Əsas Səhifə > Ana xəbərlər, Güney Press > “4 ildir Şuşada işləsəm də, müavinət ala bilmirəm...”
“4 ildir Şuşada işləsəm də, müavinət ala bilmirəm...”21-12-2024, 17:46 |
“4 ildir Qarabağda işləsəm də, işğaldan azad olunmuş ərazilərdə azı 1 il işləyən vətəndaşlara ödənilən birdəfəlik müavinətdən yararlana bilmirəm”. Bu iddia ilə “Qafqazinfo”ya Şuşa sakini Emil Cəfərov müraciət edib. E.Cəfərovbilirib ki, bununla bağlı DOST Mərkəzinə müraciət etsə də, ona müavinətin düşmədiyi deyilib: “Prezident İlham Əliyevin Fərmanı ilə işğaldan azad olunmuş ərazilərdə ən azı 1 il işləyən hər bir vətəndaşa birdəfəlik 600 manat müavinət ödənilir. Mən də 2021-ci ildən Şuşada işləyirəm, eyni zamanda Şuşa sakiniyəm. Bu qərarla bağlı metronun “Koroğlu” stansiyasının yaxınlığında yerləşən DOST Mərkəzinə müraciət etdim və sistemdə Şuşada işləməyimlə bağlı məlumat var idi. Lakin mənə bu müavinətin ödənməyəcəyini dedilər. Səbəb kimi isə həmin şirkətin VÖEN müqaviləsinin Bakıda bağlandığını bildirdilər. Halbuki Qarabağda hansısa VÖEN bağlamaq üçün heç bir idarə yox idi”. Şikayətçi müavinətlə bağlı sənəddə müqavilənin Bakıda və ya Qarabağda bağlanması ilə bağlı hər hansı bənd olmadığını vurğulayıb: “Mənim kimi neçə nəfər tanıyıram ki, 2-3 ildir Şuşada yaşayır və işləyir. Lakin indiyə kimi heç biri müavinət ala bilməyib. Mən 4 ildir ki, Şuşada işləyirəm, mən işləyəndə hələ heç Xankəndi geri qaytarılmamışdı. O vaxt da müraciət edəndə eyni cavabı almışdım. Şirkətin müqaviləsinin Bakıda bağlanmasının biz işçilərə nə aidiyyəti var? Fərmanda bununla bağlı nəsə qeyd olunmayıb”. Problemlə bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət etdik. Qurumun Media və Kommunikasiya İdarəsindən sorğumuza belə cavab aldıq: “Həmin müavinətin ödənilməsi ƏƏSMN-in Əmək Müfəttişliyi ilə bağlı məsələdir. Digər məsələyə gəlincə isə, bu il aprelin 1-dən Qarabağ Ərazi Vergilər Baş İdarəsi fəaliyyətə başlayıb və hazırda Xankəndidə fəaliyyət göstərir. Həmin tarixə qədər də Şuşa Vergilər Şöbəsi mövcud olub, həmin idarəyə müraciət oluna bilərdi”. Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondundan sorğumuza cavab olaraq bildirildi ki, işğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün təsis olunan müavinət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Mərkəzləşdirilmiş elektron informasiya sisteminə (MEİS) inteqrasiya edilən aidiyyəti dövlət orqanlarının və qurumlarının informasiya ehtiyatlarında və sistemlərində olan məlumatlara əsasən proaktiv qaydada təyin olunur: “Yəni vətəndaşlardan hər hər hansı sənədləri toplayaraq təqdim etməsi tələb edilmir. Bu sosial ödəniş növü qanunvericiliyə əsasən aşağıdakı şərtlər daxilində təyin edilir: peşə, orta ixtisas və ali təhsil haqqında dövlət sənədi və son 60 ay ərzində ən azı 24 ay əmək stajı və işğaldan azad edilmiş ərazilərdə əmək müqaviləsi əsasında işləyən şəxs olmalı, işəgötürən işğaldan azad edilmiş ərazilərdə vergi uçotunda olmalı, iş yeri işğaldan azad edilmiş ərazilərdə yerləşməli və mütəxəssis işğaldan azad edilmiş ərazilərdə məskunlaşmalıdır. Cəfərov Emil Çingiz oğlunun müraciətinin araşdırılması zamanı müəyyən edilib ki, adıçəkilən şəxsin işğaldan azad edilmiş ərazilərində işləmək üçün azı bir il müddətinə bağlanılmış əmək müqaviləsi, Mərkəzləşdirilmiş elektron informasiya sistemində peşə, orta ixtisas və ali təhsili haqqında məlumatlar olmadığından və hal-hazırda çalışdığı işəgötürən işğaldan azad edilmiş ərazilərində vergi uçotunda olmadığından sözügedən müavinət təyin edilməyib”. ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən isə bildirilib ki, Əmək Məcəlləsinin 3-cü maddəsinin 2-1-ci hissəsinə əsasən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssis – peşə, orta ixtisas və ali təhsil haqqında dövlət sənədi və son 60 ay ərzində ən azı 24 ay əmək stajı olan və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əmək müqaviləsi (kontraktı) əsasında işləyən şəxsdir (xüsusi rütbəli şəxslər istisna olmaqla). "Məcəllənin 21-1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislər aşağıdakı şərtlər birgə mövcud olduğu hallarda bu Məcəllədə və Azərbaycanın digər qanunlarında nəzərdə tutulan güzəştlərdən və imtiyazlardan istifadə etmək hüququna malikdirlər: - mütəxəssislərin əmək müqaviləsi (kontraktı) bağladıqları işəgötürən (o cümlədən, hüquqi şəxs olduqda onun Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.2-ci maddəsinə uyğun olaraq vergi uçotuna alınmış filialı, nümayəndəliyi) Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində vergi uçotunda olduqda; -mütəxəssislərin əmək müqaviləsi (kontraktı) üzrə iş yeri Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yerləşdikdə; -mütəxəssislər Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məskunlaşdıqda (yaşayış yeri və ya olduğu yer üzrə qeydiyyata alındıqda). Məcəllənin 21-1.1.1–21.1.1.3-cü maddələrində nəzərdə tutulan şərtlər pozulduqda güzəştlərin və imtiyazların tətbiqi dayandırılır. Bütün şərtlər mütləq ödənilməlidir. 159-ci maddəyə əsasən əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində işçilərin və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımlar (əmsallar) müəyyən edilir. Əmək haqqına belə artımların (əmsalların) məbləğinin minimum miqdarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” 22 avqust 2002-ci il tarixli 137 nömrəli NK Qərarına əsasən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin tarif (vəzifə) maaşlarına tətbiq edilən artımın minimum miqdarı 1,2 məbləğində müəyyən edilməlidir”, - sorğuya cavabda vurğulanıb. Xidmətdən, həmçinin bildirilib ki, müraciətdə qeyd olunan müavinət məsələsinə baxılması DƏMX-nin səlahiyyətləri xaricindədir. Geri qayıt |