Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Bölgədə yeni təhdidlərə qarşı Azərbaycan-İsrail müttəfiqliyi?

Bölgədə yeni təhdidlərə qarşı Azərbaycan-İsrail müttəfiqliyi?


Bu gün, 08:29
Bölgədə yeni təhdidlərə qarşı Azərbaycan-İsrail müttəfiqliyi?
Prezident İlham Əliyevin yanvarın 21-də Davosda qarşı tərəfin müraciəti əsasında İsrail Dövlətinin Prezidenti İsxak Hersoqla görüşdüyü barədə xəbər vermişdik. Görüşdə Azərbaycanla İsrail arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi qeyd olunub. Söhbət zamanı iqtisadi-ticari sahədə əməkdaşlığın yaxşı səviyyədə olduğu bildirilib, hökumətlərarası birgə komissiyanın işi yüksək qiymətləndirilib.

İsrail müstəqilliyimizi tanıdığı 1991-ci il dekabrın 25-dən sonra Azərbaycanla bu dövlət arasında münasibətlər həmişə müsbət istiqamətdə inkişaf edib. Amma son bir neçə ildə münasibətlərdə xüsusi dinamika müşahidə olunur: əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı səfərlərin çoxalması, ticarət dövriyyəsinin və investisiyaların artması, qarşılıqlı fəaliyyət üçün yeni sənaye sahələrinin müəyyənləşdirilməsi və s.

Azərbaycanın İsraildə səfirliyinin açılması ikitərəfli münasibətlərdə yeni mərhələnin başlanğıcı oldu.

Azərbaycan həm İkinci Qarabağ müharibəsi zamanı, həm də sonrakı mərhələdə - işğaldan azad edilmiş ərazilərin bərpası dövründə İsrailin dəstəyini hiss edib.

Həm İsrail Prezidentinin, həm də Azərbaycan Prezidentinin yeni sahələrdə əməkdaşlığı genişləndirmək siyasətində də nümayiş etdirdiyi çoxvektorlu yanaşma iki ölkə arasında münasibətlərdə mövcud olan tükənməz potensialdan xəbər verir. Belə sahələrdən biri də bərpa olunan enerji mənbələrindən istifadədir. Azərbaycan işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerjidən fəal istifadə etməyə başlayıb, İsrail isə bu sahədə öz təcrübəsini bölüşməyə hazır olduğunu bəyan edib.

Bu arada isə amerikalı ekspert İrina Zukerman Minval.az-a bildirib ki, İran və Rusiyadan gələn təhdidlərə görə İsrail Azərbaycanla təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirməlidir. Ekspert hesab edir ki, siyasi baxımdan İsrail İranın, eləcə də Rusiyanın düşmənçilik fəaliyyətinə qarşı Azərbaycan kimi dost dövlətlərlə təhlükəsizlik və kəşfiyyat əməkdaşlığını genişləndirməlidir.

Nəzərə alsaq ki, Bakı da hər iki tərəfdən oxşar siyasi, iqtisadi və kəşfiyyat təzyiqləri və əməliyyatlarının hədəfindədir, bu əməkdaşlığın zəruri olduğu daha da aydın görünür.

Qeyd edək ki, Moskva və Tehran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi 47 maddədən ibarətdir və ikitərəfli əməkdaşlığın bütün sahələrini əhatə edir. Bakı da bu sazişlə bağlı gəlişmələri diqqətlə izləsə də, xüsusi reaksiya bildirmədi. Qeyd edək ki, Azərbaycanın hər iki ölkə ilə münasibətlərində son aylarda gərginlik yaranıb. Təbii ki, Azərbaycanın şimalda və cənubda iki nəhəng qonşusunun hərtərəfli strateji tərəfdaşlıq sazişini əsasən müdafiə sahəsinə yönəltməsi narahatedici hal da sayıla bilər. Zaman-zaman hər iki dövlətdən Azərbaycana hərbi təhdidlər olub. Xüsusən son illərdə İran bizi hədələyib, sərhədlərimizdə təlimlər keçirib, hədyanlar yağdırıb. Bu təhdidlərə qarşı İsraillə təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək zərurətə çevrilir?

Politoloq Yusif Bağırzadə “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan və İsrail istər təhlükəsizlik, istərsə də digər sahələrdə onsuz da zəngin əməkdaşlıq təcrübəsinə malikdir: “Məlum olduğu kimi, Azərbaycan və İsrail arasında hərbi-texniki əməkdaşlıq daim inkişaf edir və möhkəmlənir. Azərbaycan İsraildən daha çox silah alan ölkələr içərisində daim ilk yerlərdə dayanır. Belə demək mümkünsə, bu gün iki dövlət arasında təhlükəsizlik sahəsində əməkdaşlığın əsas prioriteti hərbi sənaye sahəsində əməkdaşlıq üzərində qurulub. Çünki İsraildə olan hərbi sənaye Azərbaycana imkan verir ki, ən müasir hərbi texnologiyalara çıxış əldə etsin. Hər iki ölkənin təhlükəsizlik qurumları arasında da əməkdaşlıq mövcuddur və indiyə qədər olan təcrübədə terrorizmə qarşı birgə fəaliyyətə də şahidlik etmişik. İndiki mərhələdə də istər İran və Rusiyadan, istərsə də hər hansı başqa bir dövlətdən gələn təhdidlərə qarşı təhlükəsizlik tədbirlərinin artırılması zəruridir. Və buraya təkcə İsraillə deyil, başda Türkiyə olmaqla, dost və qardaş ölkələrlə əməkdaşlıq da aiddir”.

Politoloq qeyd etdi ki, bu və ya digər ölkə ilə təhlükəsizlik sahəsində əməkdaşlıq imkanlarının gücləndirilməsində ən önəmli məqam ölkənin milli maraqlarından ibarətdir: “Yəni başqa sözlə desək, hərbi və təhlükəsizlik sahəsində əməkdaşlıq elə səviyyədə qurulmalı və inkişaf etdirilməlidir ki, bu əməkdaşlıq digər ölkələr tərəfindən yeni təhdidlər doğurmasın”.

Geri qayıt