Ermənistan Baş naziri Nikol Paşinyanın ABŞ-a səfəri yeni administrasiya ilə müəyyən təmaslar yaratmaq, əhval-ruhiyyəni və münasibətlərin perspektivini öyrənmək məqsədi daşıyır.
Axar.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq Konstantin Simonov Nikol Paşinyanın fevralda ABŞ-a səfər planının səbəbləri haqda danışarkən deyib.
O bildirib ki, Ermənistanın ciddi narahatlığı var və bunu Bayden administrasiyasının son günlərində sənədin (strateji tərəfdaşlıq haqda xartiya – red.) imzalanması da göstərdi:
“Əgər erməni tərəfi yeni rejimin Ermənistanla münasibətlərdə maraqlı olduğuna əmin olsaydı, o zaman sənəd yeni administrasiya ilə imzalanardı. Hazırda çoxlu qeyri-müəyyənlik var və yeni Dövlət Departamentinin Blinken qədər Cənubi Qafqazla maraqlanmayacağı ehtimal edilir.
Ancaq burada demək vacibdir: siyasətin effektivliyi nəticələrlə qiymətləndirilir. Blinkenin Dövlət Departamenti Cənubi Qafqazda hansı nəticələrə nail olub və Ermənistan həmin siyasətdən nə əldə edib: sülh bağlanmayıb, geosiyasi rəqabət güclənib, Rusiya və Azərbaycanla münasibətlərdə fikir ayrılıqları qalır, İranla da müəyyən anlaşılmazlıq var”.
Simonovun sözlərinə görə, ümumiyyətlə, Ermənistan hakimiyyəti bilmir ki, hansı istiqamətdə hərəkət etsin:
“Paşinyan hakimiyyəti əmin deyil ki, qərbyönlü siyasət Qərbə inteqrasiyaya aparacaq. Siz Zelenskinin son bəyanatlarını və NATO-ya üzvlüklə bağlı ümidsizliyini izləyə bilərsiniz. Qərb uzun müddət söz verdi, Ukraynanı Rusiyaya qarşı təhrik etdi və hazırda Ukraynaya heç bir aydın perspektiv təqdim etmir. Bu, Qərb siyasətinin ən yaxşı nümunəsidir”.