Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Əhali banklara inanmır: Maliyyə sektorunda problemlər

Əhali banklara inanmır: Maliyyə sektorunda problemlər


Bu gün, 15:32
Əhali banklara inanmır: Maliyyə sektorunda problemlər
Azərbaycanın maliyyə sektoru son illərdə inkişaf meyilliliyi göstərsə də, ciddi problemlərlə üz-üzədir. Bu problemlər də iqtisadiyyatın dayanıqlığına və maliyyə xidmətlərinin effektivliyinə mənfi təsir göstərir. Buna misal olaraq ölkənin Bank sektorundakı etimad böhranını misal gətirmək olar.
Kommersant.az xəbər verir ki, son on ildə bir neçə bankın müflisləşməsi əhalinin bank sisteminə olan etimadını sarsıdıb. Bankların bağlanması nəticəsində vətəndaşlar həm qismi əmanətlərini itirib, həm də maliyyə sisteminin etibarlılığına şübhə ilə yanaşmağa başlayıb. Bankların likvidlik problemləri və qeyri-şəffaf idarəetmə siyasətləri bu vəziyyəti daha da dərinləşdirib.

Maliyyə sektorundakı problemlər sosial vəziyyətə də təsir göstərir. Buna görə də ölkədə istehlak kreditlərinin həcmi durmadan artıır. Misal olaraq ötən ilin oktyabr ayı ilə cari ilin oktyabr ayı arasında istehlak kreditlərinin həcmi 7,836 milyon manatdan 8,278 milyon manata qədər artıb. Bu da təxminən 5.6% artım deməkdir.

Maliyyə Problemlərini Aşağıdakı Sıralama ilə İzah Etmək Mümkündür:

1. Kreditlərdə Yüksək Faiz Dərəcələri

Azərbaycanda istehlak və biznes kreditlərinin faiz dərəcələri regiondakı digər ölkələrlə müqayisədə yüksəkdir. Bu, xüsusilə kiçik və orta sahibkarların maliyyə vəsaitlərinə çıxışını çətinləşdirir. Yüksək faiz dərəcələri biznesin inkişafını ləngidir və iqtisadi artımı yavaşladır.

2. Monopoliyalar və Azad Rəqabət Problemləri

Maliyyə bazarlarında rəqabət mühitinin zəif olması nəticəsində bazar iştirakçıları arasında qeyri-bərabər şərait yaranır. Monopoliya və oliqarxiyanın maliyyə sektoruna təsiri azad rəqabəti məhdudlaşdırır, bu isə maliyyə xidmətlərinin keyfiyyətinə və innovativliyinə mənfi təsir göstərir.

3. Xarici İnvestisiyaların Azalması

Son illərdə Azərbaycanda xarici investisiyaların azalması müşahidə olunur. Xarici sərmayədarların ölkənin maliyyə və iqtisadi mühitinə olan marağı zəifləyib. Belə ki, ötən ildə Azərbaycana daxil olan xarici investisiyalar 2.6 milyard ABŞ dolları təşkil edib. 2022-ci ildə isə bu rəqəm 3.1 milyard dollar idi. Bu da 15% azalma deməkdir. Cari ilin statistik göstəricilərində isə xarici investiyalar haqqında məlumat qeyd olunmayıb.

Bu azalmaların əsas səbəbləri arasında beynəlxalq göstəricilərə görə hüquqi qeyri-müəyyənlik, biznesin yüksək riskləri və zəif şəffaflıq var.

4. İdxal Asılılığı və Valyuta Riski

Azərbaycanın iqtisadiyyatı idxal məhsullarına çox asılıdır. Milli valyutanın dəyərinin 2015-ci ildən aşağı düşməsi idxal məhsullarının bahalaşmasına və inflyasiyanın artmasına səbəb olub. Bu isə əhalinin alıcılıq qabiliyyətini azaldıb və maliyyə sektorunda əlavə təzyiq yaradıb.

5. Maliyyə Maarifçiliyinin Aşağı Səviyyəsi

Əhalinin böyük bir hissəsi maliyyə xidmətlərindən istifadə etməyi və şəxsi maliyyə planlaşdırmasını bilmir. Maliyyə savadsızlığı həm vətəndaşların borclanma vərdişlərinə, həm də ümumi iqtisadi sistemə mənfi təsir edir. Maliyyə savadlılığı olan ölkələrdə isə istehlak kreditləri Azərbaycandakı kimi ilbəil artmır. Lazımsız xərcləmələr və kredit borclanmaların artması bu sahədə ciddi boşluqların olmasından xəbər verir.

Azərbaycanın maliyyə sektorunun qarşısında duran bu problemlərin həlli üçün islahatlar tələb olunur. Şəffaflıq və hesabatlılıq artırılmalı, bank sektoruna nəzarət gücləndirilməlidir. Eyni zamanda, kredit faizlərinin azaldılması, rəqabətli mühitin yaradılması və maliyyə maarifləndirməsinin genişləndirilməsi prioritet olmalıdır. Xarici sərmayədarların marağını artırmaq üçün sağlam rəqabət modeli yaradılmalıdır.

Qeyd edək ki, bu problemlərin həll edilməməsi uzunmüddətli perspektivdə Azərbaycanın iqtisadi inkişafını əngəlləyə bilər və əhalinin sosial rifahını təhlükə altına qoya bilər.

Geri qayıt