Baş nazirin "psixotrop" iddiaları...
Azərbaycan prezidenti İlham Əliyevinın 7-də yerli televiziya kanallarına müsahibəsini xatırlayırsınız. Prezident həmin müsahibədə Ermənistanla bağlı bir sıra kəskin fikirlər söyləmişdi. Əslində bunlar kəskin də deyil, sadəcə, həqiqətlərdir.
Prezident İlham Əliyev Ermənistanda faşizm meylləri haqqında danışmışdı; bu dövlətin faşizm ideologiyası üzərində qurulduğunu demişdi. Baş nazir Nikol Paşinyanın buna son qoyacağını gözlədiyini demişdi.
Ermənistan hökumətinin başçısı bu bəyanatlara cavab olaraq, bildirmişdi ki, o, "Bakı ilə münasibətləri gərginləşdirməmək üçün" Azərbaycan prezidentinin bu fikirlərini şərh etmək istəmir. Paşinyan demişdi ki, o, "sülh strategiyası və sülh gündəliyi çərçivəsində hərəkət edəcək".
Bu, Nikol Paşinyanın "sülh göyərçini" olaraq verdiyi bəyanat idi. Ancaq onu yenidən siyasi "qırğı" obrazında görmək üçün çox gözləmək lazım gəlmədi.
Ümumiyyətlə, Paşinyanın eyni məsələyə dair bir-birindən fərqli, bir-birinə zidd bəyanatlar verməsi adət halını alıb. Ermənistan hökumətinin başçısı bu dəfə də yanıltmadı.
Doğrudur, Ermənistanın faşist ideologiyası üzərində qurulmuş dövlət olduğu haqda Azərbaycan prezidentinin fikirlərini şərh etməməklə əslində Paşinyan dolayısı ilə İlham Əliyevin dedikləri ilə daxilən razılaşdığını da göstərdi. Buna əsaslanıb demək olardı ki, o, Azərbaycanın dövlət başçısının faşizmə son qoymaq çağırışını da qəbul edib. Ancaq Bakıda məhkəməsi başlayan erməni əsilli təqsirləndirilən şəxslərlə bağlı söylədiyi fikirlər əvvəlki bəyanatlarını şübhə altına alır.
Məlumdur ki, Bakı Hərbi Məhkəməsində Qarabağda və Şərqi Zəngəzurda Azərbaycan dövləti və xalqı əleyhinə ağır cinayətlər törətməkdə təqsirli bilinən şəxslər üzərində proses başlayıb, məhkəmə istintaqı gedir. Müttəhimlərdən birinin ifadəsində adı çəkilən və narahat olan Paşinyan dərhal Azərbaycan əleyhinə uydurma bir ittihamla çıxış edib. O Ermənistan İctimai Televiziyasına müsahibəsində deyib ki, müharibə cinayətləri törətməkdə ittiham olunan şəxslərə guya psixotrop maddələr verilib və sair.
Azərbaycan Xarici İşlər Nazirliyindən bu böhtana tutarlı cavab özünü gözlətməyib. Bildirilib ki, təqsirləndirilən şəxslərlə bağlı bu cür iddiaları Beynəlxalq Qırmızı Xaç Komitəsi araşdırıb və onların yalan olduğu təsdiq edilib. Eyni zamanda həmin şəxslər istədikləri vəkillərlə təmin edilib, barələrindəki cinayət işlərinin materialları ilə tanış olmaq, məhkəmə prosesinə hazırlaşmaq imkanları da olub.
Bir sözlə, nə saxlanma zamanı, nə barələrində həbs qətiimkan tədbiri qəbul olunarkən, nə istintaq prosesində, nə də məhkəmədə heç bir prossessual pozuntuya yol verilməyib.
Doğrudur, Ermənistan mediasında, xarici mediada bu məsələyə dair uydurmalar yayılır. Xüsusilə, Fransa mediası canfəşanlıq edir. Amma bunların heç birində hər hansı rəsmi mənbələrə istinad yoxdur. Bu cür uydurma ittihamları yayanlar məhbusların vəziyyətini yerində izləmək, onlarla görüşmək imkanı olan Beynəlxalq Qırmızı Xaç Komitəsinin məlumatlarına əsaslanmırlar, heç adını da çəkmirlər.
Eynilə Nikol Paşinyan da heç bir konkret fakta, məlumatlı, etibarlı mənbəyə əsaslanmadan Azərbaycana qarşı saxta iddialar irəli sürür.
Bir tərəfdən, Azərbaycanla münasibətləri guya gərginləşdirmək istəmir, sülh gündəliyinə sədaqət andı içir, o biri tərəfdən, müharibə cinayətlərində təqsirləndirilən şəxslərə guya psixotrop maddələr verildiyini iddia edir.
Məlumdur ki, rəsmi İrəvan tez-tez Azərbaycanı Ermənistanın daxili işlərinə qarışmaqda günahlandırır. Ancaq Ermənistan özü Azərbaycanın daxili işlərinə qarışmağa, məhkəmənin gedişinə təsir etməyə, ifadələri yönləndirməyə uğursuz da olsa, hər halda cəhd edir. Azərbaycanın daxili işlərinə qarışmaq, əlbəttə, Ermənistan üçün çətindir. Bu cür bəyanatların məqsədi Azərbaycan əleyhinə xaricdə işləri qarışdırmaqdır.
Əslində Nikol Paşinyanın məqsədi heç də məlum təqsirləndirilən şəxsləri Azərbaycandan qorumaq deyil, özünü həmin şəxslərdən qorumaqdır. Eyni zamanda ABŞ-da hakimiyyət dəyişikliyi, ABŞ-la Avropa İttifaqı arasında ziddiyyətlər, Rusiyanın Ermənistana qarşı mövqeyinin daha da sərtləşməsi fonunda Nikol Paşinyanın qurduğu strategiya "axsamağa" başlayıb. Bütün bunlara görə Nikol Paşinyan Ermənistan cəmiyyətinin diqqətini mümkün qədər başqa mövzularla məşğul etməyə çalışır. Hansı səbəbdən olursa-olsun, Nikol Paşinyan yalan danışıb. Bakıda məhkəməsi gedən müttəhimlər 2023-cü ildə saxlanılana qədər hansı maddələrin təsirinə düşüblərsə, o başqa. Ancaq hazırda onların təsiri altında olduğu maddələr yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin maddələridir. Nikol Paşinyandan isə bu şəxslərə heç bir halda vəkil çıxmaz; əvvəla hüquq təhsili yoxdur, İrəvan Universitetində heç jurnalistika fakültəsini bitirə bilməyib (qovublar), o da olsun hüquq oxumaq, ikincisi, məlum şəxslər onun üçün "müvəkkil" deyil, rəqib kimi görünür. Üstəlik, diletant, həm də distant vəkil isə heç kimə kömək edə bilməz.
Bahəddin Həzi,
Bizimyol.info