki, prosesləri gözləyək. Gürcüstanın təəssüf ki, dünya proseslərinə təsir edəcək resursları yoxdur, lakin biz düzgün siyasət seçmişik və bu günə kimi ölkəmizdə sabitliyi qoruyub saxlamışıq". Politoloq İlqar Vəlizadə isə "Sherg.az"a deyib ki, Gürcüstan hakimiyyəti "3+3" formatında iştirakla bağlı mövqeyini dəyişə bilər. Ekspertin sözlərinə görə, əgər Rusiya Abxaziya və Osetiya Gürcüstanın yirisdiksiyasına qaytarılarsa, Tbilisi hökuməti "3+3" formatına "yox" deməz: "Gürcüstanın Rusiyanın yer aldığı əməkdaşlıq platformasından kənarda durması anlaşılandır. Ortada ərazi faktoru var. Əgər bu məsələ həll olunarsa, hüquqi maneələr ortadan qalxarsa, Gürcüstan Rusiyanın da təmsil olunduğu regional əməkdaşlıq platformalarında yer ala bilər. Lakin görünən odur ki, Gürcüstanın gözləntiləri yönündə heç nə baş vermir. Rusiya bu barədə düşünmür. Ən azından Abxaziya və Osetiya barədə Moskva və Tbilisi arasında açıq müstəvidə heç bir danışıq getmir. Bu da ondan xəbər verir ki, Gürcüstanın ərazi məsələsi yaxın müddətdə həllini tapmayacaq. Rusiya-Gürcüstan münasibətlərində qeyri-müəyyən vəziyyət hələ davam edəcək". Geri qayıt |