Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Ermənistanın dəmir yolu təklifi: Paşinyan əslində nə istəyir?

Ermənistanın dəmir yolu təklifi: Paşinyan əslində nə istəyir?


Bu gün, 09:50
Ermənistanın dəmir yolu təklifi: Paşinyan əslində nə istəyir?
Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, ölkəsi Azərbaycana ötən əsrin 90-cı illərinin əvvəllərində Qarabağda münaqişə başlayandan sonra dayandırılmış dəmir yolu əlaqəsini bərpa etmək təklifi göndərib.
Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı dəmir yolları infrastrukturuna da böyük ziyan vurub. Hesablamalara görə, dəyən ziyanın məbləği 45 milyon 60 min dollar məbləğində qiymətləndirilir.
30 ilə yaxın bir dövrdə Azərbaycanın dəmir yollarının 240,4 kilometri işğal altında qalıb. Belə ki, həmin dövrdə Horadiz-Ordubad sahəsinin 144 kilometri, (o cümlədən Mehri rayonu üzrə 43,4 kilometr), Mincivan-Oratan xətti üzrə 39,1, Təzəkənd-Xankəndi xətti istiqamətində 51, Qazax-Barxudarlı xətti üzrə 6,3 kilometr yol işğal edilmiş sahədə qalıb.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyir ki, Paşinyanın bu açıqlamasının arxasında Ermənistan iqtisadiyyatı durur desək yanılmarıq. Onun sözlərinə görə, son 4 ildə iqtisadi və sosial sahələrdə böhran yaşayan Ermənistanın bu addımı normaldır.
"Bir daha qeyd edim ki, kommunikasiayların, o cümlədən dəmir yollarının bərpasında Ermənistan daha maraqlıdır. 30 ilə yaxın bir müddətdə öz etdikləri ilə özünü blokadaya salan bir ölkənin iqtisadiyyatını təsəvvür etmək çətin deyil. Ermənistan bu addımla özünü blokdan çıxarmağa, iqtisadiyyatına can verməyə çalışır", millət vəkili qeyd edib.
Arzu Nağıyev bildirir ki, Azərbaycanın hədəfi isə Naxçıvan MR ilə daha rahat nəqliyyat əlaqəsi qurmaq, eyni zamanda Cənubi Qafqazda öz strateji əhəmiyyətini artırmaqdı:
"Razılaşma əldə ediləcəyi təqdirdə Azərbaycanla Ermənistan arasındakı dəmir yolları Avrasiyanın mühüm nəqliyyat marşrutlarından birinə çevrilə bilər. Azərbaycan bununla həm regiondakı iqtisadi mövqeyini gücləndirəcək, həm də beynəlxalq nəqliyyat şəbəkəsinə qoşulacaq. Düşünürəm ki, sülh haqda düşünən iki ölkə arasında nəqliyyat kommunikasiyalarının açılması müsbət addımdır. Lakin burada önəmli olan Ermənistanın təklif etdiyi həll yolunun nədən ibarət olması və rəsmi Bakının verəcəyi cavabdır".
Politoloq Tural İsmayılov isə bildirir ki, Paşinyan bu cür açıqlamalar verməklə manipulyasiya ilə məğul olur:
"Ermənistan Baş nazirinin məqsədi beynəlxalq ictimaiyyəti aldatmaqdır. Ermənistan nəzərə almalıdır ki, Azərbaycan böyük dövlətçilik davranışı sərgiləyir. Azərbaycan otuz ilə yaxın davam edən işğal faktorunu beynəlxalq hüquq əsasında öz gücü hesabına sonlandırıb. Biz qalib tərəf olsaq da, Ermənistanla sülhü təşviq edən tərəf kimi çıxış edirik. Dünya tarixində qaliblərin məğlublara qarşı necə davranmasını əks etdirən bir çox örnəklər var. Biz eyni münasibəti Ermənistana qarşı sərgiləmirik. Bu baxımdan Ermənistan reallığı nəzərə alsa, mövcud vəziyyətlə bağlı daha rasional addımlar atar".

Politoloq qeyd edir ki, Azərbaycan 30 ilə yaxın davam etmiş işğalın maddi və mənəvi zərərlərini bərpa etməyə çalışı. Bütün bunlara baxmayaraq Azərbaycan Cənubi Qafqazda savaş əhval-ruhiyyəsinin sülh və sabitliklə əvəzlənməsinin tərəfdarıdır:
"Məhz Azərbaycan tərəfinin atdığı addımlar Ermənistanı ədalətli sülhə təşviq etmək üçündür. İndi Ermənistan baş naziri yeni təkliflərdən danışa bilər. Lakin Ermənistan baş naziri 44 günlük savaşı yekunlaşdıran 2020-ci il 10 noyabr bəyannaməsini yenidən açıb oxumalıdır. Məhz o bəyanatda kommunikasiyaların necə açılacağı ilə bağlı müddəa qeyd olunub. Dəfələrlə Ermənistana çağırış edilib ki, üzərinə götürdüyü öhdəliklərə əməl etsin. Bu gün Ermənistanın Azərbaycana kommunikasiyalarla hər hansı təklif göndərməzdən öncə yerinə yetirməli olduğu öhdəliklər var. Nikol Paşinyan Ermənistan ictimai rəyini və beynəlxalq ictimaiyyəti aldatmaq yeni il ərəfəsində bu cür bəyanatlarla çıxış edib".

Geri qayıt