Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Azərbaycan Prezidentinin bu səsini, çağırışlarını lazımınca qiymətləndirməyiblər

Azərbaycan Prezidentinin bu səsini, çağırışlarını lazımınca qiymətləndirməyiblər


Dünən, 11:08
Azərbaycan Prezidentinin bu səsini, çağırışlarını lazımınca qiymətləndirməyiblər
""Bu nailiyyətlərin bünövrəsində Azərbaycan Prezidentini siyasəti, xalqın öz rəhbərinə etimadı, hörməti və inamı dayanır".

İqtisadi böhranlara, beynəlxalq təzyiqlərə və pandemiyanın yaratdığı çətinliklərə rəğmən dövlət başçısının nümayiş etdirdiyi yüksək peşəkarlıq və xalqa arxalanma siyasəti Azərbaycanda yaşanan ümumxalq birliyinin səbəbidir.

Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük!” şüarı xalqın qalib ruhunun güzgüsüdür. Sonuncu prezident və parlament seçkilərindən sonra ölkəmizdə başlanan islahatlar yeni mərhələyə qədəm qoydu və bu gün də bu mütərəqqi proses Prezident İlham Əliyevin rəhbərliyi altında əzmlə davam etdirilir".

"Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 21 il zəngin, unudulmaz hadisələrlə əlamətdardır. Bu illərin, ayların hər biri Azərbaycan iqtisadiyyatının inkişafına, ölkənin müdafiə qüdrətinin gücləndirilməsinə və ilk növbədə insanların sosial rifah halının yaxşılaşdırılmasına yönəldilib".

Bu fikirləri "Cebheinfo.az"-a açıqlamasında millət vəkili Tahir Rzayev bildirib.

Onun sözlərinə görə, ölkəmizin başçısı 2003-cü ildə hakimiyyətə gələrkən "Mən hər bir Azərbaycan vətəndaşının prezidentiyəm" sözlərini özünə örnək seçib və fəaliyyət göstərdiyi bütün dövrlərdə bu anda sədaqətlə xidmət edib:

"Uğurlar çox böyükdür. Çünki bu nailiyyətlər, bu qələbələr Ulu Öndərimiz Heydər Əliyevin ideyalarına, onun qoyduğu yola əsaslanır.

Ümummilli Liderimiz Azərbaycanın iqtisadiyyatını, ordu quruculuğunu yüksəltməyi ilk növbədə insanlara sədaqətlə xidmət etməyi bir nümunə, xidmət kimi hər bir vətəndaşa təbliğ edib, öyrədib, eləcə də Azərbaycan Prezidenti cənab İlham Əliyev məhz bu ideyalardan qaynaqlanıb.

Ona görə də keçilən yol çoxmənalıdır, çox uğurludur. Bu yollarda Azərbaycan Prezidenti ilk növbədə öz xalqının birliyinə, onun etimadına, gücünə arxalanıb və əbəs yerə deməyib ki, "Biz birlikdə güclüyük, biz bir olanda daha möhkəm oluruq, əyilməz qüvvəyə çevrilirik".

O bildirib ki, ölkəyə rəhbərlik etdiyi illərdə Ulu Öndərimizin ideylarını sədaqətlə həyata keçirən Prezident İlham Əliyevin fəaliyyəti bu gün dünya ölkələri üçün bir nümunədir, örnəkdir:

"Çünki bu fəaliyyət, bu əməl, bu amal bəşəriyyətin xoşbəxtliyinə, demokratiyaya, insan azadlıqlarına, dünyada sülhün, əmin-amanlığın yaradılmasına xidmət edir və ölkəmizin başçısı öz əməlləri ilə bunu sübut edib.

Azərbaycan torpaqları 30 il işğal altında qaldığı bir dövrdə ölkə rəhbəri daim sülhə, danışıqlara, münasibətlərin yaxşılaşdırılmasına önəm verib, dünyanın nicatını məhz bunda, sülhün dayaqlarının möhkəmlənməsində görüb.

Təəssüflər olsun ki, Ermənistan kimi təcavüzkar dövlət və onun havadarları Azərbaycan Prezidentinin bu səsini, çağırışlarını lazımınca qiymətləndirməyiblər. Azərbaycanın birliyinə inanmayıblar, xalqın yekdilliyinə kölgə salıblar.

Ancaq Prezidentimiz öz əməlləri, fəaliyyəti, xalqı bir araya gətirməklə göstərdi ki, Azərbaycan xalqı mübarizdi, qətiyyətlidir.

O öz torpaqlarını düşməndən azad etməyə, qələbə çalmağa və dünyaya yeni bir Azərbaycan bəxş etməyə qadirdir.

Azərbaycan Prezidenti xalqı birləşdirməklə, mübarizəyə səfərbər etməklə dünyaya yeni bir nümunə göstərdi. Yeni bir Azərbaycan, yeni bir ordu, yeni bir xalq mübarizliyini ortaya qoydu və sübut etdi ki, güclü itisadiyyata, mübariz xalqa, döyüşkən orduya malik olan Azərbaycanla zor dilində danışmaq mümkün deyil".

Millət vəkili bildirib ki, bu gün Azərbaycanın qələbələri, iqtisadi uğurları, beynəlxalq aləmdə qazandığı nailiyyətlərlə hər birimiz qürur duyuruq:

"Çünki son illərdə ölkənin iqtisadiyyatı 3 dəfədən çox artıb, insanların sosial rifah halı xeyli yaxşılaşıb, müavinətlər, pensiyalar, əməkhaqları dəfələrlə artırılıb. Artıq gələn ilin büdcəsi 41 milyard manat həcmini keçib. Bu dövrümüzün ən yüksək büdcəsidir.

Əlbəttə ki, dayanıqlı, davamlı iqtisadiyyata malik olmayan ölkənin büdcəsi bu qədər yüksək ola bilməzdi. Artıq bizim valyuta ehtiyatlarımız 72 milyard dollar həcmini keçib. Ümumi daxili məhsul xeyli artıb.

Bu gün Azərbaycan Prezidenti xalqı birliyə, ölkə iqtisadiyyatını yüksəltməyə, qələbələrə ruhlandırmaqla bərabər bu çağırışların önündə gedir. Onun qarşıya qoyduğu ən başlıca bir vəzifə bu gün ordu quruculuğunu mökəmləndirmək, müdafiə qüdrətini artırmaq, sərhədlərimizi qorumaq, Azərbaycanın suverenliyini tam təmin etmək, işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərini uğurla həyata keçirmək və məskunlaşma prosesini sürətlə aparmaq, insanların sosial vəziyyətini daha da yaxşılaşdırmaqdır.

Bu gün Azərbaycan büdcəsindən müdafiə, təhlükəsizlik, qüdrətimizi yüksəldilməsi üçün artıq 8,4 milyard manat vəsait ayrılıb. Azərbaycan büdcəsi iqtisadi, sosialyönümlüdür və artıq büdcvə xərclərinin 41 faizini təşkil edir.

İşğaldan azad olunmuş ərazilərimizə 18 milyard manat son 4 ildə vəsait sərf olunub və 2025-ci ilin büdcəsində 4 milyard əlavə vəsaitin ayrılması nəzərdə tutulub. Bu, xalqın birliyinin, ölkə rəhbərinin yürütdüyü uzaqgörən siyasətin nəticəsidir.

Çünki bir müharibədə qalib gəlsək də, ancaq bu gün yenə də müharibə şəraitindəyik. Erməni faşistləri, onların havadarları ölkəmizə qarşı qərəzli, məkrli mövqe tuturlar.

Ermənistanı silahlandırırlar, təcavüzkarları yeni müharibəyə hazırlayırlar. Belə bir ərəfədə Azərbaycan Prezidenti daimi olaraq insanları öz ətrafında görür, onlarla görüşür, məsləhətləşir, təməlqoyma, açılış mərasimlərində insanlarla bir yerdə olub onları yeni qələbələrə ruhlandırır.

Xalqın birliyi bizim uğurlarımızdır, ölkənin inkişafıdır, düşmənə göz dağıdır. Cənab Prezident bunu özünün bütün çıxışlarında dönə-dönə təkrarlayır və çox qürurla bildirir ki, "Mən xalqıma arxayınam, xalqıma güvənirəm".

Ölkə rəhbəri özünün son müsahibəsində bu reallıqları, xalqın inamını, həyata keçirdiyi və görəcəyi işləri, ölkəmizə qarşı yönəldilən təhdidləri geniş şəkildə izah edib, son məqamda yenə də xalqın birliyinə, gücünə istinad edib. Əlbəttə, bu qürurvericidir.

Ölkə rəhbərinin 21 illik fəaliyyəti göstərir ki, ölkədə həyata keçirilən uğurlar, nailiyyətlər, yeni qələbələrə yol açır. Bu nailiyyətlərin bünövrəsində, onun mayasında Azərbaycan Prezidentini siyasəti, xalqın öz rəhbərinə etimadı, hörməti və inamı dayanır.

Xalq-iqtidar birliyi bu gün nailiyyətlərimizin əsası sayılmaqla bərabər, həm də gələcək xoşbəxtliyimiz üçün bir zəmanətdir. Azərbaycan Prezidenti bunu görür, duyur və qiymətləndirir”.
Geri qayıt