Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Kanadadan Bakıya həyasız tələb
Kanadadan Bakıya həyasız tələbBu gün, 15:38 |
Ermənistanın Azərbaycanla sülh müqaviləsindən yayınmasının əsas səbəbi məlum – xarici havadarlar. Kapitulyant ölkəni sürətlə silahlandırmaqda tək hədəf ermənilərin “miatsum” virusundan qurtulmasını əngəlləmək, bu toplumda revanşist ovqatı zəifləməyə qoymamaq, iki qonşu xalqın barışığına imkan verməməkdir. Təsadüfi deyil ki, 44 günlük müharibədən sonra ABŞ başda olmaqla, Qərb dövlətlərinin heç biri, həmçinin Rusiya Ermənistanı öz konstitusiyasından Azərbaycan və Türkiyəyə qarşı əsassız torpaq iddiaları bağlı müddəaları çıxarmağa çağırış etməyib. Yalnız ümumi, ilk baxışda qulağa xoş gələn bəyanat və açıqlamalar səsləndiriiib. Halbuki söhbət Azərbaycan ərazilərinin altını üstünə çevirmiş, xalqımıza qarşı etnik təmizləmələr, soyqırımları, digər bəşəri cinayətlər törətmiş və öz layiqli cəzasını almış, eyni zamanda, faşizmin hələ də güclü olduğu təcavüzkar dövlətdən gedir. Təəssüf ki, nasist Almaniyasına münasibətin eynisini Ermənistana münasibətdə görmürük. Tam əksinə. Üstəlik, Bakıda məhkəməsi gedən və cinayətləri şəkk-şübhə doğurmayan erməniləri utanmazcasına “əsir”, “siyasi məhbus” adlandırıb onları dərhal buraxmağı tələb edirlər. Bu da növbəti nümunə. Kanadanın xarici işlər naziri Melani Coli “Bakıdakı erməni əsirlərin azad edilməsinə” çağırış edib. O, “Ermənistanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə” (görəsən Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörmət olunmalı deyil?! - red.), “erməni mülki əhalinin təhlükəsiz və ləyaqətli şəkildə doğma torpaqlarına qayıtmasına” da çağırıb. Ardınca Qarabağda mifik “erməni mədəni irsinin qorunmasının vacibliyini” qeyd edib. Bundan əlavə, M.Coli elementar siyasi etiketi gözləmədən “artsax problemi”nin ATƏT-in üzdəniraq Minsk Qrupu prosesi çərçivəsində, “Helsinki Yekun Aktının prinsiplərinə uyğun surətdə” və çoxdan arxivə verilmiş “üç prinsip əsasında - güc tətbiqini istisna etmək, ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə hüququ çərçivəsində həlli”nə çağırış edib. Bəs Bakının mərkəzində tayqulaq Andronikə, faşist Njdeyə abidə qoyulmasını istəmirsiniz?.. Ermənidən çox erməni olmaq istəyən xanım Joli, əvvəla, öz dərdinizi çəkin ki, bir azdan Kanada öz müqəddəratını təyin eləmək zorunda qala, müstəqilliyinizi itirib ABŞ-ın 51-ci ştatına çevrilə bilərsiniz. Bir yandan yaxşı da olar. Azərbaycanın düşmənlərinin sayı bir ədəd azalar... İşin başqa absurd tərəfi odur ki, bu yaxınlarda baş nazir Nikol Paşinyan rəsmi İrəvanın Minsk Qrupunun ləğvinə razı olduğunu bildirib. Kanada XIN başçısı isə ya dəvəquşu kimi başını kola soxub elə bilir gizlənib, ya da ölkənin baş diplomatı sayılan bu xanımın dünyadan, bölgədən xəbəri yoxdur. Doğrudan da bəlkə elə ən yaxşısı, Kanadanın ABŞ 51-ci ştatına çevrilməsidir... Bu ölkənin hansı qərəz yiyəsi olduğunu biz hələ 44 günlük Vətən müharibəsi zamanı görmüşük. O vaxt Kanada Azərbaycanı “artsax”a qarşı “təcavüz”də ittiham edərək, “Bayraktar TB 12” PUA-ları üçün Türkiyəyə komponentlər tədarükünü dayandırmışdı. Hazırda isə Avropa İttifaqının (Aİ) üzvü olmaya-olmaya Ermənistanla sərhəddə Aİ-nin missiyasının tərkibində ölkəmizə qarşı casus fəaliyyəti göstərən ölkələrin sırasında yer alır... Amma təməl insan haqlarından, ədalətdən dəm vuran yüksək çinli Kanada rəsmisi və onun bir sıra qərbli həmkarları öz yurd yerlərindən vəhşicəsinə qovulmuş Qərbi azərbaycanlıların tarixi vətənlərinə qayıdış hüququndan kəlmə də kəsmirlər. Əlbəttə, səbəb həm də xristian amili, türkofobiya, islamofobiyadır... Musavat.com Geri qayıt |