Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Ermənilər hesab edir ki, ATƏT-in Minsk Qrupu fəaliyyət göstərməsə də...
Ermənilər hesab edir ki, ATƏT-in Minsk Qrupu fəaliyyət göstərməsə də...Bu gün, 10:02 |
“Əgər münaqişə yoxdursa, münaqişənin həlli ilə məşğul olan formatın olmasının nə mənası var?” Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib. “Biz bu mövqeyi başa düşürük, amma əmin olmaq istəyirik ki, Azərbaycan da bu məsələyə eyni məntiqlə yanaşır” - Paşinyan deyib. Ermənistanın xarici siyasətini və Avropaya inteqrasiya siyasətini tənqid edən Çiçəklənən Ermənistan Partiyasının lideri Edmon Marukyan isə Minsk Qrupunun buraxılmasını “son dərəcə təhlükəli” adlandırıb: “Minsk Qrupunun buraxılması ona gətirib çıxaracaq ki, əslində biz işğalçı kimi tanınırıq, Marukyan hesab edir. Azərbaycan bizim faşist və işğalçı dövlət olduğumuz fikrini təbliğ edir və keçmişimizi nəzərə alsaq, diqqətli olmalıyıq. Minsk Qrupu dünyanı "Ermənistan işğalçıdır" deməkdən saxlayan beynəlxalq hüquqi format idi. Söhbət ondan gedirdi ki, münaqişə var idi və onu həll etmək üçün Minsk Qrupu yaradılıb. Lakin Bakı münaqişənin bitdiyini iddia edir və qrupun buraxılmasını təklif edir. Baş nazirimiz də bunu təsdiqləyir". Erməni siyasətçi hesab edir ki, ATƏT-in Minsk Qrupu fəaliyyət göstərməsə də, gələcəkdə “faydalı ola bilər”. Onun fikrincə, onun ləğvindən yalnız Azərbaycan qazanır, Ermənistan isə əvəzində heç nə almadan onun ləğvinə razılaşır. Qeyd edək ki, Ermənistanın siyasi dairələrində bir çoxları Edmond Marukyanın fikrini bölüşürlər. Xüsusən də müxalifət düşərgəsində də oxşar fikirlər səslənir, iqtidarın əleyhidarları sülh sazişi imzalanana qədər Minsk Qrupunun ən azı formal mövcudluğunu qorumağa çağırırlar. Rəsmi İrəvanın da Minsk Qrupunun buraxılmasını sülh danışıqlarının gedişatı ilə əlaqələndirib-əlaqələndirmədiyi, yoxsa erməni tərəfinin saziş imzalanmadan ATƏT-ə qrupun buraxılması ilə bağlı müraciət göndərməyə hazır olub-olmadığı da aydın deyil. Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı “Yeni Müsavat”a bildirdi ki, ATƏT-in Minsk Qrupu beynəlxalq diplomatiya kontekstində Azərbaycan və Ermənistan arasında keçmiş Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək məqsədilə yaradılan qurum idi: “Hər kəsə məlumdur ki, sözügedən üçlü format münaqişə müddətində hər hansı bir ciddi fəaliyyətlə yadda qalmadı. Əksinə, hər üç dövlət bəzən aşkar, bəzən də üstüörtülü Ermənistanı dəstəkləməklə İrəvanın təcavüzkar, işğalçı siyasətini stimullaşdırırdı. Ermənistan isə cəzasızlıq mühitində işğalçı siyasətini rəsmiləşdirməyə çalışırdı. Təbii ki, bu kimi qanunsuz fəaliyyətlər və beynəlxalq təsisatlar fonunda Minsk Qrupunun fəaliyyətsizliyi Azərbaycanı ərazi bütövlüyü və suverenliyini bərpa etmək üçün hərbi əməliyyatlara başlamağa sövq etdi. 44 gün davam edən Vətən müharibəsi işğal faktorunun aradan qalxması ilə nəticələndi. Hazırda ATƏT-in Minsk Qrupu de-yure olmasa da, de-fakto olaraq işi yekunlaşdırılmış qurumdur. Çünki artıq Azərbaycan və Ermənistan arasında Qarabağ münaqişəsi sona çatıb və sülh danışıqları çərçivəsində üçlü formatın mövcudluğuna ehtiyac yoxdur. Lakin Ermənistan rəhbərliyi beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək üçün Minsk Qrupunun fəaliyyətinin davam etməsində maraqlıdır. Onlar elə bir görüntü yaratmaq istəyirlər ki, sanki hələ də həmsədrlər institutun mövcudluğu gərəklidir. Amma rəsmi İrəvan Minsk Qrupunun ləğvi ilə əlaqədar yekun qərarı qəbul etməyə məcbur olacaq”. AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli Minsk Qrupunun hər zaman Azərbaycanın əleyhinə olmasından söz açdı: “ATƏT-in Minsk Qrupu qurulandan mənasız bir təşkilat olub. Tarix də göstərdi ki, apardığı danışıqlarda heç nəyə nail ola bilmədilər. İşləri-gücləri Qarabağda çaxır içib, kabab yemək idi. Müharibədən sonra Bakıya son səfərlərində onlara aydın bildirildi ki arzu olunmayan qonaqdırlar. Bu qurum ən başlanğıcdan Azərbaycanın əleyhinə işləyirdi. 3 həmsədrin hamısı zaman göstərdi ki, ermənilərin yanında oldu. Bütün bu illərdə düşdüyümüz çətin vəziyyətdən çıxmağa müvəffəq olduq. Bundan sonra birtərəfli olaraq Minsk Qrupu formatından çıxıb bildiyimizi Ermənistana diktə etməyi bacarmalıyıq. ATƏT-in Minsk Qrupunu da tarixin zibilliyinə göndərməliyik”. Siyasi analitik Asif Nərimanlını fikrincə, Minsk Qrupu məsələsini Ermənistan üçün sülh danışıqlarında zaman-zaman kart kimi irəli sürüləcək: “De-fakto mövcud olmayan Minsk Qrupunun de-yure ləğv edilməsi qaçılmazdır, əks təqdirdə, sülh sazişinin imzalanması perspektivi çətin olacaq. Bunu İrəvanda da anlayırlar. Lakin Paşinyan hakimiyyəti Minsk Qrupunun de-yure ləğv edilməsindən sülh danışıqlarında kart kimi istifadə etmək niyyətindədir. Yəni hansısa məsələdə Azərbaycandan güzəştə əldə etmək, əvəzində Minsk Qrupu məsələsində razılaşmaq istəyir. Bu güzəştlərdən biri sülh sazişi mətnində bəndlərdən birinin arxa plana keçirilməsidir. Söhbət üçüncü ölkələrin qüvvələrinin sərhəddən çıxarılmasından gedir. Ermənistan Aİ missiyasını saxlamaqda qərarlıdır, bununla bağlı təklif irəli sürülüb. İstisna deyil ki, Bakıdan Minsk Qrupunun ləğvinə qarşılıq üçüncü ölkələrin qüvvələrinin sərhəddən çıxarılma məsələsində tələbi yumşaltmağı istəyirlər. Ümumiyyətlə, Minsk Qrupu məsələsi Ermənistan üçün sülh danışıqlarında zaman-zaman kart kimi irəli sürüləcək”. Geri qayıt |