Əsas Səhifə > Ana xəbərlər, Güney Press > 200 min dollara Bakıda kimi öldürmək istəyiblər?

200 min dollara Bakıda kimi öldürmək istəyiblər?


Bu gün, 09:11
200 min dollara Bakıda kimi öldürmək istəyiblər?
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycanda fəaliyyət göstərən dini icmalardan birinin üzvünə qarşı terror aktı planlaşdırmış Gürcüstan vətəndaşı Aslanov Aqil Göycə oğlu və Azərbaycan Respublikasının vətəndaşı İsmayılov Ceyhun Şahin oğlu saxlanılıblar.

Narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan Aqil Aslanov 2024-cü ilin sentyabr ayında üçüncü ölkədə səfərdə olarkən, tanışı vasitəsilə həmin ölkənin xüsusi xidmət orqanının əməkdaşları ilə görüşüb və həmin şəxslər Azərbaycanda olan dini icma üzvünün fotoşəkillərini Aqil Aslanova göstərib barəsində məlumat verərək, 200.000 ABŞ dolları müqabilində ona sui-qəsd edilməsini təklif ediblər. Qarşılıqlı razılıq əsasında Aqil Aslanova ilkin olaraq icma üzvü və onun iş yeri barədə zəruri kəşfiyyat məlumatlarının toplanılaraq onlara ötürülməsi tapşırılıb, bunun üçün isə 2.000 ABŞ dolları məbləğində avans təqdim edilib.

Tapşırığın icrası ilə bağlı Bakı şəhərinə gələn Aqil Aslanov maddi maraq müqabilində cinayət əməllərində iştiraka cəlb etdiyi Ceyhun İsmayılovla birgə dini icma üzvü barədə məlumatların toplanılması istiqamətində işlər görüblər, onun yaşayış və iş yerinin məkan göstəricilərini müvafiq mobil telefon tətbiqi vasitəsilə xarici xüsusi xidmət orqanı nümayəndəsinə göndəriblər.

Faktla əlaqədar DTX-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 214.2.1, 274, 276 və digər maddələri ilə istintaqı aparılan cinayət işi üzrə məhkəmə tərəfindən Aqil Aslanov və Ceyhun İsmayılov barəsində həbs-qətimkan tədbiri seçilib.

Yada salaq ki, “Məşədi Dadaş” məscidinin imamına qarşı sui-qəsddə təqsirləndirilən Elşən Hüseynov da DTX tərəfindən həbs edilərək Cinayət Məcəlləsinin 29, 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar onun özünü öldürməyə cəhd), 29, 120.2.6 (başqa cinayətin törədilməsini yüngülləşdirmək məqsədilə adam öldürməyə cəhd) 29, 120.2.7 (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 29, 120.2.11 (Terrorçuluqla əlaqədar adam öldürməyə cəhd), 29, 120.2.12 (dini ədavət niyyəti ilə adam öldürməyə cəhd) və 277-ci (İctimai xadimin həyatına sui-qəsd etmə) maddələri ilə ittiham irəli sürülmüşdü. DTX-da aparılan araşdırmalarla müəyyən olunub ki, 2023-cü ilin dekabrın 30-da Elşən Hüseynov Nəsimi rayonunda yerləşən “Məşədi Dadaş” məscidinə bıçaqla daxil olaraq oranın imamı olan və ictimai xadim sayılan Əli Şərbətovun xidməti fəaliyyətinə son qoymaq niyyəti ilə ona sui-qəsd etmək qərarına gəlib.

Elşən Hüseynov Əli Şərbətovun otağına daxil olmaq istəyərkən məscidin xidmətçisi Rəsul Həsənli onun qarşısını alıb. Bu zaman Elşən Hüseynov Rəsul Həsənlini qəsdən öldürmək məqsədilə ona çoxsaylı bıçaq xəsarətləri yetirib. Elşən Hüseynov Rəsul Həsənlinin müqaviməti səbəbindən Əli Şərbətovun xidməti otağına girə bilməyib. Bu səbəbdən o, Əli Şərbətova sui-qəsd istəyini reallaşdıra bilməyib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə Elşən Hüseynov 18 il müddətə azadlıqdan məhrum edilib.

Dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd hazırlamaqda təqsirləndirilən Elşən Nəcəfovun cinayət işi üzrə məhkəmə prosesi isə davam edir. Elşən Nəcəfovun 2023-cü ilin sentyabr ayında DTX tərəfindən keçirilən xüsusi əməliyyat zamanı saxlanıldığı məlum olub. Həbs olunmamışdan əvvəl Elm və Təhsil Nazirliyinin dəftərxanasında işləyib.

Elşən Nəcəfova qarşı irəli sürülmüş ittihamda qeyd edilib ki, o, xarici ölkə ərazisində yaşayan digər Azərbaycan Respublikası vətəndaşı ilə əlbir olub xarici dövlət rəsmilərinin Azərbaycana səfəri zamanı onlara və Azərbaycanın dövlət və ictimai xadimlərinə qarşı ictimai tədbirdə imkan əldə edib terror hücumu etməyə hazırlıq hərəkətləri edib. Bu barədə qətiyyətini ifadə etdiyi və əlbir olduğu şəxsə göndərdiyi səs yazıları iş materiallarına əlavə edilib. Sonuncu Elşən Nəcəfova terrorçuluq əməlləri törətməsi planını həyata keçirərkən öldürüldüyü halda “şəhid” hesab ediləcəyini bildirib.

Elşən Nəcəfov DTX əməkdaşları tərəfindən ifşa edilərək saxlanıldığından, iradəsindən asılı olmayaraq qeyd olunan terror əməllərini törətməyə cəhd edə bilməyib.

Ona Cinayət Məcəlləsinin 28, 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsdə hazırlıq), 214-2 (terrorçuluğa açıq çağırışlar), 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma), 281.2 (Dövlət əleyhinə yönələn açıq çağırışlar) maddələri ilə ittiham elan edilib.

Bu iş üzrə proses isə fevralın 6-da davam etdiriləcək.

“Yeni Müsavat”

Geri qayıt