Əsas Səhifə > Manşet, Cəmiyyət > Şərurda valideynlər məktəbdən İMTİNA EDİR?
Şərurda valideynlər məktəbdən İMTİNA EDİR?Bu gün, 11:08 |
Şərur rayonundakı 2 nömrəli orta məktəbə su verilmədiyindən, ayaqyolu və kanalizasiya ilə bağlı ciddi problemlər yaranıb. Yerli təhsil idarəsi bu vəziyyəti su puluna qənaətlə izah edib. Valideynlər isə vəziyyətin təkcə məktəbin sanitar vəziyyətini deyil, həm də şagirdlərin sağlamlığını təhlükə altına aldığını bildirirlər. Valideynlərdən A.B. bildirir ki, vəziyyət o qədər dözülməz hala gəlib ki, uşaqlarını məktəbə göndərməmək barədə düşünməyə başlayıblar: "Suyu vurmurlar ki, çox pul yazılacaq. Bu iyin içində uşaqlar dərs oxuya bilmirlər. Mən özüm su kranını yoxladım, amma su gəlmir. Deyirlər ki, Təhsil Şöbəsi müdiri suyun istifadəsinə icazə vermir. Məktəbin içi kəskin kanalizasiya qoxusu verir, sinifdə oturmaq olmur. Kəndlərdə vəziyyət nisbətən yaxşıdır, çünki bu məktəblərə su artezian quyularından verilir və su pulu yazılmır. Amma bu məktəb Şərurun ən böyük məktəbi olduğu halda, vəziyyəti biabırçıdır. Axı bir məktəbin suyu nə qədər pul yazır ki, ona da qənaət etsinlər? Sadəcə biabırçılıqdır." Digər valideyn isə vəziyyəti belə şərh edir: "Uşağım 2 nömrəli məktəbdə oxuyur. Məktəbin iki ayaqyolu var, amma su işləmir. Düz koridorlardan, siniflərdən kanalizasiya iyi gəlir. Şikayət edirik, amma baxan yoxdur. Əli Mehdiyev müdir təyin olunandan belə olub. Uşaqlarımız ayaqyoluna gedə bilmir, çünki nə su var, nə də təmizlik. Siniflərdə oturmaq mümkün deyil, bu iy xəstəlik gətirər." Valideynlər Təhsil Şöbəsindən və aidiyyəti qurumlardan dərhal müdaxilə edilməsini tələb edirlər. Onların fikrincə, bu vəziyyət yalnız şagirdlər deyil, məktəbin müəllimləri üçün də ciddi sağlamlıq riskləri yaradır. Gündəlik Naxçıvan Geri qayıt |