Əsas Səhifə > Ana xəbərlər, Güney Press > “5A Construction” şirkəti ölkədən pul çıxarıb?

“5A Construction” şirkəti ölkədən pul çıxarıb?


Bu gün, 11:44
“5A Construction” şirkəti ölkədən pul çıxarıb?
4 milyon manatdan çox vergi borcu olan “5A Construction” MMC ölkədən külli miqdarda puyl çıxarmaqda günahlandırılır.

Tribunainfo.az xəbər verir ki, “5A Constructions” MMC-nin İnzibati Xətalar Məcəlləsinin iqtisadi fəaliyyət qaydaları əleyhinə olan 430.4-cü maddəsini pozduğu məlum olub. Tələbi pozulan maddəyə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

“5A Construction” MMC ilə bağlı iş baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndərilib. 27 dekabr tarixində hakim Hafiz Kamranovun sədrliyin ilə işə baxılacaq.

Xatırladaq ki, İXM-nin 430.4-cü maddəsinə əsasən, istənilən şirkət, sahibkar müəyyən mal almaq üçün ölkədən pul çıxarırsa, iki il ərzində həmin mal ölkəyə gəlmədiyi üçün sifarişi verən şirkət cərimələnir. İki il ərzində mal ölkəyə gəlmirsə, bu sahibkarın ölkədən pul çıxarması anlamına gəlir. Sahibkarlar xaricə pul köçürür ki, nə isə alacaq. O pulu köçürəndən sonra iki il ərzində həmin malı ölkəyə gətirməlidir. Əgər malı ölkəyə gətirmirsə, sahibkar cərimələnir. Yəni bu halda hesab olunur ki, şirkət, sahibkar ölkədən pul, valyuta çıxarıb. Məlum məsələdir ki, ölkədən heç bir səbəb olmadan pul çıxarmağa məhdudiyyət var.
Əgər mal ölkəyə gəlmirsə, sahibkarı, şirkəti cərimələyirlər. Belə olduğu halda Mərkəzi Bank müraciət edir məhkəməyə və məhkəmə də cərimə tətbiq edir. Tərtib olunan protokola əsasən pul ölkədən çıxarılıb, ancaq verilən 2 il müddətində həmin mal ölkəyə gətirilməyib.

Yeri gəlmişkən onu da bildirək ki, ölkədən külli miqdarda pul çıxarmaqda günahlandırılan “5A Construction” şirkətinin baş direktorunun da həbsi tələb edilib.
Belə ki, 1978-ci ildə Bakı şəhərində anadan olan şirkətin qanuni təmsilçisi və baş direktoru Məmmədov Elşən Qərib oğlu barəsində “Met-Ak” MMC məhkəmə iddiası qaldırıb.
Şirkət direktoruna İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi irəli sürülüb. Həmin maddəyə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər 500 manatdan 1000 manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər 1200 manatdan 2500 manatadək, hüquqi şəxslər 3000 manatdan 5000 manatadək məbləğdə cərimə edilir.

İşə Bakı Kommersiya Məhkəməsində baxılıb. Məlum olub ki, “5A Construction” MMC-nin baş direktoru Elşən Məmmədovun “Met-Ak” MMC-yə 159.191,65 manat məbləğində borcu var.

Məhkəmə Elşən Məmmədovun həmin borcunun “Met-Ak” MMC-yə ödənilməsi barədə qərar verib. Həmçinin, şirkət rəhbəri İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1200 manat məbləğində cərimə və ona son xəbərdalıq edilib.

Qeyd edək ki, “5A Construction” MMC 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi Məmmədov Elşən Qərib oğludur.

Geri qayıt