Azərbaycan təhsili artıq ağzı yumulan, mumlanan və tüstülənən bir sahəyə çevrilib. Anaxeber.info bildirir ki, ötən həftə baş verənlər buna bariz nümunədir. Elm və təhsil naziri Emin Əmirullayev isə nimdaş görünən təhsilimizdə hansısa yeniliklərdən danışmağa davam edir. Halbuki ən ibtidai hadisələr yaşanır. Misal üçün ötən həftə Bakının Nərimanov rayonunda 178 nömrəli tam orta məktəbində 3A sinfinin rəhbəri Xatirə Rüstəmovanın şagirdlərin ağızlarını “skoç”la bağlaması barədə iddialar yayıldı. Bunun adını əyləncə qoydular, əslində isə şagirdləri cəzalandırmaq istədiyi üzə çıxdı. Deməli, uşaqlara susmağı indidən öyrədirlər. Əvvəllər şallaq vururdularsa, indi "skoç"la ağzımızı bağlayırlar. Rüstəmova qeyd edib ki, bəzən dərs prosesində şagirdlərinə biliyi və intizamı əyləncəli oyunlar vasitəsilə öyrətməyə çalışır. Kim buna inanar? Müəllimənin ağlına daha yaxşı ideya gəlmədi? Eyni vaxtda Tovuz rayonu Aşağı Quşçu kəndi 1 nömrəli tam orta ümumtəhsil məktəbində sobadan yaranmış tüstü 71 nəfərin zəhərlənməsinə səbəb oldu. XXI əsr, 2025-cu ilə yaxınlaşırıq, məktəblərdə soba istifadə olunur, 71 nəfər tüstüdən zəhərlənir. Bu da nazirin uğurlu təhsil islahatlarının ibrətamiz "nümunəsi"...