Əsas Səhifə > Ana xəbərlər, Güney Press > “Rus evi” elə USAİD-in bir formasıdır...

“Rus evi” elə USAİD-in bir formasıdır...


Bu gün, 09:08
“Rus evi” elə USAİD-in bir formasıdır...
Bakıda “Rus Evi”nin yerləşdiyi binanın üzərində adının rus dilində yazılması ilə bağlı aidiyyəti qanunvericilik aktları ilə Azərbaycan Dövlət Reklam Agentliyinə (ADRA) verilən səlahiyyətlər çərçivəsində qanunamüvafiq tədbirlərin görülməsi təmin ediləcək.

Bu barədə “Report”un sorğusuna cavab olaraq ADRA-dan bildirilib.

Qeyd olunub ki, “Reklam haqqında” Qanunun 4.7-ci və “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanunun 7.1-1-ci maddələrinə görə reklamvericinin tələbinə əsasən reklam qurğularında yerləşdirilən reklamın mətnində Azərbaycan dövlət dili ilə yanaşı digər dillərdən istifadə oluna bilər.

Məlumata görə, reklam qurğularında yerləşdirilən reklamın mətnində digər dillərdən istifadə olunduğu halda xarici dildə olan mətn dövlət dilində olan mətndən sonra yerləşdirilməli, dövlət dilində olan mətnin tutduğu sahədən böyük olmamalıdır.

Agentlikdən bildirilib ki, Azərbaycan Prezidentinin 19 dekabr 2017-ci il tarixli 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın 3.1-ci bəndinə görə, Dövlət Reklam Agentliyi açıq məkanda yerləşdirilmiş (yerləşdirilən) reklam daşıyıcılarının qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayır, Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulan hallarda və qaydada, həmçinin “Reklam haqqında” Qanunda nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq göstərişlər verir, reklam qurğularının sökülməsi barədə qərar qəbul edir və onları sökür.

Həmin qaydanın 3.2-3.5-ci bəndlərinə əsasən Dövlət Reklam Agentliyi açıq məkanda icazə əsasında yayımlanan və yerləşdirilməsinə icazə alınması tələb olunmayan reklamlarda “Reklam haqqında” Qanunun və digər qanunvericilik aktlarının pozulması hallarını aşkar etdikdə, eləcə də icazəsiz və yayım haqqını vaxtında ödəmədən reklam yayımı hallarını müəyyənləşdirdikdə, pozuntu halları təsvir olunmaqla, müvafiq akt tərtib edir və həmin pozuntuların 5 gün ərzində aradan qaldırılması barədə reklam yayıcısına icrası məcburi olan yazılı göstəriş verir.

Sözügedən yazılı göstərişdə nəzərdə tutulan tələblər yerinə yetirilmədikdə, qanunvericilik aktlarının müddəaları pozulmaqla yayımlanan reklamın yayımının dayandırılması istiqamətində zəruri tədbirlər görülür.

Bununla yanaşı, adıçəkilən Qaydanın 3.7-ci bəndinə əsasən Dövlət Reklam Agentliyi reklamvericilərin, reklam istehsalçılarının, reklam yaradıcılarının, reklam agentlərinin və reklam yayıcılarının hərəkətlərində açıq məkanda reklam üzrə inzibati xəta əlamətləri aşkar etdikdə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görür, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat verir.

Qeyd olunan faktla bağlı aidiyyəti qanunvericilik aktları ilə agentliyə verilən səlahiyyətlər çərçivəsində qanunamüvafiq tədbirlərin görülməsi təmin ediləcək.

Yeri gəlmişkən, iki gün əvvəl “Rus evi”nin Azərbaycan hüquq-mühafizə orqanlarının gücləndirilmiş nəzarətinə alındığı barədə də xəbər yayılmışdı. Minval.az bildirdi ki, binanın giriş-çıxışlarına xüsusi nəzarət tətbiq edilib, əraziyə müşahidə kameraları quraşdırılıb. Eyni zamanda operativ nəzarətin də həyata keçirildiyi ehtimal olunur.

Bundan başqa, Minval.az-ın apardığı araşdırmalar nəticəsində məlum olub ki, “Rus evi”nin Azərbaycanda rəsmi dövlət qeydiyyatı mövcud deyil. Bu fakt indiyə qədər müvafiq qurumların diqqətindən yayınsa da, belə bir mərkəzin hüquqi əsaslar olmadan fəaliyyət göstərməsi, qanunvericiliyə uyğun olaraq onun bağlanmasını tələb edir.

“Rus evi”nin fəaliyyəti ilə bağlı ciddi suallar yaranır. USAİD-in fəaliyyəti kimi, bu təşkilatın da formal olaraq “humanitar layihələr” və “yumşaq güc” prinsipləri adı altında başqa məqsədlər güddüyü ehtimal edilir. Qeyd edək ki, USAİD-in rəhbəri Samanta Pauer Azərbaycana və Türkiyəyə qarşı açıq düşmən münasibəti ilə tanınır. O, həmçinin hazırda terrorizm də daxil olmaqla, bir sıra ağır cinayətlərə görə məhkəmə qarşısına çıxarılan Ruben Vardanyanla yaxın əlaqələrə malikdir.

Qeyd edək ki, “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakovdur. O, 1990-cı il 20 Yanvar hadisələrinin əsas təşkilatçılarından biri olmuş Yevgeni Primakovun nəvəsidir.

“Yeni Müsavat”

Geri qayıt