Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Bakı-İrəvan razılaşmasında mühüm detal: Proses İrana qədər olacaq

Bakı-İrəvan razılaşmasında mühüm detal: Proses İrana qədər olacaq


Dünən, 18:09
Bakı-İrəvan razılaşmasında mühüm detal: Proses İrana qədər olacaq
Yanvarın 16-da Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə iki ölkə arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyasının on birinci görüşü keçirilib.

Görüş zamanı Gürcüstandan İranadək sərhədin delimitasiya prosesinə başlanılması ilə bağlı razılıq əldə olunub. Həmçinin Tərəflər delimitasiya işlərinin görülməsi qaydası üzrə müvafiq təlimatların layihələrini müzakirə ediblər.

Globalinfo.az-a danışan politoloq Aytən Qurbanova deyib ki, delimitasiya və demarkasiya məsələləri üzrə komissiyanın ikitərəfli formatda fəaliyyəti uğurlu şəkildə davam edir:

“Bu günə qədər bir çox istiqamətdə müsbət irəliləyişlər müşahidə edilsə də, təbii ki, prosesin qısa müddətdə yekunlaşması ehtimal olunmur. Ona görə də, keçirilən görüşlərin hər bir mərhələsinin ümumi prosesə təsir edəcək müsbət addımlara rəvac verməsi kifayət qədər önəmlidir.

Yanvar ayının 16-da baş tutan 11-ci görüş çərçivəsində də müəyyən razılıqlar əldə olunub. Dövlət sərhədinin delimitasiyası üzrə kompleks işlərin şimal sahəsindən başlayaraq Azərbaycan, Ermənistan və Gürcüstan sərhədlərinin qovuşma nöqtəsi ərazisindən cənub istiqamətində, şimaldan cənuba, Azərbaycanın və Ermənistanın İran ilə sərhədinə qədər davam etdirilməsi barədə razılığa gəlinib. Təbii ki, bu müsbət haldır və düşünürəm ki, belə görüşlərin kənar təsirlərə məruz qalmadan uğurlu şəkildə həyata keçirilməsi sülh danışıqları ilə bağlı ikitərəfli formatın davam etdirilməsinin önəmini bir daha bariz şəkildə sübut etmiş olur”.

Geri qayıt