Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Zəngəzur dəhlizi uğrunda gərgin SAVAŞ

Zəngəzur dəhlizi uğrunda gərgin SAVAŞ


Bu gün, 09:26
Zəngəzur dəhlizi uğrunda gərgin SAVAŞ
“Ermənistan istəsə də, istəməsə də Zəngəzur dəhlizi açılacaq. Çünki artıq regionda geosiyasi vəziyyət dəyişməyə doğru gedir”.

Bu sözləri politoloq Elçin Xalidbəyli “Cümhuriyət” qəzetinə şərhində Ermənistan Baş nazirinin müavini Mehr Qriqonyanın Zəngəzur dəhlizi ilə bağlı bəyanatını şərh edərkən bildirib. Qeyd edək ki, M. Qriqonyan jurnalistlərə açıqlamasında Zəngəzur dəhlizinin açılmayacağımı bəyan edib.

Politoloq E. Xalidbəylinin sözlərinə görə, Ermənistanın Azərbaycan və Türkiyədən asılılığı daha artacaq:

“Qlobal dünyada, o cümlədən Cənubi Qafqazda geosiyasi vəziyyət sürətlə dəyişir. Bu baxımdan, Ermənistanın mövqeyi o qədər də əhəmiyyət daşımayacaq. Qeyd edim ki, Zəngəzur dəhlizinə ən çox müqavimət göstərəcək ölkələrdən biri olan İran hazırda Yaxın Şərqdə öz geosiyasi və geostrateji mövqeyini itirmək üzrədir.

İran daha da zəiflədiyi təqdirdə Cənubi Qafqazda təsir imkanları da məhdudlaşacaq. Dəhlizin açılmasına müqavimət göstərə bilməyəcək. Hazırda Zəngəzur dəhlizi uğrunda ciddi mübarizə gedir. Bu mübarizədə Rusiya 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatın 9-müddəasına uyğun olaraq dəhlizə tam nəzarət etmək niyyətindədir. Digər tərəfdən, ABŞ, Fransa və Avropa İttifaqı Rusiyanın dəhlizə nəzarətinin qarşısını almaq üçün dəhlizin açılmasına əngəl olurlar”.

Həmsöhbətimiz qeyd edib ki, Zəngəzur dəhlizinin açılmamasının əsas səbəbi Rusiya ilə Qərb arasında gedən mübarizədir:

“Amma son zamanlar regionda geosiyasi vəziyyət dəyişməyə doğru gedir. Yaxın zamanda Bayden administrasiyasının səlahiyyət müddəti bitəcək və Donald Tramp öz prezident səlahiyyətlərinə başlayacaq. Tramp administrasiyasının Ermənistanla bağlı mövqeyi qeyri-müəyyəndir. Əgər Donald Tramp və onun komandası Bayden administrasiyası kimi Ermənistana dəstək verməsə, İrəvan ciddi problemlərlə üzləşəcək. Bəzi ehtimallara görə, Trampın geosiyasi məsələlərdən daha çox geoiqtisadi və maliyyə məsələlərinə üstünlük verəcəyi gözlənilir.

Tramp özü biznes adamıdır və növbəti prezidentlik dövründə iqtisadi maraqları üstün tutacağı gözlənilir. Bu səbəbdən Cənubi Qafqaz da Tramp administrasiyasının geoiqtisadi strategiyasında yer alacaq. Belə olan halda Azərbaycanın ABŞ üçün əhəmiyyəti artacaq. Bu arada bütün diqqətini Ukraynadakı müharibəyə yönəldən Rusiyanın Cənubi Qafqazda geosiyasi və geostrateji mövqeyi əvvəlki kimi güclü olmayacaq”.

E. Xalidbəyli əlavə edib ki, Ermənistanın Azərbaycan və Türkiyədən asılılığı daha da artacaq:

“Elə bir şərait yaranacaq ki, Ermənistan Zəngəzur dəhlizinin açılması üçün Bakı və Ankaraya yalvarmaq məcburiyyətində qalacaq. Azərbaycanın şərti budur ki, Zəngəzur dəhlizi açılacağı təqdirdə Ermənistanı digər regionlarla birləşdirən kommunikasiya xətləri də açılacaq. Əgər Zəngəzur dəhlizi açılmayacaqsa, digər kommunikasiya xətləri də reallaşmayacaq. Ermənistan blokadada qalmaqda davam edəcək. Belə olanda, Ermənistan iqtisadi cəhətdən daha da çökəcək”.

Geri qayıt