İranın Ali dini lideri Ayətullah Əli Xamenei Suriya xalqına müraciət edərək gəncləri yeni hökumətə qarşı mübarizəyə çağırıb. Məlumata görə, bu müraciətdən sonra əsasən ələvilərin yaşadığı Tartus bölgəsində “Heyət Təhrir əş-Şam”ın qüvvələri pusquya salınıb və qruplaşmanın 14 üzvü öldürülüb.
İranın xarici işlər naziri Abbas Araqçı da Suriyada bundan sonra böyük hadisələrin olacağını bildirib.
İranın Suriyaya yenidən xaos gətirmək istəyi reallaşa bilərmi? Tehranın Dəməşqdəki yeni hökumət rejiminə nə dərəcədə müdaxilə imkanları qalıb?
Globalinfo.az-a danışan siyasi şərhçi Turab Rzayev deyib ki, İran Suriyanın yenidən qurulmasında konstruktiv rol oynamaq istəmir:
“Bundan öncə Suriyanın 4-5 hissəyə parçalanması gözlənilirdi. Şimal-şərqdə kürd, cənubdə Dürzi, qərbdə isə Ələvi dövlətinin yaradılacağına dair fikirlər səsləndirilirdi. İsrail hətta bu prosesin bir parçası kimi Suriyanın cənubunda bir sıra ərazilərə nəzarəti ələ keçirdi. Daha sonra Təl-Əviv əhaliyə yardım ediləcəyini açıqladı.
ABŞ və İsrail Suriyanın şimal-şərqində kürd dövlətinin yaranması üçün əlindən gələni edir. Hətta bu istiqamətdə Rusiya və İran da maraqlı kimi görünür. Cənubda isə ələvilərə çoxdan silah paylanmışdı. Tehran onları üsyana çağıraraq istifadə etmək istəyir.
İranın bu addımı uğurlu olmayacaq. Çünki Suriyada nüfuzunu itirə, hətta yeni rejimlə münasibətləri poza bilər. Ələvilərin isə silahlı müqaviməti nəticə verməyəcək, sayları çox deyil.