Əsas Səhifə > Güney Press > Azərbaycan- Qvineya-Bisau münasibətlərində iqtisadiyyat və müdafiə sahələri prioritet təşkil edəcək

Azərbaycan- Qvineya-Bisau münasibətlərində iqtisadiyyat və müdafiə sahələri prioritet təşkil edəcək


Bu gün, 09:00
Azərbaycan- Qvineya-Bisau münasibətlərində iqtisadiyyat və müdafiə sahələri prioritet təşkil edəcək
Afrika ölkələri ilə əlaqələrin genişləndirilməsi Azərbaycan üçün hər zaman prioritet olub. Afrika dövlətləri də Azərbaycanla siyasi, iqtisadi əlaqələrin qurulmasına böyük əhəmiyyət verirlər. Elə bu səbəbdən Azərbaycan və Afrika ölkələri arasında əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir. Şübhəsiz, ölkəmizin Qoşulmama Hərəkatına 4 il sədrlik etməsi Afrika ölkələri ilə əməkdaşlığımıza yeni təkan verib. Belə ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə Afrika ölkələrinin maraqlarının beynəlxalq platformalarda təbliği və onlarla əlaqələrinin inkişafına böyük səylər göstərib. Ölkəmizdə keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) da rəsmi Bakı bu ölkələrin maraqlarına sadiq olduğunu nümayiş etdirib. Həm də Prezident İlham Əliyev üzləşdirkləri problemləri aradan qaldırmaq məqsədilə  həmin dövlətlərə dəstək göstərilməsinin vacibliyini bütün dünyaya bəyan edib.
Bu gün Afrika dövlətləri Azərbaycana daha çox yaxınlaşmaqdadır. Bunun əsas səbəblərindən biri ölkəmizin heç bir gizli geosiyasi gündəliyinin olmaması və həmin ölkələrə səmimi əməkdaşlıq təklif etməsidir. Ötən il aprelin 4-5-də Konqo Prezidenti Deni Sassu-Nqesso, bu il fevralın 11-14-də Somali Prezidenti Hasan Şeyx Mahmud Azərbaycana rəsmi səfərləri zamanı həmin ölkələrlə arasında qarşılıqlı əlaqələrin daha da gücləndirilməsi niyyəti ifadə olundu, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə dair hüquqi-normativ sənədlər imzalandı.
Hazırda Prezident İlham Əliyevin siyasi iradəsi və uzunmüddətli strateji məqsədlərə istiqamətlənmiş müdrik siyasəti nəticəsində Afrika qitəsi ölkələri ilə münasibətlərin daha da inkişaf etdirilməsi, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi prosesi davam edir, bu əlaqələrdə ölkəmizin milli mənafeyinə uyğun yeni hədəflər müəyyənləşdirilib.
hazırda Azərbaycanla Afrika qitəsi ölkələri arasında iqtisadiyyat, neft-qaz, mədənçilik, müdafiə sənayesi, minatəmizləmə, təhsil sahələrində, eləcə də humanitar yardımların həyata keçirilməsi və “ASAN xidmət” modelinin Afrika ölkələrində tətbiqi istiqamətlərində əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük potensial mövcuddur.
Azərbaycanın Afrika siyasətində əsas əməkdaşlıq komponentlərindən biri də qitə ölkələrinə humanitar yardımların göstərilməsidir. Demək olar ki, bütün Afrika qitəsi ölkələrinə Azərbaycan tərəfindən çoxtərəfli və ikitərəfli əsasda müxtəlif zamanlarda humanitar və inkişafa yardım xarakterli yardımlar göstərilib. Afrikaya humanitar yardım sıralamasında Azərbaycan ilk 20 ölkə arasında yer alır. Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) vasitəsilə artıq neçə ildir ki, müxtəlif Afrika ölkələrində tibbi və texniki yardım layihələri həyata keçirilməkdədir. Bu fəaliyyətə, həmçinin Heydər Əliyev Fondu mühüm töhfə verir.
Bir sözlə, Azərbaycan və Afrika ölkələri arasında münasibətlər sürətlə inkişaf edir. Şübhəsiz, Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalonun fevralın 27-də Azərbaycana rəsmi səfər etməsi bu əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərir. Qvineya-Bisau prezidentinin Azərbaycana səfəri səfəri iki ölkə arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi, maraq doğuran məsələlərə dair müzakirələrin aparılması və razılaşmaların əldə edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Həmin gün iki dövlət rəhbərləri arasında təkbətək və lanç əsnasında geniş tərkibdə görüşləri olub.
Görüşlər zamanı qeyd edilib ki, Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalonun ölkəmizə səfəri tarixi səfərdir. İlk dəfədir ki, Qvineya-Bisau Prezidenti Azərbaycana rəsmi səfərə gəlib. Görüşlər zamanı ikitərəfli gündəliyə aid olan mühüm məsələlər müzakirə edilib və tərəfdaşlığın bütün sahələrdə gücləndirilməsi ilə bağlı razılığa gəlinib. Ölkəmiz artıq bir çox ölkələrə sərmayələr yatırıb. Həmçinin müdafiə və müdafiə sənayesi sahəsində əməkdaşlıq etmək üçün fürsət yaradılıb.
Tədbirdən sonra mətbuata bəyanatla çıxış edən Prezident İlham Əliyev ölkələrimiz arasında siyasi münasibətlərin çox yaxşı olduğunu vurğulayıb. Dövlətimizin başçısı, həmçinin qeyd edib: “Beynəlxalq təsisatlarda bir-birimizi dəstəkləyirik, bunu belə də davam etdirəcəyik. BMT və digər beynəlxalq təsisatlarda, İslam Əməkdaşlıq Təşkilatında, Qoşulmama Hərəkatında bir-birimizi dəstəkləyirik”.
Qeyd edilməlidir ki, Azərbaycan koronovirus pandemiyası ilə qlobal mübarizə çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə Qvineya-Bisauya 2020-ci ildə 100 min ABŞ dolları həcmində yardım göstərib.

Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası
"DİA-AZ"

Geri qayıt