Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Ramin Hacılıdan Xəzər Rayon Məhkəməsinə müraciət

Ramin Hacılıdan Xəzər Rayon Məhkəməsinə müraciət


Dünən, 16:21
Ramin Hacılıdan Xəzər Rayon Məhkəməsinə müraciət
Azərbaycan Avropa Hərəkatının sədri, müstəqil bloger, ictimai fəal Ramin Hacılı saxlanıldığı Cəzaçəkmə Müəssəsindən aidiyyəti üzrə Xəzər Rayon Məhkəməsinə müraciət ünvanlayıb.

Müraciətin bir surəti də Qaynarinfo-ya daxil olub.

Ramin Hacılı müraciətində ona qarşı şikayətçilərin olub-olmamasının müəyyən edilməsini xahiş edib.

İctimai fəal qeyd edib ki, məhkum olunduğu cinayət işinə görə üzərində Cinayət Məcəlləsinin (CM) 178.3.1-ci maddəsinin olmasını nəzərə alaraq ona münasibətdə zərərçəkmiş şəxs(lər)in kimliyi müəyyən edilmədiyi üçün vətəndaş kimi CM-in 73-1-ci maddəsi ilə ona verilmiş hüquqdan istifadə edə bilmir.

Müraciəti olduğu kimi təqdim edirik:

"Bakı Apellyasiya Məhkəməsinin barəmdə çıxardığı 22 iyun 2023-cü il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli hökmünə əsasən məhkum olunduğum Cinayət Məcəlləsinin (bundan sonra – CM) 32.4,312.2-ci maddəsi üzrə mənə bəraət verilib.

Qeyd edim ki, Bakı Apellyasiya Məhkəməsi 22 iyun 2023-cü il tarixli hökmü ilə barəmdə Konstitusiya Məhkəməsi Plenumunun "CM-nin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2022-ci il tarixli Qərarını cinayət işi materiallarını araşdırdıqdan sonra tətbiq edərək CM-nin 32.4,312.2-ci maddəsi üzrə təqsirliliyim sübuta yetirilmədiyinə görə Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 42.1.4-cü maddəsinə əsasən haqlı olaraq bəraət verib.

Müdafiəçim tərəfindən Ali Məhkəməyə təqdim edilmiş kassasiya şikayəti və tərəfimdən verilmiş kassasiya şikayətinə əlavə ilə yanaşı, dövlət ittihamçısı da barəmdə çıxarılmış bəraət qərarından kassasiya protesti vermişdi. Ali Məhkəmənin Cinayət Kollegiyası 28 iyun 2024-cü il tarixində qəbul etdiyi qərarla kassasiya şikayətini və kassasiya şikayətinə əlavəni qismən təmin etsə də, kassasiya protestini rədd edərək barəmdə CM-nin 32.4,312.2-ci maddəsi üzrə Bakı Apellyasiya Məhkəməsi tərəfindən çıxarılmış bəraət qərarının doğru olduğunu təsdiq etdi (Ali Məhkəmə Cinayət Kollegiyasının 28 iyun 2024-cü il tarixli, 1(102)-344/2024 saylı qərarı).

Əlavə etmək istərdim ki, mənə qarşı irəli sürülmüş ittiham üzrə cinayətin törədilməsinə heç bir aidiyyətim olmayıb. Ona görə də ibtidai istintaqda ifadə verən 27 şahid və məhkəmədə ifadə verən 23 şahid mənim bu cinayəti törətdiyimi təsdiq edən bir kəlmə belə işlətməyiblər. Eyni zamanda cinayət işi materiallarında da mənim qeyd olunan ittiham üzrə cinayətimi təsdiq edən sübut yoxdur. Yalnız müstəntiqin mülahizələri ilə formalaşmış ittihamı ədalət mühakiməsi təbii olaraq rədd etməlidir. Dövlətimiz adından belə bir ədalətli qərarın qəbul edilməsi təqdirəlayiq haldır.

Konstitusiya Məhkəməsinin "CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, məhkəmə icraatının cinayət prosesinə daxil edilməsi ölkəmizdə yuxarı məhkəmə hakimlərinin işə baxılmasına cəlb edilməsi, onların daha təkmil bilik və təcrübələrindən istifadə olunması yolu ilə ədalətli məhkəmə araşdırılmasının əlavə təminatı kimi qəbul olunmalıdır.

Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarətdir ki, CPM-nin 397.1 və 397.2-ci maddələrində əks olunmuş müddəlara əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apellyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə belə yoxlamalıdır.

Eyni zamanda, Konstitusiyanın 125-ci maddəsinə əsasən Konstitusiya Məhkəməsi konstitusiya icraatı vasitəsilə ədalət mühakiməsini həyata keçirən məhkəmə hakimiyyəti orqanıdır. Həmçinin cinayət mühakimə icraatının gedişində vətəndaş hüquq və azadlıqlarının müdafiəsi müasir dövrün ən mühüm, başlıca ideyasıdır. Konstitusiya Məhkəməsinin isə əsas vəzifəsidir.

Konstitusiya Məhkəməsi Azərbaycan Respublikasının ali konstitusiya ədalət mühakiməsi orqanıdır. Digər məhkəmələrdən fərqli olaraq onun bütün səlahiyyətləri birbaşa Konstitusiyada (86-cı maddədə, 88-ci maddənin I hissəsində, 102-ci maddədə, 104-cü maddənin II və III hissələrində, 107-ci maddənin I hissəsində, 130-cu maddənin III - X hissələrində və 153-cü maddədə) göstərilir.

Konstitusiyaya və qanunlara uyğun olmayan hesab edilmiş məhkəmə aktları icra edilməməli və müvafiq məhkəmə işlərinə Azərbaycan Respublikasının prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılmalıdır («Konstitusiya Məhkəməsi haqqında» Qanunun 66.4-cü maddəsi).

Göründüyü kimi Bakı Apellyasiya Məhkəməsi barəmdə CM-nin 32.4,312.2-ci maddəsi üzrə bəraət qərarı verməklə Konstitusiya Məhkəməsi Plenumunun Qərarını və qanunvericiliyin tələblərini qismən də olsa icra etmiş olub.

Konstitusiya Məhkəməsi Plenumunun bəhs olunan 14 iyul 2022-ci il tarixli Qərarının qəbul edilməsinə zərurətin yaranmasına səbəb Baş Prokurorluğun təqdim etdiyi sorğuda öz əksini tapıb.

Baş Prokurorluq Konstitusiya Məhkəməsinə sorğu verərək, CPM-nin 87.1-ci maddəsinin CM-nin 73-1 və 178-ci maddələri ilə əlaqəli şəkildə şərh olunmasını xahiş edib. Sorğuda qeyd olunur ki, CPM-nin 87.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində fiziki şəxsə birbaşa mənəvi, fiziki və ya maddi ziyan vurulmasına kifayət qədər əsaslar olduqda o, zərərçəkmiş şəxs qismində tanınır. Eyni zamanda CM-nin 73-1-ci maddəsində mülkiyyət əleyhinə olan cinayətlərə, o cümlədən dələduzluq cinayətinə görə cinayət məsuliyyətindən azad etmə əsasları müəyyən olunmuşdur. Qeyd olunub ki, hər bir halda başa çatmış dələduzluq cinayətində maddi ziyan vurulmuş şəxs mövcuddur.

Sorğuda həmçinin göstərilib ki, cinayət törətmək istəyən şəxslərin aldadılaraq, yəni dələduzluqla əmlakının və ya əmlak hüquqlarının ələ keçirilməsi mümkündür. Belə xarakterli işlər üzrə əmlakı ələ keçirilən şəxsin cinayət prosesində zərərçəkmiş şəxs qismində tanınmasına, ona qarşı dələduzluq cinayətini törətmiş şəxsin onunla barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilməsinə dair cinayət və cinayət-prosessual qanunvericiliklərinə uyğun vahid istintaq və məhkəmə təcrübəsi formalaşmamışdır. Dələduzluq yolu ilə əmlakı ələ keçirilən şəxsin cinayət prosesində zərərçəkmiş şəxs qismində tanınmaması ona qarşı dələduzluq cinayətini törətmiş şəxsin onunla barışmasına və ona dəymiş ziyanı tamamilə ödəməsinə görə cinayət məsuliyyətindən azad edilməsinə maneə yaratmaqla, CM-nin 73-1-ci maddəsinin tətbiqini mümkünsüz edir.

Sorğuda "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun 2015-ci il 11 iyun tarixli Qərarına və həmin Qərara 2021-ci il 30 aprel tarixində əlavə edilmiş 40-cı bəndə istinad olunaraq qeyd olunmuşdur ki, təcrübədə bu xarakterli işlər üzrə heç də bütün hallarda cinayətə cəhd etmiş və aldadılmış şəxslər cinayət məsuliyyətinə cəlb olunmurlar. Çünki təcrübədə daha çox rast gəlinən rüşvət verməyə cəhd edən, lakin aldadılaraq əmlakı ələ keçirilən şəxslər rüşvət vermə haqqında dövlət orqanına könüllü məlumat verdiklərindən, CM-nin 312-ci maddəsinin Qeyd hissəsinə əsasən cinayət məsuliyyətindən azad edilirlər. Həmin şəxslər cinayət prosesində zərərçəkmiş şəxs qismində tanınmadığından, cinayət prosesində iştirak edən digər şəxs olan şahidin hüquq və vəzifələrindən istifadə edirlər. Sorğuda habelə qeyd olunmuşdur ki, CM-də cinayət törətmək məqsədilə təqdim etdiyi əmlakı və ya əmlak hüquqları dələduzluqla ələ keçirilmiş şəxsə qarşı dələduzluq cinayətini törətmiş şəxsin onunla barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilə bilməməsinə dair hər hansı müddəa mövcud deyil.

Sorğuverənin qənaətinə görə, hüquq tətbiqetmə təcrübəsindəki ziddiyyətlərin aradan qaldırılması, vahid istintaq və məhkəmə təcrübəsinin formalaşdırılması, cinayət qanunvericiliyi normalarının eyni qaydada tətbiqinin və hüquqi müəyyənlik prinsipinin təmin edilməsi üçün cinayət törətmək məqsədilə təqdim etdiyi əmlakı və ya əmlak hüquqları dələduzluqla ələ keçirilmiş şəxsin cinayət prosesində zərərçəkmiş şəxs qismində tanınmasının və ona qarşı dələduzluq cinayətini törətmiş şəxsin onunla barışmasına və ona dəymiş ziyanı tamamilə ödəməsinə görə cinayət məsuliyyətindən azad edilməsinin mümkünlüyünün müəyyən edilməsi üçün CPM-nin 87.1-ci maddəsinin və CM-nin 73-1 və 178-ci maddələrinin əlaqəli şəkildə şərh olunması zərurəti yaranıb.

Bütün bunlarla bərabər, Konstitusiya Məhkəməsi və Ali Məhkəmə Plenumlarının adıçəkilən Qərarlarında da tələb edildiyi kimi barəsində dələduzluq cinayəti törədildiyi iddia olunan şəxslərin zərərçəkmiş qismində tanınması və məhkəmə prosesində həmin şəxslərin məcburi iştirakı ilə bağlı dövlət ittihamçısı Fariz Rzayevin Bakı Ağır Cinayətlər Məhkəməsində qaldırdığı vəsatət təmin edilməmişdir.

Belə ki, birinci instansiya məhkəməsində dövlət ittihamçısı cənab Fariz Rzayev yazılı vəsatət təqdim edərək məhz Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli Qərarına istinadla barəmdə CM-nin 32.4,312.2-ci maddəsi üzrə xitam verilməsini, istintaq orqanı tərəfindən mənə münasibətdə zərərçəkmiş kimi tanınmış şəxslərin məhkəməyə dəvət olunmasını və bu qanuni tələbin icrası nəticəsində zərərçəkən şəxslərin və dəymiş ziyanın məbləğinin müəyyənləşdirilməsi ilə CM-nin 178-ci maddəsinə hüquqi qiymət verilməsini xahiş etmişdi. Bakı Ağır Cinayətlər Məhkəməsinin işə baxan hakimləri həmin vəsatəti rədd edərək icrası məcburi olan Konstitusiya Məhkəməsi Plenumunun Qərarını cinayət işi üzrə tətbiq etmədilər. Bu isə hüquqi nihilizm və ya özbaşınalıqdır.

Birincisi, nəzərə almaq lazımdır ki, qanunvericiliklə məhkəmələrə verilmiş səlahiyyətlər müəyyən çərçivələrlə əhatə olunub və Konstitusiya Məhkəməsinin səlahiyyətlərinin mənimsənilməsi, hüquqi mövqelərinin rədd edilməsi və ya qərarlarının icra olunmaması qanun pozuntusudur.

İkincisi, CPM-nin 43.1.1-ci maddəsinə əsasən, dövlət ittihamçısının cinayət təqibindən imtina etməsi məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarının çıxarılması hallarından biri kimi müəyyənləşdirilib.

Üçüncüsü, "Prokurorluğun sorğusuna əsasən CPM-nin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli Qərarına əsasən "CPM-nin 43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir.

Dördüncüsü, Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilən qərarlar Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir və qüvvəyə mindikdən sonra şərtsiz icra olunmalıdır. Bu qərarlar heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarını icra etməyən vəzifəli şəxslər qanunvericilik ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar («Konstitusiya Məhkəməsi haqqında» Qanunun 66.1, 63.4 və 66.2-ci maddələri).

Sadalanan qanunvericilik aktlarından və hüquqi normalardan belə qənaətə gəlmək olar ki, birinci instansiya məhkəməsində hakimlər dövlət ittihamçısının Konstitusiya Məhkəməsinin Qərarına əsaslanan vəsatətini rədd etməklə məsuliyyət yaradan pozuntuya yol veriblər.

Yeri gəlmişkən, apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli Qərarınının tətbiqi və iş materialları ilə tanışlıqdan sonra mənə münasibətdə bəraət qərarı çıxarmaqla doğru addım atsa da, ümumilikdə həmin Qərarın əsasını təşkil edən tələbləri tam icra etməyib.

Belə ki, Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının yekun qərarına (hökmünə) əsasən CM-nın 32.4,312.2-ci maddəsi ilə mənə bəraət verilsə də, daha sonra CM-nin 178.3.1 və 29,178.3.1-ci maddələri ilə cəza təyin edilib. Lakin nə zərərçəkmiş şəxs qismində heç kim tanınmayıb, nə də dəymiş zərərin miqdarı müəyyən edilməyib.

Əvvəla, zərərçəkmiş və ya şikayətçi olmadan CM-nin 178-ci maddəsi ilə cəza təyin edilməsi kobud qanun pozuntusudur! Sadəcə CM-nin 177-ci maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndi ilə tanış olmaq kifayətdir ki, edilmiş qanunsuzluğu görmək mümkün olsun.

Digər tərəfdən isə, Konstitusiya Məhkəməsi Plenumunun "CM-nın 72-ci maddəsinin "Qeyd” hissəsinin 2-ci bəndinin həmin Məcəllənin 73-1.2 və 73-1.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 09 yanvar 2023-cü il tarixli Qərarında göstərilir ki, iştirakçılıqla törədilən dələduzluq cinayətlərinə görə məhkum edilmiş şəxslərin hökmün icrası qaydasında icraatda CM-nın 80-1-ci maddəsinə əsasən cəzadan azad edilməsi məsələsi də hər bir iştirakçının payına müvafiq olaraq həll edilməli olduğundan, hətta iştirakçılar mahiyyəti üzrə cinayət işinə baxılması zamanı ziyanı ödəmək niyyətində olmadıqları halda belə məhkəmə hər bir iştirakçının cinayət nəticəsində meydana gəlmiş ziyanda payını (ödəməli olduğu ziyanın miqdarını) müəyyən etməlidir.

Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli Qərarında qeyd edir ki; "...dələduzluqla bağlı cinayət işlərində əmlak zərərinin vurulması faktını müəyyən etmək üçün zərərçəkmiş şəxs mütləq müəyyən edilməlidir.” Ali Məhkəmə Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında dələduzluqla bağlı işlərdə zərərçəkmiş şəxsin müəyyən olunmasına dair müddəalar bilavasitə həmin Qərarın 3, 5, 7 və 8-ci bəndlərində təsbit olunub.

Həmçinin "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun 2015-ci il 11 iyun tarixli Qərara 2021-ci il 30 aprel tarixində əlavə edilmiş 40-cı bənd.

CPM-nin 87.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində fiziki şəxsə birbaşa mənəvi, fiziki və ya maddi ziyan vurulmasına kifayət qədər əsaslar olduqda o, zərərçəkmiş şəxs qismində tanınır. Eyni zamanda CM-nin 73-1-ci maddəsində mülkiyyət əleyhinə olan cinayətlərə, o cümlədən dələduzluq cinayətinə görə cinayət məsuliyyətindən azad etmə əsasları müəyyən olunmuşdur. Hər bir halda başa çatmış dələduzluq cinayətində maddi ziyan vurulmuş şəxs mövcuddur.

Qanunvericiliyə əsasən cinayət törətmək istəyən şəxslərin aldadılaraq, yəni dələduzluqla əmlakının və ya əmlak hüquqlarının ələ keçirilməsi mümkündür. Belə xarakterli işlər üzrə əmlakı ələ keçirilən şəxsin cinayət prosesində zərərçəkmiş şəxs qismində tanınmasına, ona qarşı dələduzluq cinayətini törətmiş şəxsin onunla barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilməsinə dair cinayət və cinayət-prosessual qanunvericiliklərinə uyğun vahid istintaq və məhkəmə təcrübəsi formalaşmayıb. Vahid təcrübənin yaradılmasında məqsəd həm zərərçəkənə, həm də təqsirləndirilən şəxsə əlavə hüquqlar verməklə vətəndaşlar arasında barışığın təmin edilməsidir. Belə ki, dələduzluq yolu ilə əmlakı ələ keçirilən şəxsin cinayət prosesində zərərçəkmiş şəxs qismində tanınmasından sonra, ona qarşı dələduzluq cinayətini törətmiş şəxsin onunla barışması və ona dəymiş ziyanı tamamilə ödəməsi halında CM-nin 73-1-ci maddəsinin tətbiq edilməsi ilə cinayət məsuliyyətindən azad edilməsi mümkündür.

Qeyd edilənlər onu deməyə əsas verir ki, hazırkı durumda həm mənim, həm də zərərçəkmiş şəxslərin (əgər varsa) hüquqları məhdudlaşdırılıb. Belə ki, məhkum olunmağımla bağlı çıxarılmış qərar mənim cinayət məsuliyyətindən azad edilməyimə maneə yaratmaqla yanaşı, həm də işim üzrə CM-nin 73-1-ci maddəsinin tətbiqini mümkünsüz edir. Bu hal bir vətəndaş kimi mənə qanunvericiliklə verilmiş hüquqlardan faydalanmağıma imkan verilməməsi anlamına gəlir.

Odur ki, qeyd olunan hüquq normalarına və mövcud qanunvericiliyin tələblərinə əsaslanaraq Məhkəmədən xahiş edirəm:

- CPM-nin 91.5.36 və 419.2-ci və "İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin tələblərinə uyğun olaraq Ərizəmə baxılması proses(lər)ində şəxsən iştirakım təmin edilsin;

- Ərizəm vətəndaş hüquqlarının müdafiəsinə əsaslandığı üçün təmin edilsin;

- Məhkum olunduğum cinayət işinə görə üzərimdə CM-nin 178.3.1-ci maddəsinin olması nəzərə alınaraq mənə münasibətdə zərərçəkmiş şəxs(lər)in kimliyi müəyyən edilsin;

- Azərbaycan Respublikasının vətəndaşı kimi CM-nin 73-1-ci maddəsi ilə mənə verilmiş hüquqdan (zərərçəkmiş qismində tanınmış şəxslə barışmaq və ona dəymiş ziyanı tamamilə ödəməklə CM-nin 73-1-ci maddəsinin tətbiq edilməsi ilə cinayət məsuliyyətindən azad edilmənin mümkünlüyü) yararlanmağım üçün imkan yaradılsın;

- Əgər məhkəmə təqdim etdiyim bu ərizə əsasında qərar qəbul etməkdə çətinlik çəkərsə, Konstitusiya Məhkəməsinə sorğu verərək hüquqi rəy almasına etiraz etmirəm".

Məlumat üçün bildirək ki, Ramin Hacılının bu müraciətinə hazırda Bakı Apellyasiya Məhkəməsində baxılır. Sabah məhkəmənin yekun qərar qəbul edəcəyi gözlənilir".

Geri qayıt