Hökumə Əliyevanın atasının bank kartından pul oğurlamaqda şübhəli bilinən şəxslər müəyyən edilib, zərər ödənilib - TƏFƏRRÜAT
Aktauda qəzaya uğrayan AZAL-a məxsus təyyarədə həlak olan Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın atasının bank kartından pul vəsaitini oğurlamaqda şübhəli bilinən şəxslər müəyyən edilib, zərər ödənilib.
"DİA-AZ" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Cəlil Əliyevə məxsus bank kartından oğurluq faktı üzrə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən tədbirlər görülür.
Fakta görə başlanmış cinayət işi çərçivəsində, cinayəti törədən şübhəli şəxslər müəyyən edilib, 80 min 507 AZN pul vəsaitinin tam həcmdə zərərçəkmişə ödənilməsi təmin edilib.
Hazırda cinayət işi üzrə əməliyyat-istintaq, əməliyyat-texniki tədbirlər davam etdirilir.
10:56
Aktauda qəzaya uğrayan AZAL-a məxsus təyyarədə həlak olan Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın atasına qarşı törədilən kibercinayətkarlıqla bağlı cinayət işi açılıb.
Bu barədə “DİA-AZ”a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Əliyevin müraciəti əsasında Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində fakta görə cinayət işi başlanılıb, araşdırma aparılır.
Qeyd edək ki, mərhumənin atası mətbuata açıqlamasında kartından 80 min 507 manat pul çəkildiyini bildirib. Cəlil Əliyevin sözlərinə görə, pulu oğurlayan şəxslər onu “Kapital Bank”ın əməkdaşı olduğunu deyərək aldadıb.
"Kapital Bank"dan isə bildirilib ki, məsələ ilə bağlı araşdırma başlanılıb: "Hazırda lazımi tədbirlər görülür. Ən qısa zamanda nəticələrlə bağlı məlumat veriləcək".
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
Dövlət başçısı eyni zamanda qəzada həlak olan ekipaj üzvlərini - İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov, Hökumə Cəlil qızı Əliyevanı Azərbaycanın Milli Qəhrəmanı adı, xəsarət alan ekipaj üzvləri - Zülfiqar Sərdar oğlu Əsədov və Aydan Vaqif qızı Rəhimlini isə 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif edib.
Qəza nəticəsində təyyarədə olan və xəsarət alanların hər birinə 20 min manat, həlak olanların hər birinin ailəsinə isə 40 min manat kompensasiya ödənilməsinə qərar verilib.
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 6-da təyyarə qəzasında həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşündə bəyan edib ki, Azərbaycan vətəndaşlarının bu qəzada həlak olmasının günahı Rusiya Federasiyası nümayəndələrinin üzərindədir.
Həmçinin, qəza ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.