Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Evi sökülən sakinə ev verilməlidir, yoxsa pul?

Evi sökülən sakinə ev verilməlidir, yoxsa pul?


Dünən, 17:54
Evi sökülən sakinə ev verilməlidir, yoxsa pul?
Hüquqşünas Əkrəm Həsənov öz “Facebook” səhifəsində diqqətçəkən paylaşım edib:

“Nizami rayon məhkəməsində bir prosesin şahidi oldum. Tikinti şirkəti çoxmənzilli binanı söküb yerində yeni 18 mərtəbəli bina tikməli və orada sakinlərə yeni mənzillər verməli imiş. Sakinlərə də bu müddət ərzində kirayə haqqı ödəməli imiş ki, haradasa yaşasınlar. Lakin yekunda tikinti şirkətinə yalnız 9 mərtəbəli bina tikməyə icazə verilib. İndi nə sakinlərin mənzillərini, nə də 5 ildir kirayə haqqını verir. Buna görə indi kim cavab verəcək?”

Son zamanlar tikinti şirkətləri ilə bağlı şikayətlər artmaqdadır.

Nə üçün vətəndaşa ev söküləndə yerinə ev veriləcəyi vəd olunur, nağd pul verilmir?

“Cebheinfo.az”-a açıqlamasında əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, rəsmi məlumatalara görə, 5200-dən artıq vətəndaş müxtəlif tikinti şirkətləri tərəfindən aldadılıb. Ekspert qeyd edib ki, sonradan onların bir hissəsi ev ilə təmin olunub, bir hissəsinin isə məhkəmələri davam edir:

“Artıq paytaxt Bakının Baş Planı təsdiq olunub. Bu səbəbdən Bakıda çox sayda qəzalı vəziyyətdə olan köhnə çoxmənzilli yaşayış binaları və fərdi yaşayış evlərindən ibarət yaşayış massivləri sökülüb ya infrastruktura veriləcək, ya yeni tikinti planı ilə əvəzlənəcək.

2016-cı ildə yeni qərar qüvvəyə mindi. Yeni qərar pilot layihəli binaların tikintisi ilə bağlı idi.

Daha sonra bu qərar ləvğ olundu. Söküləcək binalarla bağlı Fövqalədə Hallar Nazirliyinin rəyi olmalıdır. Belə ki, qəzalı vəziyyətdə olan binalar birmənalı olaraq sökülməli, sakinləri kirayəyə çıxarılmalı və onların yerinde yeni tipli binalar tikilməlidir. Söküntülər indi yalnız Bakıya şamil olunur”.

O bildirib ki, bu da iki formada aparılır: torpaqların dövlət ehtiyacı üçün alınması və özəl tikinti şirkətləriə verilməsi:

“ Ərazi dövlət ehtiyacı üçün alınırsa, bu zaman əlavə olaraq, idarələr və parklar salınır. Vətəndaşlara bazar dəyərindən 20% artıq kompensasiya verilərək məzilləri qiymətləndirilir. Dövlət vətəndaşlara pul verir. Söküntü işlərini özəl sektor aparırsa, sakinlərə tikiləcək binalardan mənzillər verir. İndi qaydalar çox dəyişib. Hazırda hansısa tikinti şirkətinin bina inşa edə bilməsi üçün mütləq qaydada onun sənədləri müxtəlif qurumlarla bərabər, Dövlət Şəhərsalma və Arxitektura Komitəsində təsdiq olunmalıdır.

Yerləşdiyi torpaq sahəsinin ölçüsünə uyğun olaraq tikinti əmsalı olmalıdır. Bu cür qəzalı binaları sökən şirkətlərə bank təminatı deyilən məktub verilməlidir. Bakıda illər ərzində bir çox tikinti şirkətləri tərəfindən vətəndaşlar aldadılıb. Rəsmi məlumatalara görə, 5200-dən artıq vətəndaş müxtəlif tikinti şirkətləri tərəfindən aldadılıb. Onların bir hissəsi ev ilə təmin olunub, bir hissəsinin isə məhkəmələri isə davam edir. O baxımdan, vətəndaşların evləri qəzalı vəziyyətdədirsə, həmin binalarda yaşamaq olmaz. Hər hansı bir tərpəniş baş verərsə, orda insan tələfatı ola bilər. Bu baxımdan, tikinti şirkətlərinin köhnə binaları söküb tikməsi bir növ dövlətin etməli olduğu işləri görürlər. Bununla bağlı çox ciddi nəzarət var. Çünki 2040 ilə qədər paytaxt Bakı Baş Planda əks olunan formada olmalıdır”.

Elnur Fərzəliyevin sözlərinə görə, tikinti şirkətləri evləri sökmək istədikdə, hər bir şəxs o şirkətlə bağlı məlumat əldə etməlidir:

“Vətəndaşlar şirkətlə bağlı müəyyən qurumlara, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti, rayon icra hakimiyyətlərinə sorğu göndərməlidirlər. O şirkətin keçmişi ilə maraqlanmalıdırlar. Yəni bunlarla maraqlanmaq vətəndaşların borcudur. Artıq fırıldaqçı şirkətlərin fəaliyyət göstərməsinə icazə verilmir. Çünki onların rəhbərlərinin böyük əksəriyyəti həbsdədir.

Yaxşı tərəf odur ki, burda təkcə binanın özü köhnə deyil, onun içindəki kommunikasiya xətləri, zirzəmilər bərbad vəziyyətdə olur.

Təbii ki, vətəndaşa verilən mənzil köhnə mənzilindən iki dəfəyə qədər baha olur. Hazırda Bakıda köhnə, istismar müddətini bitirmiş, sökülmə ehtimalı olan ərazilərdəki mənzillərə tələbat daha çoxdur.

Onların satış qiymətləri çox bahadır. Dünya praktikasına əsaslansaq, bu tip binalardakı mənzillərin qiymətləri onların əvvəlki vəziyyətində olan qiymətlərindən 50% daha aşağı təklif olunur. Bizdə isə həmin köhnə binaların satış qiymətlərində fantastik artım var. Buna də əsas səbəb o binaların sökülüb yeni binalarla əvəzlənməsidir. İnvestorlar bu tip layihələrə pul qoyurlar ki, bina söküləndə ona kirayə pulları veriləcək və verilən yeni tikili binadakı mənzilin satış qiynəti köhnə binadan daha baha olacaq”.

O bildiri ki, əvvəllər də bu tip problemlər olub:

“Təbii ki, bu. məhkəmə predmetidir. Həmin bina 9 mərtəbə tikiblərsə, birmənalı olaraq əvvəlki sakinlər orda mənzillə təmin olunmalıdırlar. Nəticə etibarilə onların hər birinin mülkiyyət hüququ var. Söküntü zamanı bəzən sakinlər deyirlər ki, mənim çıxarışım var və sökmək olmaz var, mülkiyyət toxunulmazdır.

Fövqaladə Hallar Nazirliyi o binanın qəzalı olması ilə bağlı rəy veribsə, mülkiyyət hüququ pozulmur və vətəndaşın həmin ərazidən çıxması qanun ilə mütləqdir. O şərtlə ki, həmin ərazini sökən şirkət vətəndaşı başqa məzillə təmin eləsin. Yəni köhnə binaları dövlət sökmür. Bakıda 11 000-ə qədər istismar müddətini bitirmiş köhnə çoxmənzilli yaşayış binaları var. Bəlkə də ümumi monitorinq aparılsa, yüzlərlə qəzalı vəziyyətdə bina var. Digər tərəfdən, sakinlər şirkətlərin etibarlı olub-olmaması ilə bağlı məlumat əldə etməlidirlər. Söküntü hansı ərazidə aparılırsa, həmin icra hakimiyyəti və tikintiyə icəzə verən bütün qurumlar vətəndaşa zəmanət verməlidir. O zəmanəti tələb etmək vətəndaşın hüququdur.

Tikinti ilə bağlı qaydaların sərt olması səbəbindən Bakıda tikinti şirkətləri bina tikmək istəmir. Çünki əvvəlki qədər tikə bilmirlər.

Bu da şəhərin sıxlıqdan qorunması üçündür. Şirkətlərin isə əsas götürdüyü öhdəlik vətəndaşları ev ilə təmin etməkdir”.

Geri qayıt