Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Bakı tələb etdi, İrəvan razılaşmadı...
Bakı tələb etdi, İrəvan razılaşmadı...Bu gün, 06:22 |
Avropa İttifaqının (Aİ) Ermənistandakı mülki missiyasının müddətinin 2027-ci il fevralın 19-dən uzadılması ilə bağlı qərar təsdiqlənib. Buna əsasən, missiya daha iki il Ermənistanın sərhəd ərazilərində monitorinq aparmağa davam edəcək. Həmçinin müşahidəçilərin say tərkibinin dəyişməz qalması da razılaşdırılıb. Hazırkı missiyada 165 beynəlxalq və 44 ermənidən ibarət heyət fəaliyyət göstərir. Bakının İrəvandan dəfələrlə missiyanın fəaliyyətinin sonlandırılmasını tələb etməsinə rəğmən qərarın dəyişməməsi, birmənalı qarşılanmayıb. Bu qərar Qərbin regionda qarşıdurma, gərginlik yaratmasına xidmət edən addım kimi dəyərləndirilir. Avropa İttifaqı sözügedən missiyanı regionda saxlamaqla nəyə nail olmağa çalışır? Globalinfo.az-a danışan politoloq Fərhad Məmmədov deyib ki, Aİ missiyası əsasən Praqa danışıqlarından sonra yaradıldı: “Missiyanın əsas məqsədi Ermənistan-Azərbaycan şərti dövlət sərhədində delimitasiya və demarkasiya prosesinə dəstək göstərmək idi. Yəni ittifaqın bu vasitə ilə prosesə texniki yardımının nəzərdə tutduğu qeyd edilirdi. Artıq bir ildir ki, Bakı ilə İrəvan delimitasiya və demarkasiya prosesini davam etdirirlər. Aİ missiyasının burda artıq heç bir funksiyası yoxdur, müşahidəçilər prosesdə iştirak edə bilməzlər. Ona görə də Azərbaycanın onlarla bağlı gözləntisi əsaslıdır. Lakin müddətin uzadılması qərarı geosiyasi məqsəd daşıyır. İttifaq artıq regionda ikinci ölkədə öz missiyası ilə təmsil olunur. Söhbət Gürcüstan və Ermənistandan gedir. Bu missiya Ermənistan tərəfindən təhlükəsizlik qarantı olaraq görülür və bu səbəbdən geosiyasi məna daşıyır”. Politoloq bildirib ki, sülh sazişinin iki bəndi prinsipial ziddiyyət təşkil edir: “Bəndlərdən biri sərhəddə üçüncü tərəfin olmaması ilə bağlıdır. Yəni Aİ-nin öz missiyasını Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsi sülh sazişinə maneədir. Bu məsələ Bakı və İrəvan arasında danışıqlar yolu ilə həll edilə bilər. Məsələn, artıq delimitasiya və demarkasiya prosesinin tamamlandığı ərazilərdə həmin missiyanın yerləşdirilməməsi əsaslı olar. Yəni İrəvan missiyanı Ermənistandakı funksiyasını yenidən nəzərdən keçirə bilər. Danışıqlar vasitəsilə bu iki istiqamətdə iş aparılsa, tərəflər arasında gərginlik olmaz”. Geri qayıt |