Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Paşinyandan Türkiyəyə reverans: görünən və görünməyən məqamlar
Paşinyandan Türkiyəyə reverans: görünən və görünməyən məqamlarDünən, 06:24 |
Ermənistanın baş naziri Nikol Paşinyan İsveçrədə Osmanlı İmperiyasında erməni "soyqırımı" məsələsinin yenidən öyrənilməsindən danışıb. O, bu məsələyə növbəti dəfə Sürixdə erməni diasporu ilə görüşdə toxunub. Paşinyan deyib: "Biz erməni "soyqırımı" tarixi haqda məsələyə yenidən qayıtmalıyıq. Biz başa düşməliyik, nə baş verib və niyə baş verib? Və biz bunu kimin vasitəsilə, necə qavramışıq. 1939-cu ildə "soyqırım" gündəliyi yox idi, amma 1950-ci ildə bu, gündəlikdə necə peyda oldu?" Paşinyan deyib ki, bu məsələ Türkiyənin NATO-ya üzv olması səbəbindən Sovet dövründə "qəsdən gərginləşdirilib". Məlum olduğu kimi, ötən il Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan erməni "soyqırımı"nın tanıdılması məsələsinin ölkənin xarici siyasəti üçün prioritet olmadığını bildirmişdi. Ermənistanın siyasətindəki bu metamarfoza indi başlamayıb və səbəbsiz də deyil. Bir tərəfdən, bu, Ermənistanın Rusiyadan uzaqlaşma xəttinin məntiqindən doğur, o biri tərəfdın isə, Türkiyə ilə yaxınlaşmaq ehtiyacından yaranıb. Eyni zamanda Türkiyə ilə Azərbaycan arasında müəyyən fikir ayrılıqlarında oynamağa çalışırlar. Türkiyəyə reveranslar edərək, Ankaranın Bakını sülh gündəliyindəki tələblərini yumşaltmağa sövq etməsini istəyirlər. Məlumdur ki, Ermənistan Konstitusiyasında həm Azərbaycana, həm Türkiyəyə qarşı ərazi iddiaları var. Azərbaycan öz ərazisinə qarşı iddiaları Konstitusiyadan çıxarmağı Ermənistandan tələb edir, ancaq Türkiyə tələb etmir. Hər halda indiıik. Amma Ankara da, Bakı da eyni fikirdədir ki, Azərbaycan-Ermənistan normallaşması mümkün qədər sürətlə getsin və tez yekunlaşsın. Çünki bəlirsizlik ortamı, konfrontasiya ruhu qaldıqca, regiona aid olmayan başqa güclər Cənubi Qafqaza gəlir, yerləşir. Türkiyə, təbii ki, Ermənistandan boşalan yeri mümkün qədər çox və daha tez tutmağa çalışır. Bu baxımdan haqlıdır da. Buna Azərbaycanın da etirazı, təbii ki, yoxdur. Eyni zamanda Ermənistanla normallaşma "Terrorsuz Türkiyə" konsepsiyasına da uyğundur. Ancaq Azərbaycanla Ermənistan arasında münasibətlər qaydasına düşmədən Türkiyə burtərəfli addım ata bilmir, atmaq istəmir. Ermənistan isə Türkiyəni o mpvqeyə dəvət edir ki, Ankara İrəvanla münasibətlərə Bakı ilə İrəvan arasındakı münasibətlər kontekstində yanaşmasın. Bunları bir-birindən ayırsın, Azərbaycanla ayrılıqda, Ermənistanla ayrılıqda münasibət qursun. Dediyimiz kimi, Türkiyə buna getmir. Ona görə də xarici işlər naziri Hakan Fidan yenidən Azərbaycana gəldi; məqsəd rəsmi Bakı ilə ortaq qərarlara çıxmağın yolunu birgə axtarmaq idi. Onu da deyək ki, Nikol Paşinyanın İsveçrədəki bəyanatı, Ararat Mirzoyanın Moskvada, Hakan Fidanın Bakıda apardığı danışıqlar həm də ABŞ-Türkiyə gündəliyindən doğur. Vaşinqton Ermənistanı Rusiyanın iqtisadi asılılığından qoparmaq üçün Türkiyənin sərhədləri açmasına və Ermənistanla əlaqələri genişləndirməsinə aksent edir. Bu, Cənubi Qafqazda Rusiyanın, eləcə də, İranın təsirini azaltmağa yönəlmiş bir strategiyadır. Buna görə İran və Rusiya dərhal strateji tərəfdaşlıq müqaviləsi imzaladılar və müqavilənin əsas müddəalarından biri regiondankənar aktorların bölgəyə gəlişinin qarşısını almaqdır. Moskva və Tehran Suriyadakı kimi Cənubi Qafqazda da Türkiyəyə uduzmaq istəmirlər. Hər iki paytaxtda hesab edirlər ki, ABŞ, NATO Türkiyə vasitəsilə bölgədə daha üstün təsir əldə edəcək. Azərbaycan, təbii ki, Türkiyə ilə bu bölgədə strateji məsələləri uzlaşdırır. Bu da həm Parisdə, həm Moskvada, həm Tehranda qıcıq doğurur. Üstəlik İran Azərbaycanın Tramp administrasiyası ilə münasibətləri strateji tərəfsaşlıq səviyyəsinə çatdırmaq niyyətindən və İsraillə əlaqələri daha da genişləndirməsindən narazıdır. Bundan başqa Azərbaycanın və Türkiyənin Cənubi Qafqazla Mərkəzi Asiyanı vahid geosiyasi məkan olaraq birləşdirməyə çalışması həm Rusiyanı, həm İranı məmnun etmir. Belə bir vəziyyətdə, xüsusilə, ABŞ-da hakimiyyət dəyişikliyindən sonra Ermınistanın indiki yolundan geriyə - Rusiyanın yanına qayıtması artıq mümkün görünmür, ABŞ və Avropa İttifaqı simasında Qərb isə hələ ki İrəvana tam sahib çıxmayıb. Üstəlik Donald Trampın gəlişindən sonra ABŞ və Avropa İttifaqının özləri arasında ziddiyyətlər kəskinləşib. Vaşinqtonun Ermənistana dair siyasəti də tam müəyyənləşməyib. Belə bir məqamda Ermənistanın Türkiyəyə reveranslar etməsi təbiidir. Ankara ilə əlaqələri tez bir zamanda normallaşdırmaq İrəvanın marağındadır. Ancaq buna nail olmaq üçün əvvəlcə Azərbaycanın tələblərini yerinə yetirmək məcburiyyəti var. Beləliklə, Ermənistanın Azərbaycanla və Türkiyə ilə sağlam və dayanıqlı münasibətlər qurmaqdan başqa yolu yox kimi görünür. Həm də rəsmi İrəvan bunu Rusiya-Ukrayna müharibəsi dayanana qədər, yəni Rusiyanın diqqəti Cənubi Qafqaza cəmləşənə qədər etməsə, sonra çox şey üçün çox gec ola bilər. Bahəddin Həziyev -bizimyol.info Geri qayıt |