Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Bankların kredit siyasətində ədalətsiz yanaşma...
Bankların kredit siyasətində ədalətsiz yanaşma...Bu gün, 06:41 |
Banklardan kredit götürərkən bir məqama diqqət yetirməkdə fayda var. Bankların əksəriyyətində kredit faizi aylar üzrə bərabər bölünmür. Müştərinin ödədiyi vəsaitin ik aylarda böyük hissəsi faiz borcuna silinir, çox az bir qismi əsas borcdan çıxır. Son aylara yaxınlaşdıqca faizə tutulan hissə azalır və əsas hissə borcdan silinir. Banklar hətta azalan faizi müsbət hal kimi müştəriyə təqdim etməyə çalışırlar. Əslində isə bu müştərinin ziyanınadır. Çünki bank ümumi olaraq hesablanmış faizi aybaay eyni məbləğdə geri almır, öz gəlirini ilk aylarda götürməyə çalışır. Məsələn, üç illik kreditin ilk 1 ilində demək olar ki, 2 ilin faizini ödəmiş oluruq.Hətta müştəri sonradan maddi vəziyyəti yaxşılaşdığı üçün krediti bağlamaq istəyəndə görür ki, faiz ödənişlərini tamamilə ödəyib. Müştərilərin bir çoxunun fərqində belə olmadığı məsələ əslində onların ziyanına işləyir. Vətəndaşlar nə qədər müntəzəm ödəniş etsələr də, əsas borcda ciddi bir dəyişiklik olmadığını görürlər ki, bunun da səbəbi qeyd etdiyimiz durumdur. Bəs bu hal nə dərəcədə qanunauyğun və ədalətlidir? Hələ gəlib çatmamış ayın faizini biz niyə öncədən ödəməliyik? Mərkəzi Bank bu duruma niyə müdaxilə etmir? Mövzu ilə bağlı Sitat.info-ya danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, bu Azərbaycanda kreditlərlə bağlı aktual problemlərdən biridir: "Problem ondan ibarətdir ki, kredit müqaviləsi bağlanarkən vətəndaşlar nə hüquqi, nə də maliyyə məsləhəti almırlar. Bu da anlaşılandır. Nəzərə alaq ki, bizdə belə bir ənənə yoxdur. Nəticə etibarilə qeyd edilən bu məsələləri banklar çox zaman kiçik şriftlə də olsa, müqavilələrdə qeyd edirlər. Vətəndaşlar da buna imza atır: "Vətəndaşların imza atması artıq onun razılaşdığını göstərir. Sonrasında da banklar müqaviləni əsas gətirərək faiz dərəcələrinin hesablanması məsələsində öz bildiklərini edir, özlərinə sərf edən hesablama mexanizmindən istifadə edirlər”. İqtisadçı əlavə edib ki, bu məsələnin tənzimlənməsi yollarından biri vətəndaşın məhkəməyə müraciəti və əmsal qərarlarının alınması ola bilər: "Belə ki, məhkəmələr əmsal qərarı versə, bank artıq müqavilələrdə vətəndaşın mənafeyinə xidmət edən yanaşmaları tətbiq edəcər. Və ya qanunvericilikdə dəyişiklik edilməlidir ki, banklar həmin məsələlərdə tək öz mənafelərini yox, müştəri ilə qarşılıqlı münasibətlərini tənzimləməlidir". Geri qayıt |