Gürcüstanı qarışdırırlar... regiona təsiri... - deputat ŞƏRH EDİR...
"Qonşu Gürcüstanda baş verən hadisələr kifayət qədər narahat edicidir. Ölkənin 100-ə yaxın diplomatı, eyni zamanda xarici ölkələrdəki səfirləri müxalifətə dəstəklərini ifadə ediblər. Dünən səhər hökumət qüvvələri parlamentin qarşısına, Rustaveli prospektinə toplaşmış mitinqləri su atan maşınlarla, göz yaşardıcı qazlar vasitəsilə dağıtmışdılar. Xeyli sayda xəsarət alanlar, həbs olunanlar var".
Bunu Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib.
Deputat qeyd edib ki, Gürcüstan hökumətinin, "Avropa İttifaqı ilə 2028-ci ilə qədər danışıqlar aparılmayacaq" bəyanatından sonra, Qərbyönümlü müxalif qüvvələr meydanlara axışdı:
"Əslində bu bəyanat bir bəhanə idi. Müxtəlif informasiya mənbələrindən daxil olan məlumatlara görə, Avropa İttifaqı dekabr aylnın 16-da Gürcüstanda, Ukraynada olduğu kimi, konkret dövlət çevrilişi planlaması barədə şaiyələr gəzirdi. Gürcüstan siyasi hakimiyyəti sadəcə, qabaqlayıcı tədbir görür. Bu barədə baş nazir Kobaxidze şəxsən bəyanatla çıxış edir və "Maydan"-nın baş tutmasına imkan verməyəcəklərini bildirir.
Yaranmış vəziyyətdə, Qərbin əlinin olması məsələsinə gəldikdə isə, burada gizli bir şey yoxdur. Müxalifət qüvvələri arasında koordinasiyanı təmin edən, onları istiqamətləndirən, siyasi və informasiya dəstəyi verən şəxs, bilavasitə Avropa İttifaqının Gürcüstan ofisinin rəhbəridir. Gürcüstan baş naziri, Qərbli diplomatları, ölkənin daxili işlərinə qarışmaqda ittiham etdi və diplomatik tədbirlər görüləcəyini bildirdi. Çünki, 2008-ci ilin Gürcüstan, 2014-cü ilin Ukrayna hadisələri yaxın tarixdir, göz önündədir. Qərbin dişsiz siyasəti, riyakarlığı nəticəsində hər iki dövlət ərazisinin bir hissəsini itirdi".
Deputat vurğulayıb ki, artıq 3-cü ildir ki, Rusiya-Ukrayna müharibəsi davam edir. Kollektiv Qərbin Ukraynaya verdiyi ölçülü-biçili dəstək, lazımi effekti vermir:
"Müharibənin sonu görünmür və Ukrayna ərazilərini itirir. Cənubi Qafqaz uğrunda Qərblə Rusiya arasında geosiyasi rəqabət gedir. Qərb Rusiyanı bölgədən tamamilə vurub çıxarmaq istəyir. Təbii ki, baş verənlər gürcüləri düşünməyə vadar edir. Kəskin etiraz doğuran digər məsələ, Avropalıların təbliğ və təzyiq etdiyi LGBT məsələsidir. Gürcüstan cəmiyyəti xristian dəyərləri ilə yaşayan toplumdur. Qafqazlıdırlar. LGBT kimi, üzdəniraq ideologiyaları qəbul etmək istəmirlər.
Gürcüstanda ictimai-siyasi sabitliyin pozulması, bizim üçün də arzuolunan hal deyil və bölgənin gələcəyinə ciddi təsir edə bilər. Biz, düzgün nəticə çıxarmalı və hər bir varianta hazır olmalıyıq".