Əsas Səhifə > Ana xəbərlər, Güney Press > “Güllə, qəlpə izləri təyyarənin vurulması ehtimalını artırır”

“Güllə, qəlpə izləri təyyarənin vurulması ehtimalını artırır”


Dünən, 15:32
“Güllə, qəlpə izləri təyyarənin vurulması ehtimalını artırır”
Dünən “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakıdan Qroznıya uçan “Embraer” 190AR sərnişin təyyarəsi Aktau hava limanında qəzaya uğrayıb. Təyyarə Bakıdan havaya qalxsa da, qatı duman səbəbindən Qroznıya enə bilməyib. Ekipaj quşların onları vurması səbəbindən dispetçerlərə hava gəmisindəki “anormal vəziyyət" barədə məlumat verərək Mahaçqalaya yollanmaq qərarına gəlib. Sonra təyyarə idarəetməni itirməyə başlayıb və ekipaj komandiri istiqamətini yenidən dəyişib – bu dəfə Aktauya doğru.

Təyyarənin göyərtəsində 67 nəfər olub. Son məlumatlara görə, onlardan 28-i sağ qalıb. Qəzadan sonra liftdə və quyruq hissəsində naməlum dəliklər aşkar edilib. Versiyalardan birinə görə, buna səbəb təyyarənin quş sürüsü ilə toqquşması olub. Bəzi xarici media orqanları iddia edir ki, təyyarədə olan oksigen çəni partlayıb.

Təyyarə Aktau hava limanına enməyə üç dəqiqədən az vaxt qalmış idarəetməni itirib və qəzaya uğrayıb. Dərhal Qazaxıstanın xilasediciləri qəza yerinə gəlib, tez bir zamanda yanğını lokallaşdırıb və zərərçəkənlərə ilkin tibbi yardım göstəriblər. Təbii fəlakətin səbəblərini araşdırmaq üçün respublikada dövlət komissiyası yaradılıb.

Azərbaycan Prezidenti də hadisənin araşdırılması üçün dövlət komissiyasının yaradılması barədə Sərəncam verib. Dünən Sankt-Peterburq şəhərində keçirilən MDB üzv ölkələri dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Rusiyaya səfərə yola düşən Prezident İlham Əliyevə Rusiya hava məkanında olarkən baş vermiş təyyarə qəzası haqqında məruzə edilib və dövlət başçısı dərhal geri dönmək barədə tapşırıq verib. Təyyarə endikdənı dərhal sonra Prezident İlham Əliyev hadisə ilə bağlı Heydər Əliyev Beynəlxalq Aeroportunda müşavirə keçirib.

Dövlət başçısı müşavirədə çıxışında təyyarə qəzasında həlak olanlara Allahdan rəhmət diləyib, onların ailələrinə, yaxınlarına Allahdan səbr arzulayıb, başsağlığı verirəm: “Bu, böyük faciədir, Azərbaycan xalqına böyük faciə üz vermişdir. Mən bu gün səhər MDB Zirvə görüşündə iştirak etmək üçün Bakıdan Sankt-Peterburqa təyyarə ilə uçurdum və uçuş zamanı bu qəza ilə, bu faciə ilə bağlı mənə məlumat verildi. Dərhal göstəriş verdim və təyyarə geriyə – Bakıya döndü. Hələ havada ikən mənim tərəfimdən müvafiq göstərişlər verildi, Baş nazirlə danışdım, onun rəhbərliyi ilə komissiya yaradıldı. Eyni zamanda, Azərbaycan nümayəndələrindən ibarət heyət qəzanın baş verdiyi Aktau şəhərinə ezam edilmişdir. Əlavə göstəriş verildi ki, Azərbaycan həkimlərindən ibarət briqadalar da Aktau şəhərinə tezliklə ezam olunsun”.

“Komissiyanın işi məsələni tam araşdırmaqdır, qəzanın səbəblərini və bütün təfərrüatlarını araşdırıb həm mənə, həm də Azərbaycan ictimaiyyətinə məlumat verməlidir. Mənə verilən məlumata görə, Bakı-Qroznı marşrutu ilə hərəkət edən AZAL şirkətinə məxsus təyyarə havanın pisləşməsi ucbatından istiqamətini dəyişmiş və Aktau hava limanına tərəf uçmağa başlamış, eniş zamanı qəza baş vermişdir. Mediada, sosial şəbəkələrdə təyyarənin qəzaya uğraması anları mövcuddur. Ona görə onu hər kəs görə bilər. Ancaq qəzanın səbəbləri bizə bəlli deyil. Müxtəlif versiyalar var. Hesab edirəm ki, hələ bu barədə danışmaq tezdir. Məsələ tam araşdırılmalıdır. Baş Prokurorluq tərəfindən cinayət işi açılmışdır və təbii olaraq Azərbaycan ictimaiyyəti həm komissiyanın işinin nəticələri, həm də cinayət işinin gedişatı ilə bağlı müntəzəm olaraq məlumatlandırılacaq”, - deyə Prezident qeyd edib.

Təyyarə qəzası ilə bağlı Azərbaycan Baş Prokurorluğu cinayət işi açıb, istintaq hərəkətləri aparılır. Bildirilib ki, ekspertizanın və istintaqın nəticələri barədə açıqlama veriləcək.

Təyyarənin Aktauda qəzaya uğraması ilə bağlı Rusiya Federal Hava Nəqliyyatı Agentliyi - “Rosaviasiya” rəsmi məlumat yayıb. Məlumatda qeyd olunub ki, bu gün (dünən-red) Moskva vaxtı ilə saat 09:30 radələrində Xəzər dənizinin şərq sahili ərazisində Qazaxıstanın Aktau hava limanına eniş edərkən Azərbaycanın AZAL aviaşirkətinə məxsus “Embraer 190″ təyyarəsi yerə çırpılıb.

“Təyyarə Bakıdan Qroznıya reys həyata keçirib. İlkin versiya ondan ibarətdir ki, quş sürüsü ilə toqquşmadan sonra təyyarənin göyərtəsində yaranan fövqəladə vəziyyətə görə, nəqliyyat vasitəsinin kapitanı alternativ aerodroma uçmaq qərarına gəlib. Alternativ aerodrom kimi Aktau seçilib. Axtarış-xilasetmə işlərini Qazaxıstan Respublikasının əməliyyat xidmətləri həyata keçirir. “Rosaviasiya” AZAL, Azərbaycan və Qazaxıstanın aviasiya hakimiyyətləri ilə əlaqə saxlayır”, - məlumatda vurğulanıb.

Qəza ilə bağlı versiyalar çoxalmaqdadır. Qəza yerindən videogörüntülər, təyyarənin üzərindəki izlər, deşiklər də bir çox ehtimalları ortaya çıxarır. Xüsusilə, cəmiyyət təyyarənin vurulması ehtimalından çıxış edir. Eyni zamanda, təyyarənin nasaz olması iddiaları da səslənməkdədir.

Braziliyanın təyyarə istehsalı konsorsiumu “Embraer” Aktauda baş verən təyyarə qəzasından sonra rəsmi açıqlama yayıb. Şirkət “Embraer” 190 təyyarəsinin qəzaya uğramasından “dərin kədərləndiyini” bildirib və “səmimi başsağlığı” verib: “Zərər çəkmiş ailələrə, həyatını itirənlərin yaxınlarına başsağlığı veririk. Biz vəziyyəti yaxından izləyirik və aidiyyatı orqanlara dəstək verməyə tam hazırıq”.

Təyyarə istehsalçısı “Embraer” səlahiyyətli orqanlara kömək etməyə hazır olduğunu bəyan edib. Bununla belə, şirkət tam məsuliyyətlə bəyan edib ki, “təyyarənin göyərtəsində onun uçuşuna mane olacaq heç bir qüsur aşkar edilməyib, sistem nasazlığı ola bilməz. Bunu AZAL rəhbərliyi də təsdiqləyir”.

Təyyarə enişlərinin ümumi sayı 9949, ümumi uçuş müddəti 15 257,22 saat təşkil edir. 18 oktyabr 2024-cü il tarixində təyyarəyə tam texniki baxış keçirilib. Son yoxlamadan indiyədək 671 uçuş saatı keçirib", - AZAL-dan qeyd edilib.

Faciəvi təyyarə qəzası və bu qəza ilə bağlı səslənən versiyalar, ortaya atılan iddialar həddən artıqdır. Ekspertlər isə bildirirlər ki, bütün suallara istintaqın gəldiyi yekun nəticə cavab verəcək.

AYNA-nın suallarını cavablandıran Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aqil Abbas deyib ki, dövlət komissiyası yaradılıb, cinayət işi açılıb və araşdırma gedir:

- Cənab Prezident İlham Əliyev Rusiyaya səfərini yarımçıq saxladı, dərhal Bakıya qayıtdı. Ölkə başçısı hələ təyyarədə olarkən məmurlara tapşırığını verib, nazirləri Qazaxıstana, hadisə yerinə göndərdi ki, məsələni yerində araşdıra bilsinlər, baxış keçirsinlər. Prezidentin təyyarəsi Bakıya endikdən sonra da elə aeroportdaca müşavirə keçirdi, tapşırıqlarını verdi. Bu, ölkə başçısının məsələyə nə qədər həssas yanaşdığının göstəricisidir. Baş Prokurorluqda cinayət işi açılıb, Qazaxıstan prokurorluğu da cinayət işi açıb, istintaq aparılır. Ekspertizanın nəticələrindən sonra dəqiq biləcəyik ki, bu qəza hansı səbəbdən baş verib.

- Qəzaya uğramış təyyarənin qalığının üzərindəki izlər...

- Bəli, onları mən də videodan izlədim. Güllə, qəlpə izlərinə oxşayır. Bu da təyyarənin vurulması ehtimalını artırır. Dünən Zaxarova da (Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova – A.B) açıqlamasında dedi ki, ola bilsin Hərbi Hava Qüvvələrinin səhvi var. Həmçinin təyyarənin quş sürüsü ilə toqquşması versiyasının da üzərində dayanılır. Təyyarə çox hündürdən uçur, həmin hündürlükdə quş olurmu, bilmirəm. Yaxud, eniş vaxtı quş sürüsü ilə qarşı-qarşıya gəlməsi mümkün ola bilər. Hər halda, bütün versiyalar üzərində istintaq gedir, bəlli olacaq ki, nə baş verib. Mən mütəxəssis deyiləm, komissiyada təmsil olunmuram ki, detallı məlumata malik olam. Bu, istintaqın, araşdırmanın nəticəsindən asılıdır.

- Məsələn, “niyə təyyarə qəza enişi məkanı kimi daha yaxınlıqda olan Minvod aeroportunu, yaxud da Qəbələdəki, Zaqataladakı, lap elə Bakıdakı hava limanını deyil, daha uzaqdakı Aktau hava limanını seçib?” sualı da maraqlıdır...

- Bu və bir çox suallara pilotlar, ekipaj üzvləri cavab verə bilərdi, təəssüf ki, onlardan da sağ qalan yoxdur. Eyni zamanda, yenə də demək istəyirəm ki, bu suallara istintaq aydınlıq gətirəcək. Onu demək lazımdır ki, pilotlarımız çox peşəkarlıq nümayiş etdiriblər. Allah onların ruhunu şad etsin. Təsəvvür edin ki, pilotların peşəkarlığı, yüksək idarəçiliyi nəticəsində bu gün təyyarədə olan sərnişinlərin yarısı sağdır. Dünyada təyyarə qəzaları çox olub, hansında sağ qurtaran görmüşük?! Təyyarə dənizə düşərdi, heç sərnişinlərin cəsədlərini də tapmaq olmazdı. Amma pilotlar maksimim çalışıblar ki, insanların həyatını xilas etsinlər. Allah təyyarənin ekipaj üzvlərinə də, həlak olan sərnişinlərə də rəhmət eləsin. Sağ qalan insanlara da şəfa arzulayıram.

- Sosial şəbəkələrdə bir çox iddialar səsləndirilir ki...

- Bir dəqiqə! Mən sosial şəbəkələrdə yazılanlara fikir vermirəm, cəmiyyəti də fikir verməməyə səsləyirəm. Belə hadisələr zamanı sosial şəbəkələrdə hər kəs mütəxəssis olur, ağlına və ağzına gələnləri də yazırlar. Mən rəsmi məlumatları oxuyuram, bir də sizin qəzetiniz kimi peşəkar media orqanlarını oxuyuram, onların məlumatlarına inanıram. Sosial şəbəkələrdə yalan-palan yazılır, kim harda nə eşidirsə onu da həqiqət kimi deyir, yazır. İnsanlarımıza da tövsiyyə edirəm ki, rəsmi məlumatlara inansınlar, peşəkar medianın peşəkar ekspertlərlə hazırladıqları yazıları oxusunlar. Hərşeysünaslar sosial şəbəkələrdə çox şey yaza bilərlər. İstintaq gedir, nəticələr də rəsmi şəkildə açıqlanacaq.

- İstintaqla qəzanın əsl səbəbinin üzə çıxacağına inanırsınızmı?

- Əlbəttə, inanıram. Cənab Prezident İlham Əliyev birbaşa və ciddi göstəriş verib. Dünən ölkə başçısı müşavirədə bildirdi ki, araşdırma aparılacaq, səbəblər üzə çıxacaq və ictimaiyyət də məlumatlandırılacaq. Nəzərə almaq lazımdır ki, “qara qutu” var və bu, yanmır. “Qara qutu” oxunacaq, mətləblər də ortaya çıxacaq. “Qara qutu”nu oxumaq da, ondan nəticə çıxarmaq da istintaq aparan müstəntiqlərin işidir. Bütün hallarda, inanıram ki, həqiqətlər ortaya çıxacaq və ictimaiyyətə də məlumat veriləcək. Ondan sonra nəticə haqqında hansısa fikir bildirərik.

Geri qayıt