Əsas Səhifə > Ana xəbərlər, Güney Press > İrəvan terrorizmə haqq qazandırır
İrəvan terrorizmə haqq qazandırırBu gün, 11:25 |
![]() Erməni diplomatiyası yenidən absurd bəyanatlarla çıxış edərək Avropa İttifaqının vasitəçilik səylərinin nəticə verməməsindən şikayətlənir. Ermənistanın xarici işlər nazirinin müavini Paruyr Ovannisyan Avropa parlament üzvləri ilə görüşdə növbəti dəfə “qurban” rolunu oynamağa çalışaraq, Brüsselin Azərbaycanla aparılan sülh danışıqlarına daha çox müdaxilə etməsinə nail olmağa cəhd edib. Təbii ki, bu siyasi ağlaşma tamaşasının arxasında İrəvanın adi ikiüzlülüyü və reallığı qəbul etmək istəməməsi dayanır. İrəvan Ermənistan və Azərbaycan arasında sülh prosesində Aİ rəhbərliyinin daha fəal iştirakını gözləyir. "Bizim əsirlərimiz hələ də Azərbaycanda saxlanılır. Orada baş verənlər Azərbaycan üçün hər baxımdan – həm hüquqi, həm də məhkəmə aspektindən – utancvericidir", – deyə Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan İrəvanda avropalı parlament üzvləri ilə görüşdə bildirib. Nazir müavininin sözlərinə görə, "Ermənistan Azərbaycanla sülhə nail olunması istiqamətində göstərilən səylərə görə bütün beynəlxalq tərəfdaşlara minnətdardır: İrəvan xüsusilə Avropa İttifaqının vasitəçilik səylərinə görə təşəkkür edir, lakin bu səylər hələlik nəticə vermir". Ovannisyan iddia edir ki, Azərbaycanda baş verənlər hüquqi və məhkəmə baxımından “utancvericidir”. Halonki utancdan danışmaq ən azından onun üçün yersizdir! Əgər kimsə həqiqətən utanmalı olarsa, o da Ermənistan olmalıdır. Gəlin, işğalçı ölkəni təmsil edən bu diplomata xatırlayaq: Ermənistan 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxladı, yüz minlərlə azərbaycanlını doğma yurdundan qovdu, etnik təmizləmə həyata keçirdi, şəhərləri viran qoydu, hər şeyi yerlə-yeksan etdi. Erməni diplomatiyası harada idi, 2020-ci ildə Gəncə, Bərdə və Tərtər raket atəşinə tutulanda? Hüquq normaları harada idi, 1990-cı illərdə Ermənistan Xankəndi və Şuşadan yüz minlərlə mülki azərbaycanlını zorla çıxaranda? Beynəlxalq ictimaiyyət niyə Xocalıda baş verən qırğın üçün Ermənistanın peşmançılığını eşitmədi? Axı orada 613 günahsız insan, o cümlədən uşaqlar və yaşlılar amansızcasına qətlə yetirildi. Bugünkü "şikayətlər" bu tarixi faktlar fonunda əxlaqsızlıq, mənəviyyatsızlıq, yalan, böhtan və riyakarlıqdan başqa, heç nə deyil. Gerçək budur ki, Ermənistan iki dəfə ağır məğlubiyyət aldı. Birincisi, 2020-ci ildə - 44 gün ərzində işğal etdiyi bütün torpaqlardan qovuldu. İkincisi isə 2023-cü ildə baş verdi - İrəvanın Xankəndidə yaratdığı qondarma rejim cəmi bir gün ərzində, bir güllə belə atılmadan tamamilə süquta uğradı. Ovannisyan məğlub olmuş bir ölkəni təmsil edir, Ermənistan nə öz separatçıları qorumağa gücü çatdı, nə də beynəlxalq səviyyədə Azərbaycan əleyhinə hansısa təsirli addım ata bildi. İndi isə Ermənistan Bakının diktə etdiyi sənədləri imzalamağa məcburdur və onun xarici siyasəti yalnız Brüsselə, Vaşinqtona və Parisə ünvanlanmış şikayətlərdən ibarətdir. Son beş il ərzində Ermənistanın Qərbi öz tərəfinə çəkmək cəhdləri nə ilə nəticələndi? Heç nə ilə! Azərbaycana qarşı nə sanksiya tətbiq edildi, nə də hərbi yardım göstərildi, heç bir diplomatik uğur da qazanılmadı. Qərb siyasətçiləri müxtəlif iddialar səsləndirə bilər, amma Ermənistan naminə heç kim müharibəyə girməyəcək. Ermənistan diplomatiyası hələ də anlamır ki, onların yalvarışları böyük geosiyasi oyunda sadəcə boş səs-küydən ibarətdir. Bu gün Ermənistan yeni milli təhlükəsizlik strategiyasına yenidən baxmağa məcburdur. Artıq “Dağlıq Qarabağ” haqqında heç bir ifadə yoxdur. Daha separatçı rejim mövcud deyil, onun atributları da yoxdur, hətta əhalisi üçün pasport belə yoxdur. Ermənistan illərlə dünyanı Qarabağın “müstəqil” olduğuna inandırmağa çalışırdı, indi isə dünənə qədər “qəhrəman” və “qədim mədəniyyətin varisləri” adlandırdıqlarını məcbur edib Ermənistan vətəndaşlığına keçirməyə çalışır. Belə çıxır ki, Ermənistan diplomatiyası daim yalan üzərində qurulmuş, əvvəlcə illüziyalar yaradan, sonra isə həmin illüziyalardan acizcəsinə imtina edən bir sistemdir. Əvvəllər İrəvan iddia edirdi ki, “Qarabağ heç vaxt Azərbaycan olmayacaq”. İndi isə Azərbaycanın tərkibində reinteqrasiyasını qəbul edirlər. Əvvəllər Ermənistanın “güclü müttəfiqlərinin” olduğu bildirilirdi, indi isə Avropa Şurasının yeni rəhbəri ilə görüş üçün yalvarırlar. Belə bir məsəl var: əvvəl tüpürdüklərini sonra yalayırlar. Ovannisyan Avropa İttifaqından sülh prosesində daha fəal iştirak etməyi tələb edir. Amma hətta Avropada da artıq Ermənistandan beziblər. Brüssel niyə öz siyasi resurslarını İrəvanın müdafiəsinə sərf etməlidir? Axı bu ölkə nəinki öz arqumentlərini müdafiə edə bilmir, hətta müstəqil xarici siyasət yürütmək gücündə də deyil. Heç kim Ermənistanı sadəcə gözəlliyi xatirinə dəstəkləməyəcək. Sülh prosesi real faktlar əsasında qurulacaq, yoxsa Ovannisyanın isterik bəyanatları ilə yox. Müasir Ermənistan tarixi xarici güclərin himayəsinə ümid etməklə keçib. Əvvəlcə Rusiya, sonra Fransa, indi isə Avropa İttifaqı və ABŞ. Amma nəticə həmişə eyni olub: boş vədlər, sonra isə satqınlıq və məyusluq. Ermənistanın naminə nə müharibə edəcəklər, nə də onun ambisiyalarını öz strateji maraqları hesabına dəstəkləyəcəklər. Ovannisyan istəsə də, istəməsə də, artıq regionda separatçı qurumlar, dondurulmuş münaqişələr və sonsuz nəticəsiz danışıqlar olmayacaq. Azərbaycan sübut etdi ki, hədəflərinə yalnız sözlə deyil, əməli addımlarla çatır. Bakı öz maraqlarını “beynəlxalq vasitəçilərin” insafına buraxmayacaq, əksinə, onları milli prioritetlərinə uyğun həyata keçirəcək. İrəvan yeni reallığa uyğunlaşmalıdır: Azərbaycan güclüdür, qətiyyətlidir, mövqelərini müdafiə etməkdə qərarlıdır və Qərbin istənilən təzyiqi Azərbaycanın siyasi iradəsinin divarına çırpılacaq. Əgər Ermənistanda həqiqətən sülh istəyirlərsə, bunun yeganə yolu konstruktiv dialoqdan keçir, Brüsselə daimi şikayətlərdən yox. Azərbaycan heç nəyi unutmadı və bağışlamadı. Separatçılar məhkəmə qarşısında cavab verəcəklər. Ovannisyan və ona bənzərlərin nə qədər qışqırması fərq etməz - sülh prosesi Azərbaycanın şərtləri ilə gedəcək. İrəvan nə qədər dirənsə də, tarixi gerçəklik dəyişməyəcək. Azərbaycanın gücü, iradəsi və prinsipial mövqeyi Ermənistanın bütün saxta oyunlarını ifşa edir. Bu gün erməni diplomatiyasının əsas problemi onun reallıq hissini tamamilə itirməsindədir. Ancaq istəsələr də, istəməsələr də, gerçək dünya onların xəyal dünyasından çox fərqlidir. Elçin Alıoğlu - Trend: Geri qayıt |