Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Azərbaycanın yer aldığı dəhlizlə bağlı mühüm gəlişmə
Azərbaycanın yer aldığı dəhlizlə bağlı mühüm gəlişməBu gün, 09:02 |
![]() Rusiya Şimal-Cənub Beynəlxalq Nəqliyyat Layihəsinin bir hissəsi kimi Rəşt-Astara dəmir yolunun tikintisinin tezliklə başlanmasına ümid edir. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Tehranda səfərdə olarkən iranlı həmkarı Abbas Əraqçi ilə birgə mətbuat konfransı zamanı deyib O, dəmiryol xəttinin tikintisinə tezliklə başlanacağını bildirib: “Biz iranlı dostlarımızın Rəşt-Astara dəmir yolu xəttinin tikintisi başlamazdan əvvəl atılması lazım olan bütün addımları atmasından məmnunuq və tikintinin çox yaxın vaxtlarda başlayacağını gözləyirik”. Onun sözlərinə görə, Rusiya tərəfi bu məqsədlə İrana ixrac krediti verəcək. Lavrov xüsusilə qeyd edib ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin tam işləməsi üçün Rəşt-Astara hissəsində dəmir yolu xidmətinin işə salınması zəruridir. Xatırladaq ki, 2023-cü ilin mayında Rusiya və İran Rəşt-Astara dəmir yolunun tikintisi üçün layihələndirmə, tikinti, malların və xidmətlərin tədarükünün maliyyələşdirilməsinə dair əməkdaşlıq sazişi imzalayıblar. Yeni dəmiryolu İran və Azərbaycanın, eləcə də digər MDB ölkələrinin dəmir yolu şəbəkələrini birləşdirəcək. Bu tikinti üçün Rusiyanın 1,3 milyard avro həcmində hökumətlərarası kredit ayıracağı bildirilirdi. Müqavilənin imzalanması zamanı layihənin həyata keçirilməsinin dəyəri 1,6 milyard avro dəyərində qiymətləndirilirdi. Ötən müddət ərzində İran tərəfi dəmiryol xəttin keçəcəyi ərazidə torpaq alışı prosesini həyata keçirmədiyinə görə tikinti işlərinə başlamaq mümkün olmayıb. Ötən ilin dekabrında Rusiya baş nazirinin müavinləri Aleksey Overçuk və Vitali Savelyevin başçılıq etdiyi nümayəndə heyətinin İrana əvvəlki səfəri zamanı Rusiya və İran İslam Respublikası Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsi çərçivəsində Rəşt-Astara dəmir yolunun bir hissəsinin tikintisi üçün xüsusi mülkiyyətdə olan torpaqların alınmasını təmin etmək barədə razılığa gəliblər. Rusiyanın İslam Respublikasındakı səfiri Aleksey Dedov “İzvestiya”ya bildirib ki, ölkəsi yaxın vaxtlarda İrandan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Qərb qolunun (Azərbaycan ərazisindən keçən) həyata keçirilməsi üçün Rəşt-Astara dəmir yolu hissəsi üçün torpaq sahəsinin alınması qrafikini alacağını gözləyir. Diplomatın sözlərinə görə, dəmiryol xətti özəl ərazidən keçdiyi üçün qrafik hələ hazır deyil və bu, Şimal-Cənub dəhlizi layihəsinin tam həyata keçirilməsi üçün ən həssas məsələlərdən biridir. Dedov əlavə edib ki, satınalma cədvəlinin təqdim edilməsi əminlik təmin edəcək: “Mənim qənəatim belədir ki, Rusiya tərəfi də, İran tərəfi kimi bu layihənin həyata keçirilməsində qərarlıdır. Ötən həftə məlum olub ki, Rusiya və İran Rəşt-Astara hissəsində kəşfiyyat işlərinin bir-iki ay ərzində başlamasına imkan verən saziş imzalayıblar. Rusiya Nəqliyyat Nazirliyinin rəhbəri Roman Starovoytun sözlərinə görə, bu layihə üzrə icra müqaviləsinin mart ayının sonuna qədər imzalanması planlaşdırılır. Azərbaycan öz ərazisində Şimal-Cənub dəhlizi çərçivəsində dəmiryol sisteminin təkmilləşdirilməsini davam etdirir. 2024-cü ildən Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin mühüm bir hissəsi olan Ələt-Osmanlı-Astara dəmir yolu xəttinin yenidən qurulması üzrə işlərə 2024-cü ildən başlanılıb. Azərbaycan Dəmiryolları QSC-dən verilən məlumata görə, ox üzrə uzunluğu 245 km olan bu yolda təmir işləri 4 mərhələdə həyata keçirilir. Birinci mərhələ 60 km uzunluğunda Ələt-Osmanlı hissəsini əhatə edir. Bu mərhələyə ümumilikdə 131 süni mühəndis qurğusu, o cümlədən 3 dəmiryol körpüsü, 3 avtomobil üst keçid, eləcə də heyvanların keçməsi üçün alt keçidlərin və müxtəlif ölçülü suötürücü boruların tikintisi daxildir. Birinci mərhələ üzrə işlər həmçinin 3 stansiyanın (Yeni Ələt, Şirvan və Osmanlı) yenidən qurulmasını nəzərdə tutur. Layihə üzrə ikinci mərhələ Kür çayı üzərində inşası 2023-cü ildə tamamlanmış və artıq istismara verilmiş cüt dəmir yolu körpülərindən ibarətdir. Üçüncü və dördüncü mərhələlər üzrə isə layihələndirmə işləri davam etdirilir. Qeyd edək ki, Ələt-Osmanlı-Astara dəmir yolu xətti sonuncu dəfə 1980-ci illərdə əsaslı təmir olunub. Dəmir yolunun tikintisinin əhəmiyyəti ölkənin tranzit potensialının artırılmasına, Şimal-Cənub dəhlizi üzrə artan yük tələbatının qarşılanmasına, eləcə də ümumi dəmiryol infrastrukturunun yaxşılaşdırılmasına xidmət edəcək. Eyni zamanda hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə qeyd edilən istiqamətdə avtomobil yolları ilə bir çox eyni səviyyəli kəsişmələrin müxtəlif səviyyəli kəsişmələrlə əvəzlənməsi işləri görülür. Tikinti işlərinin 2028-ci ilədək başa çatdırılması planlaşdırılır. Qeyd edək ki, Rusiyanın Şimal-Cənub dəhlizi üzrə işləri sürətləndirmək istəyi əsassız deyil. Donald Trampın hakimiyyətə gəlişi ilə Rusiyaya qarşı sanksiyaların yumşaldılacağına olan ümidlər getdikcə zəifləyir. Fevralın 27-də Tramp Bayden administrasiyasının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların müddətini uzadıb. Bu isə Moskvanın ABŞ sanksiyalarının aradan qaldırılacağına olan ümidlərini kəskin azaldıb. Eyni zamanda Tram administrasiyası İrana qarşı sərt təzyiq siyasətini bərpa edib. Trampın fevralın 6-da imzaladığı milli təhlükəsizlik memorandumuna görə, İranın maliyyə imkanları, o cümlədən dünya bazarlarına neft satışı məhdudlaşdırılmalıdır. Əmrə əsasən İran hakimiyyətinin maliyyə əldə etməsinə imkan verən bütün layihələr sanksiyalara məruz qoyulacaq. O cümlədən Şimal-Cənub dəhlizi üçün həyati əhəmiyyətə malik Çabahar limanı ilə bağlı tətbiq olunan istisna aradan qaldırılacaq. Bu isə Rusiyanın dəhlizdəki əsas ticarət tərəfdaşı olan Hindistan tərəfində Çabahar limanı ilə bağlı böyük narahatlıq yaradıb. Belə ki, Trampın ilk hakimiyyəti dövründə tətbiq etdiyi sanksiyalar İranla qlobal ticarətə, o cümlədən Hindistana neft idxalına əhəmiyyətli dərəcədə təsir edib. Sanksiyalardan əvvəl Hindistan hər il İrandan təxminən 13 milyard dollar dəyərində mal alırdı ki, bunun da böyük hissəsi neft idi. Bununla belə, 2019-cu ildən bəri ikitərəfli ticarət kəskin şəkildə azalıb, idxal isə 1 milyard dollardan aşağı düşüb. 2024-cü ilin aprel ayından oktyabr ayına qədər Hindistan İrandan cəmi 216 milyon dollar dəyərində mal idxal edib ki, bu da ölkənin ABŞ-ın sanksiya təzyiq siyasətinə sadiqliyini nümayiş etdirir. Hindistan tərəfi baş nazir Narendra Modinin Trampla görüşünə çox ümid bağlayırdı. Bu görüş zamanı Çabahar üçün sanksiyalardan istisnanın davamına nail olunması planlaşdırılırdı. Lakin görüşdən sonra Tramp danışıqlar zamanı tamam fərqli bir ticarət dəhlizi barədə razılaşma əldə olunduğunu açıqlayıb: “Nəhayət, biz bütün tarixin ən böyük ticarət yollarından birinin qurulmasına kömək etmək üçün birlikdə işləmək barədə razılığa gəldik. O, Hindistandan İsrailə, İtaliyaya və oradan ABŞ-a qədər uzanacaq və tərəfdaşlarımızı limanlar, dəmir yolları və dənizaltı kabellərlə birləşdirəcək. Bu, böyük bir inkişafdır. Bu, çox pul tələb edəcək və biz bir qədər xərcləmişik, lakin biz qabaqda qalmaq və lider olmağa davam etmək üçün daha çox xərcləyəcəyik”. Trampın haqqında bəhs etdiyi yeni ticarət yolu 2023-cü ilin sentyabrında G20 liderlərinin Yeni Dehlidə keçirilən zirvə toplantısında əsası qoyulan Hindistan-Afrika-Avropanı birləşdirən iqtisadi, texnjoloji və enerji dəhlizidir - İndia - Middle East - Europe Economic Corridor / İMEC). Onun yaradılmasını nəzərdə tutan saizşi Avropa İttifaqı, ABŞ, Hindistan, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri rəhbərləri imzalayıblar. Layihə Hindistandan Avropaya BƏƏ, Səudiyyə Ərəbistanı, İordaniya və İsrail üzərindən dəmiryol xətləri və liman infrastrukturunun inteqrasiyasını nəzərdə tutur. Bildirilir ki, onun icrası nəticəsində malların Hindistandan Avropaya indikindən 40 faiz daha ucuz və tez çatdırılması mümkün olacaq. Dəhliz boyunca enerji infrastrukturunun inkişaf etdirilməsi, yaşıl hidrogen istehsalının və bütün tərəfdaşlara nəqlinin təmin edilməsi, regionu birləşdirəcək yeni sualtı kabellə telekommunikasiyanı möhkəmləndirmək nəzərdə tutulur. Səudiyyə Ərəbistanı dəhlizinn inkişafına 20 milyard dollar investisiya yatıracağını açıqlayıb. Saziş imzalansa da, ötən müddət ərzində onun icrası istiqamətində real addımlar atılmayıb. Belə görünür ki, Tramp bu sahədə ciddi irəliləyişə nail olmaq niyyətindədir. Onun bu mövqeyə gəlməsində İsrailin baş naziri Benyamin Netanyahunun ciddi rolunun olduğu ehtimalı böyükdür. Çünki İMEC İsraillə ərəb dövlətlərinin vahid layihədə birləşməsini nəzərdə tutur. İndiki məqamda bu, İsrail üçün çox vacibdir. Bütün bunlar göstərir ki, Tramp İranın içərisində olduğu layihələrin irəliləməsinə böyük çətinliklər yaradacaq. Bu isə Şimal-Cənub dəhlizi üzrə işlərin də yubanmasına, hətta dayanmasına gətirib çıxara bilər. Konkret Rəşt-Astara dəmiryol xəttinə gəlincə, tikintini Rusiya şirkətləri Rusiya texnologiyaları əsasında həyata keçirəcəklər. Bu baxımda, fiziki tikinti işlərində problem yaranacağı gözlənilən deyil. Lakin neft ixracının qarşısı alınan Tehranın gəlirlərində kəskin azalma olacaq ki, bu da xəttin keçdiyi ərazidə torpaq alınması işlərinin reallaşmasına imka verməyə bilər. Bu, ümumilikdə, layihədə İranın payı olan 300 milyon dollardan yuxarı vəsaitin təmin olunmasında böyük çətinliklər yaradacaq. Nəzərə alsaq ki, ABŞ Maliyyə Nazirliyi artıq İran neftinin daşınmasında və satışında iştirak edən tanker və şirkətlərə qarşı sanksiyaların tətbiqinə başlayıb, onda İranın onsuz da ağır olan maliyyə imkanlarının daha da məhdudlaşacağı kifayət qədər realdır. “Yeni Müsavat” Geri qayıt |