Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Paşinyan Qərbi Azərbaycana qayıdışdan imtina edə bilməyəcək... ÇÜNKİ...

Paşinyan Qərbi Azərbaycana qayıdışdan imtina edə bilməyəcək... ÇÜNKİ...


Dünən, 00:55
Paşinyan Qərbi Azərbaycana qayıdışdan imtina edə bilməyəcək... ÇÜNKİ...
Ermənistanın Baş naziri Nikol Paşinyan ermənilərin və beynəlxalq ictimaiyyətin diqqətini Qərbi Azərbaycan məsələsindən yayındırmağa çalışır.

Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 7-də yerli telekanallara müsahibəsində Qərbi Azərbaycan Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıdışı və bu prosesin perspektivləri ilə bağlı suala cavabı Ermənistan hakimiyyətində narahatlıqla qarşılanıb.

“Sadəcə olaraq, buna insan hüquqları nöqteyi-nəzərindən yanaşmaq lazımdır və biz bu məsələni gündəlikdən çıxartmayacağıq. Halbuki bizə belə təkliflər var. Amma bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər”,-Azərbaycan Prezidenti belə deyib.

Nikol Paşinyan yanvarın 8-də Ermənistan mediasında Azərbaycan Prezidentinin gündəmə gətirdiyi məsələlərə, o cümlədən Qərbi azərbaycanlıların öz dədə-baba torpaqlarına dönərək orada yaşamasının vacibliyi ilə bağlı fikirlərinə münasibət bildirib.

Paşinyan bu məsələyə dair dekabrın 16-da “Armenpress”-ə verdiyi müsahibəsində dediklərindən başqa sözünün olmadığını vurğulayıb.

Qeyd edək ki, Paşinyan həmin açıqlamasında Qərbi Azərbaycan dedikdə Azərbaycan Respublikasının Qazax, Tovuz, Ağstafa, Gədəbəy, Daşkəsən, Kəlbəcər, Laçın rayonlarının başa düşülməli olduğunu söyləyib. “İnsanların oraya qayıtması Azərbaycanın daxili işidir.

Ermənistan hökumətinin artıq Azərbaycanla müzakirə etdiyi məsələlərdən və Ermənistanın şərq sərhədlərinin təhlükəsizliyindən başqa hər hansı işi və müzakirəsi yoxdur”,-deyə Ermənistanın Baş naziri bildirmişdi.

Göründüyü kimi, Nikol Paşinyan Qərbi azərbaycanlıların öz tarixi yurdlarına qayıdışı ilə bağlı siyasi manipulyasiya etməyə, mövzudan yayınmağa çalışır. Baş nazirin Azərbaycanın Ermənistanla şərti sərhədində yerləşən rayonları “Qərbi Azərbaycan” adlandırması siyasi və hüquqi məsuliyyətdən yayınmağa, eyni zamanda dünya ictimaiyyətini aldatmağa xidmət edir.

Halbuki, 1988-1990-cı illərdə Ermənistan SSR ərazisindən 300 mindən artıq azərbaycanlının zorakılıqla deportasiya edilməsi yaxın dövrün hadisələridir. Sovet dövründə azərbaycanlıların yaşadığı və münaqişə başladıqda əhalisi qovulmuş onlarla kənd hələ də boşdur.

Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın yanvarın 3-də yayılmış videoçıxışı da Qərbi azərbaycanlıların öz tarixi torpaqlarından silah gücünə qovulduğunu bir daha təsdiq edir.

Xatırladaq ki, 1993-cü ilin 23 iyulunda “Yerkrapa” terrorçularının qarşısında çıxış edən Petrosyan etiraf edib ki, azərbaycanlıları qovmasaydılar, Ermənistan dövləti olmayacaqdı. O əlavə edib ki, azərbaycanlılar Basarkeçərdə, Zəngibasarda, Amasiyada, Zəngəzur mahalında böyük üstünlük təşkil edirdi.

“Bunu biz etdik, milli hərəkat etdi, erməni ümummilli hərəkatı və onun hərbi qanadı, özünümüdafiə batalyonları, bizim “Yerkrapa” dəstəsi”, - deyə eks-prezident bildirib. Bu etiraf azərbaycanlıların qanunsuz olaraq öz evlərindən qovulduğunu sübut edən rəsmi mənbədir.

Ona görə də Paşinyan hakimiyyəti azərbaycanlıların öz ata-baba yurdlarının qayıtması tələbindən imtina edə bilməz. Bu məsələdə beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Beynəlxalq konvensiyalara görə, Ermənistan Qərbi azərbaycanlıları öz evlərinə qaytarmaq öhdəliyi daşıyır.

Yəni onlar əvvəllər Qarabağda yaşamış erməni sakinlər kimi könüllü köçməyib. Ona görə də Qərbi azərbaycanlılar məhkəmə iddiası qaldıraraq öz evlərinə qayıtmaq hüququna malikdirlər. Ermənistan bu prosesin qarşısını ala bilməz.

Paşinyanın şərti sərhəddə yerləşən rayonları Qərbi Azərbaycan adlandırmasına gəlincə, bu, tamamilə absuddur. Çünki hazırda “Ermənistan” adlandırılan Qərbi Azərbaycan ərazisi inzibati deyil, milli-coğrafi sərhədləri əhatə edir. Yəni azərbaycanlıların milli sərhədləri Sovet dövründə mövcud olmuş inzibati sərhədlərlə yekunlaşmır.

İkincisi, Paşinyanın adını çəkdiyi rayonlar Azərbaycan-Ermənistan sərhədlərini hüquqi cəhətdən təsbit etmir. Çünki iki ölkə arasında delimitasiya və demarkasiya prosesi başa çatmayıb. Yalnız sərhədlər müəyyənləşdikdən sonra Qərbi Azərbaycanın inzibati-ərazi vahidi haqqında danışmaq olar. Çünki Qərbi Azərbaycan torpaqları Sovet dövründə qanunsuz olaraq Ermənistana bağışlanıb. Delimitasiya və demarkasiya prosesində Azərbaycan dövlətinin həmin ərazilərin qaytarılmasını tələb etmək hüququ var.

Müşfiq Abdulla
“Cebheinfo.az”
Geri qayıt