Əsas Səhifə > Manşet, Ölkə > Naxçıvanda FHN sahibkarlara `RACON KƏSİR`...

Naxçıvanda FHN sahibkarlara `RACON KƏSİR`...


Bu gün, 11:13
Naxçıvanda FHN sahibkarlara `RACON KƏSİR`...
Naxçıvanda Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının ticarət obyektlərinə siqnalizasiya qurğuları quraşdırmaq adı altında sahibkarlardan 500 manat tələb etdiyi bildirilir. Məsələ ondadır ki, bu qurğular keyfiyyətsiz olduğundan və mərkəzi sistemə qoşulmadığından heç bir işə yaramırlar. Bu səbəbdən sahibkarlar hesab edirlər ki, onlardan alınan 500 manat təhlükəsizlik yox, pul qazanmaq məqsədi daşıyır.
Naxçıvan şəhərinin mərkəzində yerləşən 15 kvadratmetrlik dükanın sahibi R. Məmmədov FHN əməkdaşlarının əvvəlcə kiçik məbləğlərdə rüşvət topladığını, indi isə bunu böyük məbləğlə əvəz etdiyini bildirir:
"Tez-tez gəlib müxtəlif bəhanələrlə 40-50 manat alıb gedirdilər. Ötən ay dedilər ki, yuxarılardan tapşırıq var, siqnalizasiya quraşdırılmalıdır. Dedim ki, ehtiyac varsa, qoyulsun. Amma bunun üçün 500 manat istədilər. Məcbur qalıb verdim. Quraşdırdılar, amma mərkəzə bağlamadılar. Dedilər ki, buna ehtiyac yoxdur. Quraşdırma işinə görə də əlavə 60 manat ödədim. Əslində bu qurğuya ehtiyac yox idi. Çünki mərkəzə qoşulmadığından, dükanda adam olmayanda yanğın baş versə, bundan FHN xəbər tutmayacaq. Siqnalizasiyanı yoxladıq, onun da səsi çox zəifdir, dükanın içərisində güclə eşidilir. Bu o deməkdir ki, siqnal çalanda kənardan heç kim eşitməyəcək ki, FHN-i çağırsın. Yəni, 500 manatımızı boşuna verdik."
Digər sahibkar Ü. Abbasov isə rüşvət səbəbindən vəziyyətin getdikcə ağırlaşdığını və bu səbəbdən dükanını bağlamaq məcburiyyətində olduğunu bildirir:
"Onsuz da vəziyyətimiz ağırdır. Hər ay FHN əməkdaşlarına, sahə müvəkkilinə, vergi işçilərinə pul veririk. İndi də gəlib deyirlər ki, 500 manat ver, siqnalizasiya qoyaq. Həmin keyfiyyətsiz siqnalizasiyaların əsl qiyməti 100 manatdır. Heç bir işə yaramayan bu qurğuya görə niyə bu qədər pul ödəməliyəm? Onsuz da 20 kvadratmetrlik dükan üçün hər ay 1500 manat kirayə ödəyirəm. Alış-veriş də yoxdur. Artıq dükanı bağlamaq məcburiyyətindəyəm. İşlədiyimiz özümüzə qalmır. Hər gələn pul istəyir. Bu vəziyyət nökərçilikdən başqa bir şey deyil."
Sahibkarlar aidiyyəti qurumlardan bu vəziyyətə təcili müdaxilə edilməsini, yanğın təhlükəsizliyi adı altında alınan rüşvətlərin dayandırılmasını tələb edirlər.

"Gündəlik Naxçıvan"

Geri qayıt