Əsas Səhifə > Manşet, Siyasət > Şəhid anası icra hakimiyyətindən narazıdır
Şəhid anası icra hakimiyyətindən narazıdırBu gün, 09:04 |
İcra başçısı kürsüsünə oturar-oturmaz yarım milyonluq avtomobili ilə gündəmdə partlayış edən Elnur Rzayev bu dəfə gündəmə şəhid anasının narazılığı ilə gəldi. Xaçmaz rayon Aslanoba kənd sakini Qocayeva Əfilə Əlibaba qızı göz yaşı tökərək,1993-cü ildə şəhid olan oğlunun hələ də məzarının üstünün düzəldilmədiyi və 32 ildir mənzil vədi ilə gözlədiyini deyir. Qeyd edək ki, ananın indi cəmi bir övladı var, dediyinə görə o, da xəstədir. Ana, bildirir ki, bu illər ərzində dəfələrlə icra hakimiyyətinə mənzil və oğlunun məzar daşı üçün müraciət edib, hətta Elnur Rzayevin şəxsən qəbulunda olub, amma hər dəfəsində də aldığı yalnız quru vəd olub. Vəssalam. Lakin, ananın sözlərinə görə, onun "Kanal14"ün efirindəki çıxışından sonra icra hakimiyyətinin nümayəndələri evinə gələrək, onu mənzil növbəsinə aldıqlarını deyiblər. Ana, bu sözü 32 ildir eşitdiyini, bəs niyə buvaxta qədər növbəyə alınmadığını, 32 ildən sonra hələ indi mənzil növbəsinə alındığını deyərək irad bildirdiyində isə, "sənin müraciət etdiyin işçilər hamısı işdən çıxıb" cavabını alıb. Əgər buna cavab demək olarsa... Yaşlı ananı, özünün dili ilə desək savadsız bilib, onu bu gülünc, yersiz cümlələrlə aldatmaq, yalnız səlahiyyətli şəxslərin ağlına gələ bilərdi ki, məhz Xaçmaz rayon icra hakimiyyətinin göndərdiyi - ananın adlarını belə bilmədiyi o, şəxslər də bu variantdan istifadə edib. Maraqlıdır, icra hakimiyyətinin o, işdən çıxan işçiləri, hansı ki, ananı mənzil növbəsi üçün qeydiyyata alan o, şəxslər məgər bu qeydiyyatı öz gündəliklərinə, yaxud "xatirə dəftərlər"inə yazmışdılar ki, onlar gedincə özləri ilə aparmış olsunlar? Hörmətli 6 ildir Xaçmaz rayonuna rəhbərlik edən Elnur Rzayev, Əfilə ana şəxsən sizin qəbulunuzda olduğunu və hər şeyin yoluna qoyulacağı barədə vəd verdiyinizi deyir. 6 il hətta, məzarın üstündə böyük türbə tikəcək qədər uzun zamandır, amma, siz bu illər ərzində bir məzar daşını belə vətən oğluna çox gördünüz. Halbuki, gənc və təcrübəli olduğunu düşünən Xaçmaz sakinlərinin Elnur Rzayevə ümidləri böyük idi. Amma, biz Niyazi Bayramov fəaliyyətinə bələd olan media nümayəndəsi olaraq, Elnur Rzayevin "ustadının izi ilə addımladığını" görə bilirik. Qeyd edək ki, Elnur Rzayev rəhbər vəzifədə çalışdığı uzun illər ərzində özünə kifayət qədər narazı vətəndaş auditoriyası toplayan və sərvətləri, biznesləri, böyük fermaları, müxtəlif növ şəxsi təsərrüfatları ilə gündəmdə olan İnam Kərimovun qohumudur, qardaşı Bayandur Rzayev isə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisidir. Daha bir qohumu isə bir neçə ay əvvəl rüşvətxorluqda ittiham edilərək, barəsində cinayət işi başladılan Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU-nun) Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin dekanı, professor Famil Nəsibovdur. Bir sözlə el demişkən, köklü nəslin nümayəndəsi olan bu cavan oğlanın "Asan xidmət" rəhbəri, icra başçısının birinci müavini, icra başçısı kimi rəhbər vəzifələrdə "sürətli sıçrayışlar"ının səbəbinin heç də yüksək potensial olmadığı aydındır. Görünən reallıq budur ki, heç kim yüksək vəzifəyə nə təsadüfi, nə də bacarıqlarına görə gəlmir. Amma, digər reallıq isə bu cür vəzifəli şəxslər öz yarıtmaz fəaliyyətləri, yalnız öz mənafelərinə xidmət etmələri ilə xalqı hər gün daha çox incitmələri, dövlətdən, hakimiyyətdən narazı salmaqlarıdır. Ümid edirik ki, ölkə başçısı ən qısa zamanda bütün bunlar üçün lazım olan qərarı imzalayacaq. Mövzunu davam etdirəcəyik. Qeyd: Əfilə anadan sonra Xaçmaz rayon sakinləri tərəfindən redaksiyamıza olunan müraciətlərin sayı artıb. Digər şikayətlərin mövzularını silsiləli şəkildə təqdim edəcəyik. Redaksiamız hər kəsin söz haqqını tanıyır. DogruXeber.az Geri qayıt |