Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Ermənistan Azərbaycanın şərti ilə artıq razılaşıb
Ermənistan Azərbaycanın şərti ilə artıq razılaşıbBu gün, 09:14 |
"Zəngəzur dəhlizini iki böyük güc dəstəkləyir. Sirr deyil ki, Azərbaycan həmişə Naxçıvanla birləşmək istəyib və bu ideya ABŞ və Türkiyə tərəfindən dəstəklənib. Lakin bu məsələ ətrafında danışıqlar heç vaxt sənədə çevrilməmişdi". Bu sözləri erməni politoloq Argişti Kiviryan yerli mediaya müsahibəsində deyib. O xatırladıb ki, ilk dəfə belə bir sənəd 9 noyabr 2020-ci ildə ortaya çıxıb və Paşinyanın imzası onun altındadır: “Eyni zamanda ruslar poritet vəziyyət yaratdılar, çünki 9 noyabr bəyanatı Qarabağın “erməni qalmasına” imkan verirdi. Paşinyan bu bəyanatın 9-cu bəndini yerinə yetirməmək üçün Qarabağı qurban verdi və indi Mehri mövzusuna yenidən qayıtdılar”. Ermənistanın müxalif “Hraparak” nəşri də yazıb ki, Nikol Paşinyanın ötən gün keçirdiyi və 4 saat davam edən mətbuat konfransının əsas hədəfi ictimaiyyəti Zəngəzur dəhlizinin mümkün güzəştinə hazırlamaq cəhdi ola bilər. Məqalədə “Azadlıq” radiosunun ABŞ Dövlət Departamentinin 1990-cı illərdə Ermənistanla Azərbaycan arasında ərazilərin mübadiləsi ideyasını müzakirə edən məxfilikdən çıxarılmış sənədləri xatırladılıb. Bildirilib ki, Paşinyan mətbuat konfransında Azərbaycana maneəsiz keçid verməyə hazır olduğunu vurğulayıb: “Ancaq Paşinyan bildirdi ki, maneəsiz keçid Ermənistan yurisdiksiyasından kənar demək deyil. “Maneəsiz, lakin Ermənistanın yurisdiksiyasından yan keçmədən hərəkət” nə deməkdir? Bu, dəhliz məntiqini nəzərdə tutmurmu?". Dövlət Gəlirləri Komitəsinin keçmiş sədri David Ananyan qeyd edib ki, malların maneəsiz daşınması ən azı “sərhəd və gömrük yoxlamasından” sonra mümkündür: "Əks təqdirdə, o, sadəcə dəhlizdən başqa bir şey deyil". Politoloq Natiq Miri "Sherg.az"a deyib ki, Paşinyanın dəhlizlə bağlı açıqlaması artıq Ermənistan rəhbərliyinin maneəsiz keçid fəlsəfəsini qəbul etdiyini göstərir. Ekspertin sözlərinə görə, bu, Azərbaycanın kommunikasiyaların açılması məsələsində əsas tələblərindən biri idi: "Düşünürəm ki, bu məsələ ilə bağlı artıq dil tapmaq mümkündür. Yəni Azərbaycanın da buna müsbət yanaşması mümkündür. Kommunikasiyaların açılması və sərhədlərin müəyyənləşməsi prosesi sülh prosesindən ayrılsa da, bunlar bir bütündür. Bu prinsiplər birbaşa sülhə xidmət edir. Ona görə də Azərbaycan bu məsələyə kompleks yanaşmanın tərəfdarıdır. Çünki bu prinsiplərə ayrı-ayrılıqda baxsaq və müzakirə predmetinə çevirsək, tərəflər arasında sülh anlaşması olmadan bunları həyata keçirmək qeyri-mümkün olacaq. Bunun üçün mütləq mənada sülh mühitinə ehtiyac var. Çünki sülh əməkdaşlıq, ticarət, iqtisadi əlaqələr, qarşılıqlı fəaliyyət və kommunikasiya deməkdir. Azərbaycan məsələyə kompleks baxır. Əgər ortada sülh yoxdursa, hər hansı anlaşma yoxdursa, dəmir yolu kommunikasiyaları necə açılacaq?! Bunun üçün normal münasibətlər sistemi olmalıdır. Öncə sülh mətnini razılaşdırmaq və müqaviləni imzalamağa ehtiyac var. Digər məsələlər, əlbəttə, sülh prosesinin tərkib hissəsi kimi sürətlənəcək. Ona görə də sadəcə dəhlizin açılmasına Azərbaycanın şərti ilə razılıq verilməsi hələ regiona sülhün gəlməsi anlamını daşımır. Ancaq hər bir halda Ermənistan rəhbərliyinin Azərbaycanın kommunikasiyaların açılma şərti ilə razılaşdığını demək olar. Doğrudur, ilk səviyyədə yalnız yük daşıyan dəmir yolu xəttində yük daşımaları nəzərdə tutulur. Ancaq düşünürəm ki, münasibətlər və qarşılıqlı etimad olduqca, təhlükəsizlik məsələsi də prinsipial olaraq həll olunduqca gələcəkdə sərnişin daşıması da dövriyyəyə girəcək. Paşinyanın bu açıqlaması irəliyə doğru, müsbət addımdır". Analitik vurğulayıb ki, Paşinyanın yurisdiksiya tələbi daha çox həm Ermənistanın havadarları, beynəlxalq birlik və həm də daxili auditoriyaya hesablanmış bir fikirdir: "Azərbaycan heç bir zaman bu ərazilərin, yəni Zəngəzur dəhlizi ərazisini, xüsusilə də Mehridən keçən 44 kilometrlik ərazinin Ermənistanın yurisdiksiyasından çıxarılması tələbini qoymayıb. Müzakirə predmeti olan təkliflərdən biri məhz Kalininqrad modeli idi. Rusiya ilə olan Kalininqrad şəhərini birləşdirən dəhlizdən söhbət gedir. Bu, Litva ərazisindən keçməklə maneəsiz keçidi təmin edir və burada da qarşılıqlı anlaşmaya görə Litvanın heç bir yurisdiksiyası pozulmur. Maneəsiz keçid fəlsəfəsi bir ölkənin yurisdiksiyasını, onun suverenliyini pozmur. Ona görə də Paşinyanın bu açıqlaması sadəcə daxili auditoriyaya hesablanıb". Geri qayıt |