Əsas Səhifə > Güney Press > “ABŞ Rusiyanın dediyini Ukraynaya təkrar edir”

“ABŞ Rusiyanın dediyini Ukraynaya təkrar edir”


Bu gün, 17:35
“ABŞ Rusiyanın dediyini Ukraynaya təkrar edir”
“İndi dünyanın ən gərgin regionu iki böyük dövlətin təzyiqi altında olan Ukraynadır. Bir tərəfdən Rusiya hərbi təzyiq edir, bu ölkənin enerji resurslarını vurur, şəhərlərini dağıdır, ölkəni işğal etmək istəyir. Digər tərəfdən də Amerika siyasi təzyiq göstərir”.

Bu fikirləri Reyting.az-a hərbi ekspert Azad İsazadə deyib.

Onun sözlərinə görə, Rusiya Ukrayna ilə bağlı qarşısına qoyduğu məqsədlərə tam nail ola bilməsə də, niyyətindən vaz keçməyib.

A. İsazadə bildirib ki, Amerikanın yeni hakimiyyəti müharibəni dayandırmaq üçün Kiyevə təzyiq edir, faktiki olaraq Rusiyanın dediyini musiqi notu kimi təkrar edir: “Üstəlik, Ukraynanın milli sərvətləri ilə bağlı müqavilə bağlamaq istəyir. Bu baxımdan Kiyev həm Rusiya, həm də Amerikanın təzyiqi ilə üzləşib. Bu, sözsüz ki, çox ciddi problemdir”.

Hərbi ekspert əlavə edib ki, çoxları bu prosesin sonunda Zelenskinin hakimiyyətdən gedəcəyini və ya istefa verəcəyini gözləyir: “Bəli, indi görünən odur ki, Zelenski Tramp üçün problemdir və onun getməsi həm ABŞ, həm də Rusiyanın maraqlarına uyğundur. Amma Zelenski deyir ki, yalnız Ukraynanın təhlükəsizliyinə təminat verilərsə və ya ölkəsi NATO-ya daxil olarsa, hakimiyyətdən gedə bilər. Zelenski yaxşı dərk edir ki, yaxın dövrdə bu məqamlar baş verməyəcək, odur ki, belə siyasi bəyanatla hər kəsi fakt qarşısında qoyur”.

Yaxın dövrdə ABŞ və Ukrayna arasında mineral və digər milli sərvətlərlə bağlı sazişin imzalanacağından da söz açan A. İsazadə bildirib ki, bu sazişin təhlükəsizliklə bağlı əlaqəsi olmasa da, Ukraynaya böyük kapitalın gəlməsi deməkdir: “Bu da istər-istəməz müsbət haldır. Amma bunun fonunda Tramp-Putin görüşü natmam qalır, tərəflərin görüş niyyəti var, amma heç biri buna hazır deyil. Odur ki, indi hər bir tərəf çalışır ki, cəbhədə üstünlük əldə etsin, daha çox ərazini nəzarətə götürsün. Çünki bu, danışıqlar prosesində mövqeləri gücləndirə bilər. Bu baxımdan, hesab edirəm ki, yaxın dövrdə Ukrayna-Rusiya cəbhəsində gərginlik daha da artacaq”.

Geri qayıt