Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Sərhəddəki görüntülər SÜLHÜN XƏBƏRÇİSİ DEYİL
Sərhəddəki görüntülər SÜLHÜN XƏBƏRÇİSİ DEYİLBu gün, 09:11 |
![]() Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan deyib ki, 2025-ci ildə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalana bilər. Nazir müavini bildirib ki, İrəvan hökuməti il ərzində sülh müqaviləsinin imzalanmasını mümkün hesab edir: "Buna görə də səylərimizi davam etdiririk. Son zamanlar həm baş nazir, həm də xarici işlər naziri bu proseslərə toxunub. Burada bircə onu təsdiq edə bilərəm ki, həqiqətən də, sülh sazişinin yekunlaşdırılmasına çox yaxınıq”. Həmçinin Ovannisyan qeyd edib ki, delimitasiya prosesinin irəli aparılması üçün də müsbət dinamika var: “Kommunikasiyaların (nəqliyyat yollarının) açılması ilə bağlı yanaşmalarımız da konstruktivdir, bunlar sabit sülhə nail olmaq məqsədi daşıyır”. Məlumat üçün bildirək ki, bir neçə gün öncə Ermənistan Baş naziri Nikol Paşinyan da sülhdən danışıb. Baş nazir 17 bənddən 15-inin razılaşdırıldığını deyib. Onun sözlərinə görə, razılaşdırılmamış iki məqamla bağlı İrəvan Bakıya həll yolları təklif edib: "Onlardan biri üçüncü ölkə qüvvələrinin nümayəndələrinin sərhəd boyu yerləşdirilməməsinə aiddir. Biz bunu sərhədə, delimitasiya olunmuş ərazilərə tətbiq etməyi təklif edirik. Hüquqi məsələlərlə bağlı mübahisələrin beynəlxalq məhkəmələrdən geri götürülməsi məsələsi də var ki, müəyyən şərtlər daxilində bizim üçün məqbul ola bilər, o mənada ki, biz nəinki beynəlxalq məhkəmələrdən nəyisə geri götürürük, həm də bu mübahisələrdən tamamilə imtina edirik. Əks halda elə bir vəziyyət yarana bilər ki, biz hansısa məsələni geri götürürük, Azərbaycan da öz iddialarını geri götürür, yəni biz bunu beynəlxalq qurumların baxılmasına təqdim etməyəcəyimizlə bağlı razılaşdırdıq". Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono da deyib ki, Ermənistan və Azərbaycan arasında nizamlanma prosesinin müxtəlif formatlarda sakit və müsbət atmosferdə davam etməsi Avropa Birliyi üçün çox vacibdir. Bakı Dövlət Universitetinin professoru, siyasi elmlər doktoru Sabir Məmmədli "Sherg.az"a açıqlamasında deyib ki, Ermənistan rəhbərliyi vaxtaşırı olaraq bu tipli sülhvərpər açıqlamalar verir və yaxın gələcəkdə sülh sazişinin imzalanmasını öz aləmlərində yüksək qiymətləndirirlər. Professor vurğulayıb ki, bununla bərabər Ermənistan ordusunun silahlanmasını, Avropa İttifaqının "mülki missiyası"nın müddətinin daha 2 il uzadılmasını müşahidə edirik: "Həmçinin, ABŞ hərbçilərinin Zəngəzur bölgəsində, Ermənistan-İran sərhədində yerləşdirildiyini görürük. Bunları nəzərə alsaq, prosesin heç də İrəvan hökumətinin iddia etdiyi kimi sülhə doğru getdiyini demək mümkünsüzdür. Ölkə başçısı İlham Əliyevin sülh sazişi ilə bağlı əsas tələblərindən biri Ermənistan Konstitusiyasında yer alan ərazi iddiasının aradan qaldırılmasıdır. Təəssüflər olsun ki, Ermənistan bunu həyata keçirmir. Bir sıra fundamental məsələlər Azərbaycanın maraqlarına uyğun şəkildə sülh sazişində tam əks olunmadığına görə, müqavilənin imzalanması uzanır. Ermənistan sərhədlərin delimitasiya və demarkasiya prosesində Almatı bəyannaməsini əsas götürməyə çalışır. Tərəflər arasında sərhəd məsələsi ilə bağlı razılaşmada belə nüans var ki, əgər danışıqlar prosesində başqa bir prinsip əsas götürüləcəksə, o zaman həmin prinsip tətbiq ediləcək. 1991-ci il Almatı bəyannaməsi Azərbaycanın maraqlarına tam şəkildə cavab vermir. Bunu nəzərə almaq lazımdır. Həmçinin, sual yaranır ki, Ermənistan Almatı bəyannaməsini qabardırsa, yəni bu, İrəvan üçün fundamental və etibarlı sənəddirsə, niyə 30 il ərzində Azərbaycan torpaqlarını işğalda saxlayırdı?!". S.Məmmədli bəyan edib ki, sülh sazişini imzalamaq üçün bütün narahatedici elementlərin hamısı öz həllini tapmalıdır ki, gələcəkdə hansısa mübahisələrə, diskussiyalara yer qalmasın: "Üstəlik, nəzərə almaq lazımdır ki, Ermənistan istənilən sənədi doğru şəkildə, sonadək icra etməkdən boyun qaçırır. Ona görə düşünürəm ki, tələsik formada sülh sazişinin imzalanması heç də bizim maraqlarımıza xidmət etmir. Ermənistan şübhə yox ki, bu şərtlərdən də boyun qaçıracaq. Çünki İrəvan hökuməti 10 noyabr üçtərəfli bəyannamənin bütün şərtlərini yerinə yetirməkdən imtina edir. Dünya praktikası da göstərir ki, konkret sülh sazişi olmadan da qonşu dövlətlər müəyyən sahələrdə əməkdaşlıq edirlər, əlaqələr saxlayırlar. Yekun və qalıcı sülh üçün fundamental məsələlər mütləq həllini tapmalıdır. Azərbaycan rəhbərliyi taktiki gedişdən istifadə edir ki, bu, tamamilə doğrudur. Azərbaycanın maraqları tam təmin olunanadək, Ermənistan qarşısında öz tələblərimizi qoymalı və addım-addım həllinə nail olmalıyıq. Beynəlxalq aləmə də çatdırmalıyıq ki, qarşımızda bu kimi məsələlər var və onlar çözülməlidir". Siyasi şərhçi hesab edir ki, sülh sazişində Qərbi azərbaycanlıların öz doğma yurdlarına geri dönüş məsələsi də mütləq əks olunmalıdır: "Bütün mübahisəli məsələlərin böyük hissəsi, o cümlədən Zəngəzur, Göyçə, Dərələyəz, Mehri və digər ərazilər sovet rəhbərliyi tərəfindən Ermənistana verilib. O baxımdan təbii olaraq, Azərbaycan cəmiyyətinin düşüncəsində soydaşlarımızın dədə-baba yurdlarına qayıdışı məsələsi hökm sürür. Azərbaycan sülh sazişi ilə əlaqədar tələsməli deyil. Öz tələblərimizi irəli sürməli, diplomatik və siyasi baxımdan Ermənistanı sıxışdırmalıyıq. İşlərimizi uğurla aparsaq, İrəvan hökumətinin bütün tələblərimizi yerinə yetirməsi mümkündür. Çünki Ermənistan dalana dirənib, dünyaya çıxmağa, kommunikasiyaların bərpasına ehtiyacı var". Geri qayıt |